“Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” 
mövzusunda tədbir keçirilib

“Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi siyasəti istehsal və ixracyönümlü sahibkarlıq subyektlərinin yeni və innovativ həllərə istiqamətlənməsini şərtləndirir. Post-pandemiya dönəminə hazırlıq mərhələsində dünya bazarlarında qiymət üstünlüyünün əldə edilməsi üzərindən baş verən rəqabət dövlətlərin təşviq və stimullaşdırma siyasətində yeni yanaşmalar formalaşdırıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.11.2020 tarixli 448 № li Qərarı ilə təsdiq olunan “Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarların daha rəqabətqabiliyyətli ixracını dəstəkləyəcək.

Rəqabətə davamlı mal və məhsulların istehsal və ixracına dəstək məqsədilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə iyulun 3-də Şamaxıda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov dövlətin sahibkarlığın inkişafı, həmçinin sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunmuş qanunvericilik aktlarının önəmindən danışıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun tarixi və əzəli torpaqlarımızın qaytarılması ilə nəticələnmiş möhtəşəm zəfərinin ölkə iqtisadiyyatı üçün də geniş inkişaf imkanları yaratdığı, işğaldan azad olunmuş torpaqların yenidən çiçəklənməsi üçün ölkədə biznes potensialının gücləndirilməsinə ehtiyac olduğu vurğulanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə tədbirin önəmini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycanın 2021-ci ilin ilk beş ayı üzrə qeyri-neft ixracı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 mln. dollar və ya 25,4% artıb ki, bu da post-pandemiya dönəmində xarici ticarətin bərpa olunmasını göstərir.

“Kapital Bank”ın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin şöbə rəisi Elçin Mustafayev ixracın inkişafı istiqamətində maliyyə-ticarət alətlərinə tələbin artdığını qeyd edib. Qeyd edilib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə həyata keçirilən faktorinq, akkreditiv və qarantiyalar ilə əlaqədar tədbirlər ixracatçıların maarifləndirilməsi nöqteyi-nəzərdən mühüm addım olub.

Tədbir maarifləndirmə və kommunikasiya xarakteri daşıyıb və istehsal və ixracat fəaliyyəti ilə məşğul olan subyektlər qəbul olunan Qayda ilə əlaqədar məlumatlandırılıblar. Tədbir çərçivəsində iştirakçılara ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar, ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi, “Malların ixrac qeydi ilə satış qaiməsi”nin formasının doldurulması qaydası, o cümlədən ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair forma haqqında məlumat verilib.

“Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” 
mövzusunda tədbir keçirilib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R