Vüsal Qasımlı: İqtisadi artımın sürətləndirilməsi imkanları genişdir

Vüsal Qasımlı: İqtisadi artımın sürətləndirilməsi imkanları genişdir

Beynəlxalq Valyuta Fondunun “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qeyd edək ki, qurumun daha öncə oktyabrda açıqladığı hesabata görə, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi təqribən 2 faiz proqnozlaşdırılırdı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycanın iqtisadi artım potensialı barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlər əsasında hazırlanan iqtisadi inkişaf strategiyası Azərbaycanda iqtisadi artım üçün hansı perspektivləri vəd edir?

- Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda dövlət quruculuğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni mərhələyə qədəm qoyub. İndi Azərbaycanın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, bu istiqamətdə yeni normativin yaradılması qarşıda duran əsas vəzifədir.

Aya adam göndərmək mürəkkəb məsələdir, amma bəlli bir “resepti” var. İqtisadi artımın isə hər bir ölkə üçün fərqli “resepti” işlənilməlidir. Buna görə də, Amerikan professoru Matt Andryus qeyd edir ki, iqtisadi artım kompleks problemdir və onun həlli “problemin hərəkət etdirdiyi və təkrarlara əsaslanan uyğunlaşma” (PDIA – problem-driven iterative adaptation) yanaşması ilə mümkündür. Yəni iqtisadi artım üçün əvvəlcə problemin dəqiq diaqnozu qoyulmalıdır, daha sonra problemin həlli üçün adaptiv strategiya işlənilməlidir. Koronavirus böhranı yeni iqtisadi artım modelinə keçid üçün yaxşı imkanlar yaradıb. Menecment üzrə alim Con Kotter qeyd edir ki, böhranlar dərin təşkilati dəyişikliklərə səbəb olur. Digər alim Kim Kameron da bildirir ki, institusional dəyişiklikləri əsaslandıran uğurlardan deyil, böhranlardan əldə edilən nəticədir. Buna görə də, böhrana imkan kimi baxmaq lazımdır. Belə bir deyim var ki, böyük hökumətlərin ortaya çıxması üçün bir böhrana ehtiyac var, lakin bütün böhranlar böyük hökumətlər yaratmır.

Milli prioritetlər sənədi əsasında iqtisadi artım probleminin dekonstruksiyası, yəni detallarına qədər xırdalanması vacibdir. Yaponların “beş niyə sualı” və ya “balıq skeleti” metodları ilə problemin daxilinə nüfuz etmək mümkündür. Məhz bu yolla problemlərin kök səbəblərini tapıb müalicə etməklə “Toyota” öz istehsalını demək olar ki, qüsursuz səviyyəyə çatdıra bilib. 2010-cu illərdə Harvard Universitetinin dəstəyi ilə Albaniya hökuməti məhz bu metodologiyanı tətbiq etməklə yaratdığı strategiya əsasında ölkədə geyim sənayesinin inkişafını təmin edib. Bu zaman Prezidentin Fərmanında göstərildiyi kimi, iqtisadi strategiyanın hazırlanmasına bütün maraqlı tərəflərin cəlb edilməsi ilə inklüzivlik təmin olunacaq. Strateji Yol xəritələrinin yaratdığı institusional yaddaşa əsaslanaraq deyə bilərəm ki, iqtisadi artımın problemlərini müəyyənləşdirəndən sonra haradan başlamaq sualına cavab vermək üçün “3 A” (Authority, Acceptance, Ability) yanaşması tətbiq edilə bilər. Birincisi, iqtisadi artımın təmin edilməsi üçün səlahiyyətin (authority) olması vacibdir, daha sonra bütün maraqlı tərəflərin problemi başa düşərək icra etməsi (acceptance), bir növ sahiblik hissinin formalaşdırılması, üçüncüsü isə imkanların (ability) olması şərtdir.

Bu işçi qrupları “müzakirə şura”ları (deliberation council) rolunu oynayaraq dövlət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə dəyər zənciri üzrə problemləri xırdalığına qədər aça bilər. Asiyadakı “iqtisadi möcüzə” göstərən ölkələrin təcrübəsi “müzakirə şura”larının effektivliyini sübut edib. 200-ə qədər “müzakirə şura”sı olan Yaponiyada hətta sumo güləşinin problemlərini həll edən şura da fəaliyyət göstərir.

Steykholder kapitalizminin ruhuna uyğun olaraq bütün maraqlı tərəflərin cəlb olunduğu işçi qrupların iqtisadi problemlərə dəqiq diaqnoz qoymaq imkanları var.

- Strateji planlaşdırma və çevik idarəetmə arasında balans necə qurulacaq?

- Britaniyanın Baş naziri olmuş Uinston Çörçil deyirdi ki, plan böyük əhəmiyyət kəsb etməsə də, amma planlaşdırma vacibdir. Beləliklə, Koreya Respublikasının “iqtisadi möcüzəsini” planlar deyil, planlaşdırma prosesi özü izah edə bilər. Çünki planlaşdırma prosesi bütün steykholderləri əhatə edir, müzakirələr aparılır, ideyalar yaranır, vəziyyət öyrənilir, daha düzgün qərarlar alınır. Milli prioritetlər əsasında 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi və alt işçi qrupların yaradılması, habelə akademik, biznes və konsaltinq nümayəndələrinin, habelə beynəlxalq tərəfdaşların cəlbi məhz sistemli planlaşdırma baxımından əhəmiyyətlidir. Koreyada iqtisadi artımın lideri Park Çanq Hi və Sinqapur möcüzəsinin atası Li Kuan Yu məhz bu tip strateji planlaşdırmanı həyata keçiriblər.

Bununla yanaşı, inkişafa adaptiv və çevik yanaşma da lazımdır. Biz strateji planlaşdırma və çevik idarəetmə arasında balans qurmalıyıq.

- Azərbaycanda iqtisadi artımın əsaslarını necə izah edə bilərsiniz?

- İqtisadi artımın sürətləndirilməsi qarşıya qoyulan əsas vəzifədir. İqtisadi artımı coğrafi determinizmə və ənənədən asılılığa (path dependance) bağlayanlar bu suala cavab verə bilmirlər ki, necə olur, Sinqapur və Malayziya eyni hövzədə yerləşdikləri halda fərqli artım templəri ortaya qoyub. “Millətlər niyə çökür?” əsərində Əcəmoğlu və Robinson iqtisadi artım üçün institutların effektivliyini əsas gətirirlər. Məsələn, Şimali və Cənubi Koreya, eləcə də Şərqi və Qərbi Almaniyanın təcrübəsi göstərir ki, hətta eyni coğrafiyada eyni millətlər müxtəlif institutların təsiri altında fərqli inkişaf səviyyələrinə malik olurlar. Təsadüfi deyil ki, istər strateji yol xəritələrində, istərsə də yeni milli prioritetlərdə intitusional islahatlara geniş yer ayrılıb. Amma eyni bir hüquqi rejim, valyuta, makroiqtisadi şəraiti olan bir ölkənin içərisində hər nəfərə düşən gəlirin fərqlənməsi, misal üçün Türkiyədə İstanbul, İzmir, Ankara və Qarsda gəlir səviyyələrinin müxtəlifliyi məsələnin institutların effektivliyi ilə tam izah edilməsini çətinləşdirir. Harvard professoru Rikardo Hausman bu məsələnin izahını başqa bucaqdan verir. Hausmana görə iqtisadi artımda əsas məsələ kollektiv bilik və bacarıqlardır (personbayt). Çünki texnologiya hamı üçün əlçatandır, əsas bu texnologiyalardan istifadə etməyi bacaran insanların olmasıdır. Beləliklə, personbaytı çox olan dövlətlər daha mürəkkəb - kompleks məhsullar istehsal edirlər. Harvard Universitetinin hesabladığı komplekslilik indeksi məhz bu prinsipin üzərində dayanır. Ölkə nə qədər çox kompleks məhsul istehsal etsə, bir o qədər də çox nou-haudan istifadə edəcək. Məsələn, bu gün bizim regionumuzda meyvə-tərəvəzi bütün ölkələr istehsal edə bilir, amma neft-kimya məhsulu kimi kompleks məhsulu az ölkə ərsəyə gətirir. Harvard Universitetinin təklif etdiyi metodologiya əsasında müəyyənləşdirmək olur ki, əgər ölkə iqtisadiyyatının komplekslilik səviyyəsi milli gəlir səviyyəsindən aşağıdırsa iqtisadi artım zəifləyəcək. Bizim araşdırmalar göstərir ki, bu baxımdan Azərbaycan komplekslilik indeksini milli gəlir səviyyəsinə uyğunlaşdırmaq və onu aşmaqla iqtisadi artımı sürətləndirə bilər.

Beləliklə, iqtisadi artım üçün fundamental məsələlər bunlardır: effektiv institutlar, texnologiya, mədəni kodların yenilənməsi və coğrafiyanın üstünlüyü.

- Onda sual yaranır. İqtisadi komplekslilik indeksini necə yüksəltmək olar?

- Bunun üçün daha çox kollektiv nou-hauya malik olmaq, personbaytı artırmaq və mövcud sektorların yaxınlığında olan sektorlara keçməklə iqtisadi artımı sürətləndirmək mümkündür. Çünki biz “aşağıda asılmış meyvələri” (low-hanging fruits) dərməklə aşağı risk və mənfəətlə qənaətlənmiş olarıq. Yox əgər mövcud iqtisadiyyatımıza uyğun gəlməyən və biliklərimizi üstələyən sektorlara sıçrayış etmək istəsək, qazancımızla yanaşı, risklərimizi də artıra bilərik. Bir sözlə, pomidor kimi az kompleks və təyyarə kimi çox kompleks məhsulun arasında balanslı mövqe tutmağımız məsləhətdir ki, risk və qazancı tarazlaşdıraq. İqtisadi artımın sürətlənməsi və diversifikasiya zaman alan prosesdir, buna görə də, vaxt itirmədən Prezidentin tapşırığına uyğun olaraq milli prioritetlərin əsasında yeni strategiya işlənilir.

Məhsulun kompleksliliyi artdıqca, onun istehsalını daha az ölkə həyata keçirir. Biz yalnız başqalarının daha az istehsal etdiyi və daha çox kompleks olan məhsulları istehsal etməliyik ki, ixracın diversifikasiyasına nail olaq. Professor Hausman qeyd edir ki, 1960-cı illərdə Tayland və Qana eyni inkişaf səviyyəsində olsa da, indiki fərqləri altı dəfəyə yüksəlib. Çünki Tayland mərhələlərlə əvvəlcə yüngül sənaye, daha sonra elektronika və maşınqayırma sahələrinə keçid etməyi bacardı, Qana isə yerində saydı. 1971-ci ildə müstəqillik qazandıqdan sonra xarici yardımlardan asılı vəziyyətdə olan və Kissincerin “dibsiz səbət” adlandırdığı Banqladeş bu gün Çindən sonra ikinci ən böyük geyim ixracatçısına çevrilməyi bacarıb.

Sadəcə bir həqiqəti qəbul etməliyik ki, Azərbaycan iqtisadiyyatında dominant olan karbohidrogen sektorunun başqa sahələrlə əlaqəsi zəifdir və buradakı nou-haunu başqa sahələrdə tətbiq etmək imkanı məhduddur. Məsələn, biz ən müasir neft texnologiyalarını və bilikləri plastik sənayesində istifadə edə bilmərik. Dubayın təcrübəsi göstərir ki, biz modern infrastruktur, ixtisaslı əmək qüvvəsi və əlverişli biznes mühiti təklif etməklə “əvvəlcədən potensial tələbi” (in advance of demand) yarada və sərmayə cəlb edə bilərik. Vaxtilə iqtisadiyyatının yarısını neft təşkil edən Dubayda “qara qızıl”ın payı hazırda 1 faizə enib. Azərbaycanın “Qlobal Rəqabətlilik hesabatı”nda infrastruktura və “Doing Business” hesabatında isə əlverişli biznes mühitinə görə dünya üzrə ilk 30-luqda qərarlaşması bu baxımdan xüsusi qeyd olunmalıdır.

Varlı ölkələrin təcrübəsi göstərir ki, iqtisadi artım zamanı daha çox diversifikasiyaya üstünlük vermək lazımdır. Burada bir incə məqam var. İnsanlar nə qədər dar ixtisaslaşmaya getsələr, iqtisadiyyatlar da bir o qədər diversifikasiya olacaq. Beləliklə, mikro səviyyədə ixtisaslaşma makro səviyyədə diversifikasiyaya və deməli, iqtisadi artıma gətirir.

- Yenə də gəlirik bilik iqtisadiyyatının üzərinə...

- Bir məsələ də var ki, biz xammalı son məhsula çevirməklə paralel, həm də biliklərimizin üzərinə daha çox bilik gətirməliyik. Məsələn, meşə ilə zəngin olan Finlandiya nə oduncaq, nə də ki, mebeldən deyil, daha çox kompleks məhsullardan gəlir götürür. Finlər əvvəlcə klassik iqtisadçıların dediyi kimi oduncaq, sonralar ənənəvi iqtisadçıların məntiqinə əsasən ağac materialları və mebel istehsal etdikləri halda, nəhayətdə ağac kəsən maşınların üzərində işləyərək maşınqayırma sənayesinə keçdilər. Harvard Universitetinin Artım Laboratoriyasının hazırladığı nəzəriyyəyə əsasən Finlandiya bacarıqlarının üzərinə bacarıq gətirdi, daha sonra da “Nokia” telefonunun istehsalına başladı. Göründüyü kimi, Finlandiya yalnız öz xammalının üzərinə gətirdiyi dəyərlə kifayətlənmədi, həm də yeni sahələrdə iqtisadiyyatını şaxələndirməklə, personbaytlarını artırmaqla inkişaf etmiş ölkəyə çevrildi. Bu, iqtisadi artımın incə fəlsəfəsidir. Böyük filosofumuz Nizami buna görə deyirdi ki, “qüvvət elmdədir!” Bizim əsas sərvətimiz, dövlətimizin başçısının qeyd etdiyi kimi insan kapitalıdır. Təhsil səviyyəsi yüksək olan Almaniyanın təcrübəsi göstərir ki, iqtisadiyyatı şaxələndirən pioner şirkətlər bəzən beyini kənardan gətirirlər. Elə “Silikon vadisi” də bu baxımdan fərqlənmir. Bütün dünya “beyin ovu”ndadır, çünki iqtisadi artımı personbaytlar – bilikli və səriştəli insanlar təmin edir. Məsələn, ABŞ universitetlərində xaricdə doğulan professorlar üstünlük təşkil edir. Bu baxımdan, biz miqrasiya siyasətini elə tənzimləməliyik ki, beyin axınına yol vermədən, əksinə beyin cəlb edə bilək ki, iqtisadi artımı dəstəkləyək, üstəlik modern təhsil və təlimlə bacarıq, səriştə və biliklərimizi artıraq.

“Facebook”un “WhatsApp”ı alması təcrübəsi göstərir ki, əgər imkan varsa, hazır texnologiyaları almaq daha sərfəlidir, nəinki onu yaratmaq. Bu gün 50 milyard dolları aşan strateji ehtiyatlarımız imkan verər ki, mövcud texnologiyaları personbaytı ilə birlikdə alaq. Vençur fondları bu sahədə çox iş görə bilər: bir platforma olaraq izafi maliyyəni biznes ideyaların gerçəkləşməsinə yönəldər. Bir sıra suveren fondlar bu sahədə investisiyalar qoymaqla innovativ inkişafı dəstkləyirlər.

- Bilik iqtisadiyyatında istiqamətləri necə seçməliyik?

- Azərbaycanın tətbiqi elm istiqamətində getməsi məqsədəuyğun olardı, nəinki fundamental. Məsələn, bizim IT şirkətlərinin soft həllər və soft development, habelə platforma yaratmaq sahəsində daha çox imkanı var, nəinki “Tesla”nın etdiyi kimi fundamental “R&D” həyata keçirmək. Biz hazır texnologiyaların tətbiqi sahəsində getməliyik. Bu yaxınlarda görüşdüyümüz Azərbaycanın aparıcı IT şirkətləri də hökumətlə bu istiqamətdə dialoq quraraq biznes mühiti üzrə növbəti islahatlar barədə təkliflərini təqdim ediblər. Deyə bilərəm ki, informasiya və rabitə xidmətləri Azərbaycanda böhrana qədərki müddətdə ikirəqəmli artım göstərib, keçən il isə az da olsa böyüyüb.

