Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir

Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir

Qlobal İnnovasiya İndeksinin (Qİİ) 2024-cü il buraxılışında sosial sahibkarlığa xüsusi əhəmiyyət verilib. Hətta sahibkarlığın bu növü cəmiyyətin üzləşdiyi əsas problemlərə innovativ həll yolları təqdim edən, bazarəsaslı mexanizmlər vasitəsilə davamlılığı stimullaşdıran model kimi ön plana çıxarılıb. Hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, getdikcə daha çox sahibkar həm güclü sosial təsir yaratmaq, həm də iqtisadi cəhətdən dayanıqlı olmaq məqsədilə yeni təşəbbüslərə imza atır. Bu yanaşma ənənəvi kommersiya müəssisələrinin uğursuz olduğu sahələrdə yeni və effektiv həllər təqdim etməyə imkan verir.

Düzgün həyata keçiriləndə sosial sahibkarlıq cəmiyyətlər və ölkələr arasında ortaq dəyər yaradaraq sosial inkişafı maliyyə dayanıqlığı ilə uzlaşdıran çoxşaxəli fəaliyyət formalaşdırır. Hesabata görə, sosial sahibkarlıq getdikcə daha çox əhəmiyyət qazansa da, innovasiya tədqiqatlarının ənənəvi çərçivələrində hələ də kifayət qədər araşdırılmamış bir sahə olaraq qalır. Digər tərəfdən, 2024 Qİİ hesabatında sosial sahibkarlıq və innovasiya arasındakı əlaqələrin perspektivi daha aydın ifadə olunur, bu sahədə elmi yanaşmanın gücləndirilməsinə çağırış edilir. Sosial sahibkarlığın sosial-iqtisadi təsirlərinin dərin və hərtərəfli araşdırılması maraqlı tərəflərin daha məlumatlı və strateji qərarlar qəbul etməsinə, eləcə də uzunmüddətli və məqsədyönlü təşəbbüsləri reallaşdırmasına şərait yaradır. Bu yanaşma qısamüddətli və epizodik tədbirlərdən fərqli olaraq, sistemli və davamlı dəyişikliklərin əsasını qoyur. Bu baxımdan Qİİ təkcə innovasiya ekosisteminin dəyərləndirilməsinə xidmət etmir, həm də dövlət və özəl sektor üçün innovasiyanın inkişafına təkan verən əsas katalizatorlardan biri rolunu oynayır. 

İsa Qasımovun sözlərinə görə, sosial sahibkarlıq sahəsində aparılan dəyərləndirmələr bu modelin genişlənməsi və effektivliyinin artırılması üçün zəruri istiqamətləri müəyyənləşdirməyə imkan yaradır. Qİİ sosial sahibkarlığın inkişafını stimullaşdıran mühüm faktorları üzə çıxarmaqla qlobal miqyasda daha inklüziv və davamlı innovasiya təcrübəsinin qurula biləcəyini vurğulayır. Sosial sahibkarlığın məqsədi yalnız mənfəət əldə etmək deyil, eyni zamanda cəmiyyətə fayda vermək, sosial dəyişiklik yaratmaqdır. Başqa sözlə, burada biznes fəaliyyəti cəmiyyətin sosial problemlərinin həlli əsasında formalaşır.

Sosial sahibkarlıq cəmiyyətin həssas qruplarını (məsələn, qadınlar, gənclər, əlillər, aztəminatlı ailələr) iqtisadi həyata cəlb edir. Bu da sosial bərabərliyi və ədalətli inkişafı təmin edir, əmək bazarını genişləndirir, insan kapitalının daha çox hissəsini aktivləşdirir, özünüməşğulluq imkanlarını artırır. Sosial sahibkarlar cəmiyyətin ehtiyaclarına uyğun lokal və innovativ həllər tapır. Bu da iqtisadiyyatın çevikliyini artırır və yeni sahələrin inkişafına təkan verir. Bu halda sosial innovasiyalar klassik iqtisadi modellərin həll edə bilmədiyi problemlərə alternativ çıxış yolu yaradır.

İsa Qasımov əlavə edib ki, sahibkarlığın bu növü regionlarda kiçik bizneslər üçün də motivasiya yaradır, yerli resursları dəyərləndirir və şəhər-kənd fərqini azaldır. Beləliklə, regional inkişaf təşviq edilir. Sosial sahibkarlar həm də dövlətin sosial sahələrdəki yükünü azaldır, çünki onlar cəmiyyətin ehtiyaclarını fərdi təşəbbüsləri ilə ödəyir. Bu isə dövlətin resurslarını daha effektiv idarə etməsinə imkan yaradır.

#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R