Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı Sərəncam imzalayıb

Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı Sərəncam imzalayıb

Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 11 aprel 2017-ci il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirib ki, Sərəncam “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrasına böyük töhfə verəcək və bu istiqamətdə görülən işlərin sürətlənməsinə səbəb olacaq.  İİTKM eksperti hesab edir ki, Strateji Yol Xəritəsində aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması üçün 3 prioritet istiqamət - aqrar sahədə maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və kənd təsərrüfatına yerli və eləcə də xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması müəyyənləşib.

  Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və  Maliyyə Bazarlarına Nəzarət Palatası ilə yanaşı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin də qarşısına mühüm məsələlər qoyulub. İndiki halda isə bu prosesin sürətləndirilməsi baxımından Baş naziri Artur Rasi-zadənin sədrlik etdiyi Maliyyə Sabitliyi Şurasına konkret tapşırıqların verilməsi mühüm əhəmiyyətə malikdir. Maliyyə Sabitliyi Şurası aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması üçün 1 ay müddətində daha təfsilatlı və geniş tədbirlər planını hazırlayaraq təsdiq edəcək. Bu isə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi prosesinin sürətli həllinə xidmət edəcəkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertinin qənaətincə Strateji Yol Xəritəsində qeyd edilən məsələlərin həlli ilə bağlı Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulan tələblər vaxtında verilmiş qərardı və Sərəncam ümumilikdə kənd təsərrüfatının inkişafına xidmət edəcək.