Dördüncü Sənaye İnqilabı Mərkəzinin afiləedilmiş qurumunu yaratmaqla Azərbaycan həm də rəqabət üstünlüyü olan bio, fiziki və rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmalıdır.

İİTKM xərclər-buraxılış və tarazlıq modellərinin əsasında sahələrarası və məhsullararası multiplikator effektlərini öyrənir. Amma iqtisadiyyatı canlandırmaq üçün bu kifayət etmir, həm də biliklərin – nou-hauların bir sahədən başqasına transferini təmin etmək lazımdır. Texnologiyanın üç komponenti var: alətin özü, davranış qaydası və personbayt, yəni səriştə və bilik. Aləti və ondan davranış qaydasını əldə etmək asandır, ən çətini biliklərin və səriştələrin yayılmasıdır, onun bir insandan başqasına keçididir. Məsələn, Barselona futbol klubunda Barselona şəhərindən olan futbolçular demək olar ki, yoxdur. Barselona klubunun sahibi futbol komandasını necə yaratmağı, yəni nou-haunu bilir. Məhsulu necə yaratmağı bilmək məhsul üçün resursdan daha vacibdir. Belə olmasaydı, məhdud və əlverişsiz şəraitə malik olan İsrail özündən ərazi cəhətdən 823 dəfə böyük olan Rusiyaya aqrar məhsullar ixrac etməzdi. Balıq deyil, tilov və ondan istifadə bacarığı daha vacibdir.

- Beləliklə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər bir-birini tamamlayır...

- Ricardo Hausmann, Dani Rodrik və Andres Velaskonun birgə yazdığı “Artım diaqnostikası” əsərində göstərilir ki, islahatlar biristiqamətli deyil, kompleks olanda, yəni ən azından, başlıca problemləri aradan qaldıranda uğurlu olur. Məsələn, ötən əsrin sonlarında El Salvador və Argentina Çilidəki islahatları təkrarlasalar da, onlarda “Çili möcüzəsi” baş vermədi. Bir ölkədə eyni vaxtda bütün fundamental şərtlərin (əlverişli biznes mühiti, sabitlik, ədalətli məhkəmə, yaxşı infrastruktur, insan kapitalı, maliyyəyə çıxış və sair) paralel mövcudluğu iqtisadi artımı təmin edə bilər, əsas şərtlərdən cəmi birinin ödənməməsi kifayətdir ki, iqtisadi artım dayansın. Cəmi bir sahədə idarəetmə və ya bazar uğursuzluğu qalarsa, islahatların müvəffəqiyyətinə təhlükə yarana bilər.

Bu baxımdan Prezidentin beş əsas milli prioriteti paralel həyata keçirməyi tapşırması əhəmiyyətlidir.

- İqtisadi artımın şərtlərini necə müəyyənləşdirmək mümkündür?

- Bu il Dünya Bankı Azərbaycanda iqtisadi artımın 2,8 faiz, gələn 3,9 faiz olacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun (IMF) “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Eyni zamanda, IMF Azərbaycanda cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləyib. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021 və 2022-ci illərdə müvafiq olaraq 3,6 və 4,4 faiz olaraq proqnozlaşdırıldığı halda, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilib.

