5-ci Antalya Diplomatiya Forumu: Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək

5-ci Antalya Diplomatiya Forumu: Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək

Prezident İlham Əliyevin iştirakı ilə Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF2026) keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusuna həsr olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirib ki, forumun mövzusu daha yaxşı bir gələcək qurmaq üçün problemlərin qabaqcadan görülməsinin və effektiv həll edilməsinin vacibliyini vurğulayır. Mövcud qlobal mühit geosiyasi gərginliklər, dəyişən güc balansı, çoxalan ticarət maneələri və çoxtərəfliliyə qarşı təzyiq fonunda artan qeyri-müəyyənliklə xarakterizə olunur. Bu baxımdan, ADF2026-da müzakirəyə çıxarılan mövzular riskləri və imkanları müəyyən etməyi, strategiyalar hazırlamağı və toplanmış bilikləri konkret hərəkətlərə çevirməklə iqtisadi inkişafın vacibliyini vurğulayır.

İlyas Hüseynov qeyd edib ki, həll olunmamış münaqişələrin davam etməsi, dərinləşən qütbləşmə və geniş yayılmış strateji rəqabət bir çox vacib məsələlərin dünya miqyasında insanlara təsir etdiyini göstərir. Buna görə də beynəlxalq əməkdaşlığın, dialoqun və həmrəyliyin gücləndirilməsi üçün bu çətinliklərin öhdəsindən gəlmək və daha inklüziv, ədalətli və effektiv beynəlxalq sistemə doğru irəliləmək çox vacibdir.

ADF2026-ya 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksək səviyyəli şəxs iştirak edir. Forum bir daha dialoqun təşviqi, etimadı bərpa etmək və daha güclü əməkdaşlığın qurulması üçün mühüm platforma rolunu oynadığını praktiki formada göstərir. Eyni zamanda gələcək nəsillər üçün daha dinc, sabit və dayanıqlı bir dünya qurmaq üçün yol xəritəsinin formalaşdırılmasına töhfə verir. Önəmli məqam bundan ibarətdir ki, ADF2026-da sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaf meyilləri geniş spektrdə müzakirə olunur. Bununla yanaşı, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının forum müzakirələrinin mərkəzində olur.

Üç gün davam edən forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunacaq. Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirə olunacaq mövzular arasında yer alır. TDAM rəhbəri əlavə edib ki, Cənubi Qafqaz artıq münaqişə məkanı deyil, sülh və əməkdaşlıq mərhələsinə daxil olub. Azərbaycan artıq regional və qlobal miqyasda sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın davamlı olmasında maraqlıdır. Bu məqsədlərə nail olmaq üçün bütün platformalarda uğurla iştirak edir.