İİTKM-in şöbə müdiri Ayhan Satıcı: Azərbaycanla Macarıstanın bir sıra sahələrdə əməkdaşlığı sürətlənir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Ayhan Satıcı Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyətini şərh edib. O bildirib ki, Macarıstanın Azərbaycan və digər Türk dünyası ölkələri ilə sıx əlaqələrinin mövcudluğu Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələrinin Avropaya çıxışına və şərqlə qərbin birləşməsinə böyük töhfə verir.
Azərbaycan və Macarıstan ölkə başçılarının qarşılıqlı səfərləri çərçivəsində imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə kimi bir sıra strateji tərəfdaşlıq sənədləri müsbət təsirini ilk növbədə ölkələr arasında ticarət dövriyəsində göstərir. İki ölkə arasında ümumi ticarət dövriyəsi 2022-ci ildə 47,4 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 1,3 dəfə 10 il əvvəllə müqayisədə isə 2 dəfə çoxdur. Müxtəlif dövrlərdə Azərbaycandan Macarıstana ixrac olunan məhsulların həcmində artıb-azlmalar olsa da 2019-cu ildən başlayaraq ixrac həcmləri davamlı olaraq artmaqdadır. Ötən ildə ümumi ticarət dövriyyəsində təqribən 35 faizə qədər illik artım müşahidə edilməsi ölkələr arası sıx əməkdaşlığın göstəricisi kimi qeyd edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, iki ölkə arasında son dövrlərdə iqtisadi əlaqələrin strateji çərçivədə sürətlə inkişafı mövcud potensialın istifadəsini qısa və ortamüddətli dövrdə daha da artırmaq qüdrətinə malikdir.
İki ölkə arasında ən uğurlu əməkdaşlıqlardan biri də enerji sektoru sahəsindədir. Bu sahədə əldə olunan nailiyyətlərə Macarıstanın Azərbaycanın həyata keçirdiyi meqa layihələrdən biri olan Cənub Qaz Dəhlizinin tərəfdaşı olması və yaşıl enerjinin inkişafı və ötürülməsinə dair birgə fəaliyyətləri nümunə göstərmək olar. Ölkəmiz 2027-ci ilə qədər Avropa İttifaqına verilən Azərbaycan qazını hər il ən azı 20 milyard kubmetrə çatdırmaqla, ümumi ixrac həcmini iki dəfə artırmağı öhdəsinə götürüb. İki ölkə arasında əldə olunmuş razılaşmalara əsasən Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Macarıstana 2023-cü ilin sonundan etibarən ixrac olunmağa başlayacaq.
Bundan əlavə iki ölkə arasında yaşıl enerji çərçivəsində də əməkdaşlıq başlanılıb. Belə ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu müqaviləyə əsasən Azərbaycan Avropa İttifaqının maliyyə dəstəyi ilə quracağı infrastruktur vasitəsilə Avropaya yaşıl elektrik enerjisi ixrac edəcək. Azərbaycandan böyük həcmdə yaşıl enerjinin Avropaya ötürülməsi Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin reallaşmasına da töhvə verəcək. Həmçinin, Özbəkistan və Qazaxıstan bu dəhliz vasitəsilə Mərkəzi Asiyadan elektrik enerjisinin Avropaya ötürülməsində maraqlıdır. Bu layihə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpünün yaradılması baxımından çox əhəmiyyətlidir.
Dövlət əhəmiyyətli layihələrlə yanaşı Macarıstanın özəl şirkətləri də Azərbaycana investisiya qoyan şirkətlər arasında xüsusi önəm daşıyır. Bu şirkətlərindən biri olan “Wizz Air” şirkətinin Azərbaycan Macarıstan arasında birbaşa aviauçuşlar həyata keçirməsi iki ölkə arasında ticarət, turizm və mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir. Digər böyük macar şirkəti “Hell Energy” 2025-ci ildə Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodunu istifadəyə verməyi planlaşdırır. Nəzərə alsaq ki, “Hell Energy” şirkəti tərəfindən atılan bu addım həmin şirkətin Macarıstan xaricində edəcəyi ən böyük yatırımlardan biridir. Bu layihənin uğurla icrası üçün Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə edilməsi və ümumilikdə layihəyə 211 milyon ABŞ dolları həcmində investisiya qoyulması planlaşdırılır.
İkitərəfli əlaqələrlə yanaşı, Macarıstan və Azərbaycan dövlətləri arasında regional və beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq əlaqələri davam edir. Bunlardan ən mühümü Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sektoral əməkdaşlıqların dərinləşdirilməsidir. “Türk Dünyası 2040 Vizyon” sənədi və “TDT 2022-2026 Strategiya” sənədlərinin qəbul edilməsilə Türk dünyası ölkələri, o cümlədən Macarıstan və Azərbaycan iqtisadiyyatın bütün sektorları üzrə əməkdaşlıqları dərinləşdirməyi qarşıya hədəf qoyub.
Qeyd edək ki, Macarıstan işğaldan azad olunmuş ərazilərin bərpasında da maraqlı olan ölkələrdən biridir. Artıq Macarıstan bu prosesə başlayıb. Belə ki, bir neçə gün əvvəl Macarıstanla birgə Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi həyata keçirilib. Bu kəndin macar şirkətlərinin iştirakı ilə bərpa olunacağı nəzərdə tutulub. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə sahəsində Macarıstan təcrübəsindən istifadə edilməsi və bu sahədə gələcək əməkdaşlıq perspektivləri araşdırılır.
Yeni dövrdə yaranan geosiyasi yeniliklər Avrasiya regionunda nəqliyyat-logistika xəttlərində mühüm dəyişikliklərin olmasına səbəb olmuşdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) strateji əhəmiyyətinin artması fonunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən keçən dəhlizlər mahiyyət etibarilə daha cəlbedici və təhlükəsiz olaraq qiymətləndirilir. Bunları nəzərə alaraq, şərqlə qərbin astanasında olan Macarıstan TDT ölkələrinin Avropaya açılan qapısı olaraq strateji müttəfiq hesab edilə bilər.
Yekun olaraq qeyd etmək istəyirik ki, Macarıstanla Azərbaycan dövlət başçılarının xüsusi səyləri nəticəsində yaranmış ikitərəfli sıx əlaqələr gələcəkdə iqtisadi əməkdaşlığın gücləndirilməsinə, bu isə öz növbəsində ölkələr arasında ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların artırılmasına və birgə yeni layihələrin icrasına zəmin yaradır.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri