Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirib ki, Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində institusional inteqrasiyanı gücləndirir, münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Çolpon-Atada imzalanan Müttəfiqlik Müqaviləsi qarşılıqlı etimada, suverenliyə hörmətə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığa əsaslanan yeni siyasi platforma formalaşdırır. Dövlətlərarası Şuranın III iclasının keçirilməsi isə göstərir ki, münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret icra mexanizmləri vasitəsilə davamlı inkişaf modelinə çevrilir.
Səfərin ən mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar oldu. Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər investisiya, energetika, nəqliyyat, logistika, statistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik kimi mühüm sahələri əhatə edir. Xüsusilə Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi barədə İkinci Əlavə Saziş iki ölkə arasında birgə investisiya layihələrinin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və istehsal sahələrində iri layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Cari il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
2026-cı ilin birinci rübünə dair iqtisadi göstəricilər də əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu nümayiş etdirir. Türk dövlətlərinin ümumi ÜDM-i 673,6 milyard ABŞ dollarına, əhalisi 178,8 milyon nəfərə, ümumi ticarət dövriyyəsi isə 326 milyard ABŞ dollarına çatıb. Qırğızıstan iqtisadiyyatı 10,1 faiz, sənaye istehsalı 14 faiz, əsas kapitala investisiyalar 25,5 faiz, bank sektorunun aktivləri isə 23 faiz artıb. Bu göstəricilər Qırğızıstanın regionun ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevrildiyini göstərir. Azərbaycan isə nəqliyyat-logistika infrastrukturu, enerji layihələri və investisiya mühitinin inkişafı sahəsində topladığı təcrübə ilə Qırğızıstan üçün mühüm tərəfdaş rolunu oynayır. Bu baxımdan iki ölkənin iqtisadi modelləri bir-birini tamamlayır.
İlyas Hüseynov əlavə edib ki, imzalanan sənədlər arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi diqqət çəkir. Bu sənədlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların daha da genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Xəzər dənizinin qərb sahilində, Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit mövqeyə malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən həyata keçirilən multimodal daşımalar Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanlarını daha da artırır. Eyni zamanda yükdaşımalar, logistika və rəqəmsal nəqliyyat həlləri üzrə imzalanan memorandumlar Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.
Səfər zamanı energetika sahəsində əməkdaşlığa dair memorandum və 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi neft məhsullarının tədarükü, enerji təhlükəsizliyi və gələcək yaşıl enerji layihələri üçün hüquqi baza yaradır. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və statistika sahəsində imzalanmış memorandumlar iqtisadi münasibətlərin rəqəmsal transformasiyasına xidmət edən mühüm addımlar hesab olunur.
Səfər çərçivəsində Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin humanitar ölçüsünü daha da gücləndirir. Bu təşəbbüs turizm, təhsil, mədəniyyət, gənclər siyasəti və yerli idarəetmə sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Xüsusilə Şuşa və Çolpon-Ata arasında əməkdaşlıq Türk dünyasının iki mühüm mədəniyyət mərkəzinin əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
TDAM rəhbəri vurğulayıb ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiya proseslərinin mühüm elementinə çevrilir. İmzalanmış Müttəfiqlik Müqaviləsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya fondunun inkişafı, nəqliyyat və enerji sahəsində yeni layihələr, şəhərlərin qardaşlaşması və institusional əməkdaşlığın dərinləşdirilməsi göstərir ki, Bakı və Bişkek qarşıdakı illərdə Türk dünyasında iqtisadi inteqrasiyanın əsas lokomotivlərindən biri olmağa hazırdır.
Bu dövlət səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya axınının artırılması və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşması istiqamətində mühüm strateji töhfə verir. Azərbaycan–Qırğızıstan müttəfiqliyi bununla da Türk dünyasında siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından birinə çevrilir.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar