Rəşad Hüseynov: “Dövlət satınalmaları daha da təkmilləşdirilir”

Rəşad Hüseynov: “Dövlət satınalmaları daha da təkmilləşdirilir”

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilmişdir.

Fərmanı şərh edən İİTKM-nin departament rəhbəri Rəşad Hüseynov bildirib ki, qanunvericilikdə edilmiş dəyişikliklər əsasən malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılmışdır:

“Ümumilikdə qəbul edilən dəyişikliklər satınalmalar zamanı dövlət vəsaitindən daha səmərəli və qənaətlə istifadə edilməyə gətirib çıxaracaqdır. Eyni zamanda, bu dəyişikliklər dövlət satınalmalarında şəffaflığı artıracaq və bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılmasına gətirib çıxaracaqdır. Daha səmərəli dövlət satınalmaları sistemi isə davamlı iqtisadi inkişaf hədəflərinə çatmaq üçün vacib faktorlardan biridir.

Dövlət satınalmaları ilə bağlı ötən dövrün statistik məlumatlarına nəzər yetirsək görərik ki, 2020-ci ildə dövlət təşkilatları tərəfindən tenderlər və kotirovka sorğusu əsasında həyata keçirilən dövlət satınalmalarının həcmi 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 6,6 milyard manat olmuşdur. Bu müddət ərzində satınalma prosedurlarının sayı isə 2254 vahid və ya 19,7 faiz azalmışdır. Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faizdən çox təşkil etmişdir.

Qəbul edilmiş dəyişikliklər aparılan kompleks biznes islahatlarının tərkib hissəsi olmaqla ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində, xüsusilə “Doing Business” hesabatında, mövqeyinin irəliləməsinə də gətirib çıxaracağı gözlənilir ki, bu da öz növbəsində birbaşa xarici investisiyaların ölkəyə gəlməsinə müsbət təsir göstərə bilər.

Ötən il elektron satınalmalar (E-satınalma portalı üzərindən) 930 milyon manat təşkil edib ki, bu da ümumi satınalmaların 14 faizinə bərabər olub. Yeni dəyişikliklər vahid internet portal vasitəsilə həyata keçirilən dövlət satınalmalarının payını artıracaqdır.”

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R