Vüsal Qasımlı daşınar əmlakın yüklülüyü islahatından danışıb

Vüsal Qasımlı daşınar əmlakın yüklülüyü islahatından danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Banklar Assosiasiyası (ABA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən təşkil olunan “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfransın açılış mərasimdə iştirak edib.

  Tədbir ölkədə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının təkmilləşdirilməsi üzrə səylərin tərkib hissəsi olub.

   Çıxışı zamanı Vüsal Qasımlı bildirib ki, ölkədə, maliyyə əlçatanlığı imkanlarının artırılması, özəl kredit büroları, qeyri-neft sektorunun inkişafında Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın subyektlərinin potensialından istifadə səviyyəsinin artırılması, və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması bir çox müsbət təsirlər bağışlaya bilər. “Beynəlxalq təcrübəyə baxdıqda biz görürük ki, əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daşınar əmlakın yüklülüyü reyesteri mövcuddur. 21 ölkə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, reyestr yaradıldıqdan sonra, mikro, kiçik və orta biznesin maliyyə resurslarına əlçatanlığı artmış, kredit faizləri azalmış, və borc müddətləri uzanmışdır. Bundan əlavə, nəticələr onu göstərir ki, yeni daşınar əmlak reyesterlərinin yaradılması daha çox fəaliyyətə yeni başlayan kiçik sahibkarların biznes mühitinə müsbət təsir göstərmişdir. Belə reyesterlər kreditorlar və borcalanlar arasında informasiya asimmetriliyini kəskin şəkildə azaltmağa xidmət edəcəkdir”

   IFC Azərbaycan-Orta Asiya Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi Dünya Bankı Qrupu çərçivəsində Azərbaycan Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) daşınar əmlakın yüklülüyü sahəsində qanunun hazırlanmasında dəstək göstərib. Qanun layihəsi hökümət tərəfindən nəzərdən keçirilib və Milli Məclisə təqdim edilib.

   Tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İqtisadiyyat Nazirliyinin, İsveçrənin Azərbaycan Respublikasında Səfirliyinin və İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) Cənubi Qafqaz üzrə regional ofisinin nümayəndələri iştirak edib. Onlar qanun layihəsinin əsas prinsipləri və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması üzrə qarşıda duran addımlar barədə fikir mübadiləsi apariblar.

  Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmənin tətbiqi sahəsində mövcud vəziyyət barədə IFC tərəfindən keçirilmiş sorğunun nəticələri təqdim olunub. Sorğunun məqsədi MBNP tərəfindən istiqamətlənən daşınar əmlakın yüklülüyü islahatının qiymətləndirilməsi üçün ilkin rəqəmlərin müəyyən edilməsi olub.