Birincisi, iqtisadi artımın adekvatlığı müəyyənləşdirilməlidir. Məsələn, artım faizi müqayisə oluna biləcək ölkələrdəki analoji göstərici ilə tutuşdurulmalıdır və ya artımın dövlətin qarşıya qoyduğu hədəflərə uyğunluğu araşdırılmalıdır. Milli prioritetlərdə qarşıya qoyulan məqsəd iqtisadi artımın yüksək trayektoriyaya keçirilməsidir. İkincisi, tədiyyə balansının tarazlığı və fiskal dayanıqlılıq baxımından iqtisadi artımın davamlılığına baxılmalıdır. Azərbaycanda tədiyyə və fiskal balans son illərdə ümumilikdə qənaətbəxşdir, eyni zamanda, neft amilinin təsirinin azalması trendinə uyğun olaraq iqtisadi artımın dayanıqlılığının artırılması üçün yeni strategiyada fəaliyyətlər nəzərdə tutulub. Üçüncüsü, iqtisadi artımın inklüziv olması, yəni cəmiyyətin bütün təbəqələrinin iqtisadi artımdan faydalanması üçün imkanların yaradılmasıdır. Azərbaycan inkişaf etməkdə olan ölkələrin arasında iqtisadiyyatın inklüzivliyinə görə ilk üçlükdədir və 2030-cu ilə qədər Azərbaycan əhalisinin BMT hesabatına əsasən 600 min nəfər artmasını da nəzərə alaraq inklüzivliyin saxlanılması hədəflənir. Dördüncüsü, iqtisadi artım “baha başa gəlməli” deyil.

- Azərbaycanın iqtisadi artım potensialını post-pandemiya dövründə başqa ölkələrlə müqayisədə necə qiymətləndirirsiniz?

- Bizim fiskal fəza imkan verir ki, xarici və daxili borclanma həddini aşmadan, strateji obyektləri milli təhlükəsizliyin əleyhinə əldən vermədən, devalvasiya və vergi dərəcələrini artırmaqla yükü əhalinin və biznesin üzərinə qoymadan iqtisadi artımı təmin etmək üçün daha rahat olaq. Bu günlərdə IMF-nin yaydığı və müəllifləri Sonali Das and Philippe Vingende olan bloqda da göstərilirdi ki, postpandemiya dövründə iqtisadi artımı bərpa etmək üçün fiskal fəza əsas şərtlərdəndir. Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-in 1,2 mislində və xarici dövlət borcunun isə iqtisadiyyatın beşdə biri həddində olması, həmçinin dövlətin digər ehtiyatları fiskal fəzanın əlverişli miqyasını göstərir. Bundan başqa Azərbaycanda iqtisadi artım üçün ictimai-siyasi və makroiqtisadi sabitlik, yaxşı infrastruktur, dünyada 30 ən yaxşı biznes mühitlərindən biri, yüksək savadlılıq dərəcəsi və strateji investorlarla yaxşı əməkdaşlıq ənənəsi təmin olunub.

Suveyş kanalında son insident şərq-qərb daşımalarında quru nəqliyyat infrastrukturunun imkanlarını daha da artırdı. Çinin qatarla daşımaları 2020-ci ildə 50 faiz və 2016-cı illə müqayisədə 7 dəfə, hətta bu ilin ilk iki ayında Çindən Avropaya gedən qatarların sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Avrasiyada quru daşımalarının əhəmiyyəti artdığı bir halda Zəngəzur dəhlizinin aktuallaşması və Azərbaycanın indiyədək tikdiyi Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, 6 beynəlxalq aeroport, minlərlə kilometr avtomobil və dəmir yolları Prezident İlham Əliyevin nə qədər müdrikcəsinə siyasət yürütdüyünü göstərir. Nəqliyyat-logistika sahəsində rəqabət üstünlüyümüz iqtisadi artımda öz sözünü deyə bilər.

Qarabağın reinteqrasiyası da iqtisadi artımda əhəmiyyətli rol oynayacaq. İİTKM-də aparılan hesablamalar göstərir ki, Qarabağın reinteqrasiyası nəticəsində ÜDM 3 faiz, o cümlədən, kənd təsərrüfatı 10,4 faiz, mədənçıxarma sənayesi 5,3 faiz, emal sənayesi 4,3 faiz, turizm 5,5 faiz, nəqliyyat xidmətləri 4,9 faiz artacaq. Bizim hesablamalara əsasən deyə bilərəm ki, regional kommunikasiyaların açılması Azərbaycanda ÜDM-i 1,2 faiz artıra bilər. Müzəffər qələbəmiz iqtisadi artım üçün zəmin yaradıb.

F.Ruzvelt deyirdi ki, “tarixdə durduğumuz nöqtə imkan və təhlükələrlə doludur”, bu yaxınlarda bu fikri IMF-nin rəhbəri Kristalina Georgiyevna da təkrarladı. Deyə bilərəm ki, Azərbaycan daha çox imkanlara malikdir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R