AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti
Asiyada iqtisadi güc mərkəzlərinin dəyişdiyi, nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətinin artdığı və rəqəmsal transformasiyanın iqtisadi münasibətləri yenidən formalaşdırdığı bir dövrdə çoxtərəfli əməkdaşlıq platformalarının rolu daha da artır. Bu baxımdan, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın diplomatik mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, Asiyada iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional bağlantıların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov bildirib ki, hazırda 28 dövləti birləşdirən və Asiyanın təxminən 90 faizini əhatə edən AQEM geniş coğrafi və iqtisadi potensiala malik dialoq platformasıdır. Çin, Hindistan, Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin təmsil olunduğu bu format ticarət, investisiya, nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Azərbaycan 17 dekabr 2024-cü ildə AQEM-ə 2024–2026-cı illər üzrə sədrlik etməyə başlayıb. “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” prioritetinə əsaslanan sədrliyin əsas məqsədi siyasi dialoqun konkret əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır.
Sədrliyin fərqləndirici xüsusiyyətlərindən biri AQEM-in institusional imkanlarının genişləndirilməsidir. 2025-ci ildə Qadınlar Şurasının və Maliyyə Sammiti mexanizminin yaradılması ilə bağlı qərarlar qəbul edilib, aparıcı universitetlərin tərəfdaşlıq şəbəkəsinin fəaliyyəti təşviq olunub. Eyni zamanda, biznes forumları və nəqliyyat-logistika sahəsində tədbirlər iqtisadi əməkdaşlığın praktiki məzmununun gücləndirilməsinə xidmət edib.
TDAM rəhbəri qeyd edib ki, AQEM çərçivəsində etimad quruculuğu iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimad investisiya mühitinin proqnozlaşdırıla bilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, transsərhəd daşımaların fasiləsizliyi və uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsi üçün vacib şərtdir. Buna görə də Azərbaycanın sədrliyi dövründə siyasi dialoqun ticarət, investisiya və infrastruktur sahələrində ölçülə bilən nəticələrə çevrilməsi əsas prioritetlərdən biri olmuşdur.
Azərbaycanın AQEM çərçivəsində mövqeyi, ilk növbədə, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və inkişaf edən nəqliyyat-logistika infrastrukturu ilə müəyyən olunur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və avtomobil yolları şəbəkəsi ölkənin regional tranzit imkanlarını genişləndirir. Bununla belə, iqtisadi səmərənin artırılması yalnız yükdaşımaların həcminin yüksəldilməsi ilə məhdudlaşmamalıdır. Anbar təsərrüfatı, yük konsolidasiyası, gömrük xidmətləri, rəqəmsal izləmə və logistika maliyyələşdirilməsi kimi sahələrin inkişafı tranzitdən əldə olunan əlavə dəyəri artıra bilər.
Azərbaycanın xarici iqtisadi əlaqələri də bu əməkdaşlıq üçün əhəmiyyətli baza yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48,91 milyard ABŞ dolları təşkil edib. Bunun 24,53 milyard dolları ixracın, 24,38 milyard dolları isə idxalın payına düşüb. Xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,2 faiz artıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 3,63 milyard dollara çataraq 8,1 faiz yüksəlib.
İlyas Hüseynov bildirib ki, bu göstəricilər AQEM üzvləri ilə iqtisadi əlaqələrin genişləndirilməsinin Azərbaycan üçün əhəmiyyətini göstərir. Yeni bazarlara çıxış, qeyri-neft ixracının artırılması, investisiyaların cəlb edilməsi və sənaye kooperasiyasının inkişafı iqtisadi şaxələndirməyə töhfə verə bilər. Xüsusilə yüksək əlavə dəyər yaradan məhsulların və rəqəmsal xidmətlərin ixracı uzunmüddətli iqtisadi dayanıqlılıq baxımından vacibdir.
AQEM-in iqtisadi gündəliyində rəqəmsallaşma və yaşıl inkişaf xüsusi yer tutur. Elektron gömrük sənədlərinin qarşılıqlı tanınması, məlumat mübadiləsinin təkmilləşdirilməsi və logistika sistemlərinin rəqəmsallaşdırılması daşınma müddətini və əməliyyat xərclərini azalda bilər. Süni intellekt və məlumat analitikası isə limanların, dəmir yollarının və logistika mərkəzlərinin fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradır.
Digər mühüm istiqamət bərpaolunan enerji, enerji səmərəliliyi, yaşıl maliyyələşdirmə və iqlimə davamlı infrastruktur sahələrində əməkdaşlıqdır. Azərbaycanın enerji bağlantıları sahəsindəki mövqeyi və COP29 çərçivəsində qazandığı təcrübə bu istiqamətdə regional təşəbbüslər üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, layihələrin uğuru maliyyələşdirmə mexanizmlərinin, texnoloji imkanların və normativ çərçivələrin uyğunlaşdırılmasından asılı olacaq.
2025-ci ilin mayında Bakıda AQEM Biznes Şurasının 8-ci plenar iclası və 10-cu Biznes Forumu keçirilib. Tədbirlərdə sənaye əməkdaşlığı, kiçik və orta sahibkarlığın qlobal dəyər zəncirlərində iştirakı, elektron ticarət, rəqəmsal transformasiya və yaşıl keçid məsələləri müzakirə olunub. Bu təşəbbüslərin davam etdirilməsi dövlətlərarası əməkdaşlığın biznes subyektləri və maliyyə institutları arasında birbaşa əlaqələrlə tamamlanmasına kömək edə bilər.
TDAM rəhbərinin sözlərinə görə, AQEM-in VII Zirvə Toplantısı Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyinin prioritetlərini qiymətləndirmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm mərhələdir. Növbəti mərhələdə əsas diqqət siyasi razılaşmaların konkret fəaliyyət mexanizmləri ilə təmin edilməsinə yönəldilməlidir.
Bu məqsədlə üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, sərhəd-keçid və liman əməliyyatlarının sürətləndirilməsi, rəqəmsal sənədlərin qarşılıqlı tanınması, birgə investisiya layihələrinin təşviqi və yaşıl iqtisadiyyat təşəbbüslərinin maliyyələşdirilməsi üzrə ölçülə bilən hədəflərin müəyyənləşdirilməsi məqsədəuyğundur. Hədəflərin icra müddətləri və məsul qurumlarla əlaqələndirilməsi AQEM-in iqtisadi gündəliyinin nəticəyönümlülüyünü gücləndirə bilər.
Azərbaycan üçün AQEM çərçivəsində əməkdaşlıq həm regional tranzit imkanlarının genişləndirilməsi, həm də qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizin sədrliyi Asiyada qarşılıqlı etimadın möhkəmləndirilməsini iqtisadi bağlantıların inkişafı, investisiya əməkdaşlığı və dayanıqlı artım məqsədləri ilə əlaqələndirmək imkanı yaradır.
Nəticə etibarilə, Bakıda keçirilən VII Zirvə Toplantısının əsas strateji əhəmiyyəti AQEM-in geniş coğrafi potensialını praktiki iqtisadi əməkdaşlığa çevirməkdir. Azərbaycanın sədrliyi dövründə formalaşan institusional təşəbbüslərin davam etdirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, ticarət və investisiya layihələrinin təşviqi AQEM-in regional iqtisadi əməkdaşlıqda rolunu artıra bilər. Bu yanaşma Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin möhkəmləndirilməsinə və Asiyada dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsinə xidmət edəcəkdir.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib