Azərbaycan Avropanın “Qlobal Qapılar” təşəbbüsündə yalnız iştirakçı deyil, eyni zamanda strateji tərəfdaş kimi çıxış edir
Azərbaycan Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayan əlverişli coğrafi mövqeyə malikdir. Uzun illər öncədən həyata keçirilən nəqliyyat-infrastruktur quruculuğu ölkəmizin strateji imkanlarını daha da genişləndirib. Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycan bu gün Avropanın “Qlobal Qapılar” (Global Gateway) layihəsində də əhəmiyyətli rol almaqdadır.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, “Qlobal Qapılar” layihəsi Avropa İttifaqının dünya miqyasında davamlı, təhlükəsiz və etibarlı infrastruktur əlaqələrinin qurulmasını hədəfləyən strateji təşəbbüsüdür. 2021-ci ildə Avropa Komissiyası və Avropa İttifaqının Ali Nümayəndəsi rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz əlaqələri gücləndirməyə, eyni zamanda bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərini möhkəmləndirməyə yönəlmiş yeni Avropa strategiyasını - “Qlobal Qapılar” təşəbbüsünü irəli sürüb. Həmin ildən etibarən Avropa komandası (Team Europe) tərəfdaş ölkələrin ehtiyaclarına cavab verən, yerli icmalar üçün uzunmüddətli faydalar təmin edən dayanıqlı və yüksək keyfiyyətli layihələri dəstəkləmək məqsədilə 306 milyard avrodan çox investisiya səfərbər edib.
Azərbaycan Respublikası da öz əlverişli coğrafi mövqeyi, siyasi sabitliyi və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ilə layihənin əsas tərəfdaşlarından biri kimi çıxış edir.
Dövlət başçısının Davos İqtisadi Forumunda səsləndirdiyi “Təəssüflər olsun ki, nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük....Sərmayədar olmağa maraq göstərən Avropa şirkəti yoxdur....Səmimi desək, biz Avropa şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq görmürük. Halbuki, Avropa bizim təbii qazımız üçün əsas istiqamətdir” fikirləri Avropanın ölkəmizə investisiya qoyuluşunda o qədər də fəal olmadığını ifadə edir.
Bununla belə, Azərbaycan Prezidentinin sözləri ilə desək “Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir”.
Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir.
Enerji sahəsində əməkdaşlıq da “Qlobal Qapılar” təşəbbüsünün əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın Avropanın yaşıl enerji gündəliyinə verdiyi töhfəni daha da artırır.
Azərbaycanın “Qlobal Qapılar” çərçivəsindəki rolunu şərtləndirən vacib amillərdən biri də rəqəmsal bağlantıların gücləndirilməsidir. Rəqəmsal infrastrukturun inkişafı, fiber-optik kabel layihələri və regionlararası məlumat axınının təmin olunması Avropa ilə Asiya arasında rəqəmsal körpünün formalaşmasına imkan yaradır. Bütün bunların nəticəsində isə Azərbaycanın “Qlobal Qapılar” çərçivəsində Avropa İttifaqının Mərkəzi Asiya ilə quru və dəniz əlaqələrini möhkəmləndirərək ticarət həcmini artırmaq və regional əməkdaşlığı gücləndirmək imkanları artacaq.
Aqil Əsədov qeyd edib ki, Azərbaycan “Qlobal Qapılar” layihəsinin əsas prinsipləri olan davamlılıq, şəffaflıq və uzunmüddətli inkişaf məqsədlərinə sadiq bir ölkədir. Layihə çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına və regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycan isə Avropanın “Qlobal Qapılar” təşəbbüsündə yalnız iştirakçı deyil, eyni zamanda strateji tərəfdaş kimi çıxış edir. Bu tərəfdaşlıq Avropa ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regional inteqrasiyanın dərinləşməsinə və qlobal miqyasda qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına stimul verəcək.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir