
İqtisadi islahatların uğuru: Azərbaycan daha bir investisiya reytinqi aldı!
Dünyanın aparıcı beynəlxalq reytinq agentliklərindən biri olan “Moody’s Ratings” 2025-ci il 3 iyul tarixində Azərbaycan Respublikasının suveren kredit reytinqini investisiya səviyyəsinə (“Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə) yüksəltmiş, reytinq üzrə proqnozu isə “müsbət” olaraq saxlamışdır. Bu nəticə, Azərbaycanın regionda daha dayanıqlı iqtisadi mövqe nümayiş etdirdiyini göstərir. Qlobal miqyasda geosiyasi və iqtisadi çağırışların artdığı bir dövrdə Moody’s-in bu qərarı ölkəmizə olan etimadın gücləndiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın beynəlxalq investorlar üçün daha da cəlbedici məkana çevrildiyini təsdiq edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı bildirib ki, ölkədə iqtisadiyyatın və fiskal siyasətin neft-qaz sektorundan asılılığının azaldılması, pul-kredit siyasətində səmərəliliyin artırılması, maliyyə sektorunun tənzimlənməsi, eləcə də dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində atılan ardıcıl və sistemli addımlar Azərbaycanın iqtisadi idarəetmə keyfiyyətində əhəmiyyətli irəliləyişlərə səbəb olub. Bu tədbirlər təkcə mövcud makroiqtisadi sabitliyi qorumaqla kifayətlənmir, eyni zamanda institusional bazanın möhkəmləndirilməsinə və dayanıqlı iqtisadi inkişaf modelinə keçidi dəstəkləyir. Pul-kredit siyasətinin optimallaşdırılması inflyasiya gözləntilərinin idarə olunmasına və maliyyə sabitliyinin qorunmasına xidmət edir, fiskal siyasətin neft gəlirlərindən daha az asılı hala gətirilməsi isə büdcə dayanıqlığını artırır. Maliyyə sektorunda qəbul olunan prudensial tənzimləmə və nəzarət mexanizmləri bank sisteminin likvidliyini və riskə davamlılığını yüksəltməklə real sektora dəstəyi gücləndirir. O cümlədən, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, qərar qəbuletmə prosesində açıq informasiya axınının təmin olunması və ictimai resursların səmərəli idarə olunması institusional potensialın güclənməsinə səbəb olur. “Moody’s”in reytinq proqnozunda bu amillərin qeyd olunması Azərbaycanın beynəlxalq maliyyə institutları qarşısında artan etibarlılığını və uzunmüddətli iqtisadi perspektivlərinin möhkəmləndiyini nümayiş etdirir.
Lətif Zeynallı vurğulayıb ki, logistika, tikinti və turizm sahələrində müşahidə olunan artım ölkənin qeyri-neft sektorunun canlanmasını və diversifikasiyasını stimullaşdırır. Bu sahələr üzrə artım Azərbaycanın tranzit və ticarət mərkəzi kimi mövqeyinin güclənməsi ilə bilavasitə bağlıdır. Xüsusilə Orta Dəhliz üzrə geostrateji mövqeyin möhkəmləndirilməsi Azərbaycanı Şərq və Qərb arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevirərək regional və qlobal inteqrasiyanı sürətləndirir. Bununla yanaşı, ölkənin bərpa olunan enerji mənbələri sahəsində xüsusilə günəş və külək enerjisi potensialının reallaşdırılması istiqamətində atdığı addımlar yaşıl iqtisadiyyatın formalaşmasına və dayanıqlı inkişaf hədəflərinə çatmasına xidmət edir. Bu çərçivədə həyata keçirilən yaşıl enerji təşəbbüsləri təkcə ekoloji deyil, eyni zamanda iqtisadi baxımdan da strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir. Bu bölgələrdə aparılan infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye potensialının yenidən qurulması, eləcə də yaşıl enerji zonası kimi formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində əsas prioritetlərdən biridir. Sözügedən regionların iqtisadi fəallığa cəlb olunması yalnız regional deyil, bütövlükdə milli iqtisadi artıma müsbət təsir göstərir.
Bununla yanaşı, neft-qaz gəlirlərindən səmərəli istifadənin davam etdirilməsi, Dövlət Neft Fondunun maliyyə ehtiyatlarının artması və dövlət büdcəsinin bu fondan olan transferlərə asılılığının azaldılması Azərbaycanın fiskal dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirir. Bu yanaşma həm maliyyə intizamının qorunmasına, həm də gələcək nəsillər üçün strateji ehtiyatların formalaşdırılmasına imkan yaradır. Artan ehtiyatlar və büdcə strukturunda daha çox qeyri-neft gəlirlərinin payının artırılması, ölkənin xarici şoklara qarşı davamlılığını gücləndirməklə yanaşı, fiskal siyasətdə çevikliyə və uzunmüddətli makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edir. Bu fonda Dövlət Neft Fondunun aktivlərinin effektiv idarə olunması və şəffaflıq prinsiplərinə əsaslanan fiskal çərçivə iqtisadi təhlükəsizlik baxımından mühüm alət kimi çıxış edir. Neft gəlirlərindən asılılığın azaldılması və bu vəsaitlərin məqsədyönlü istifadəsi nəticəsində yaranan struktur sabitlik, investisiya mühitinin yaxşılaşdırılması və dövlət maliyyəsinin dayanıqlığının təmin olunması istiqamətində mühüm zəmin yaradır. Bu da Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının mühüm tərkib hissəsi olaraq qiymətləndirilə bilər.
İİTKM-in əməkdaşı əlavə edib ki, ümumilikdə, Azərbaycan iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafı istiqamətində atılan kompleks islahatlar və strateji layihələr ölkənin beynəlxalq maliyyə bazarlarında nüfuzunun artmasına, makroiqtisadi sabitliyin təmin olunmasına və uzunmüddətli perspektivlərin möhkəmlənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi potensialının və idarəetmə keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasının əyani göstəricisidir.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru