
Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələdə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan Özbəkistandan 211,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib (60,8 faiz artım), Özbəkistana isə 40,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.
Son beş ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon ABŞ dollarından 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib. İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.
V. Cəfərova qeyd edib ki, 2024-cü ildə 13.965 nəfər Azərbaycan vətəndaşı Özbəkistana səfər edib, 46.391 nəfər Özbəkistan vətəndaşı isə Azərbaycana gəlib ki, bu da xalqlararası əlaqələrin və ikitərəfli münasibətlərin güclənməsini əks etdirir. 2025-ci ilin yalnız birinci rübündə 3.095 azərbaycanlı Özbəkistana, 9.222 özbək isə Azərbaycana səfər edib. Bu göstəricilər qarşılıqlı mobilliyin və humanitar əlaqələrin müsbət trayektoriyasının qorunduğunu bildirir.
Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu məqsədlə imzalanan 2024–2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı və proqnozlaşdırılan edir.
Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycan və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəmlər formalaşdırmaq niyyətini təsdiqləyir.
İİTKM-in şöbə müdiri əlavə edib ki, Özbəkistan iqtisadiyyatı 2024-cü ildə güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard ABŞ dollarına çatdırıb və bu, əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. Sərmayə fəaliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub: əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard ABŞ dollarına çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişaf impulsunun davam etdiyini göstərir. Xarici birbaşa investisiyaların ümumi həcmi 11,9 milyard ABŞ dollarına çatıb və bu məbləğin 2,3 milyard dolları Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən daxil olub. Bu tendensiyalar Özbəkistanın xarici investorlar üçün cəlbediciliyinin artdığını, regional əməkdaşlığın isə real iqtisadi nəticələr verdiyini nümayiş etdirir.
Beləliklə, bu səfər yalnız diplomatik mərasim deyil, iqtisadi reallıqlar üzərində qurulmuş, institusional dayanıqlığa əsaslanan və strateji baxışla irəliləyən bir tərəfdaşlıq modelinin əsasını qoyur. Azərbaycan və Özbəkistan arasında formalaşan bu yeni format Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı asılılığın dərinləşməsi baxımından regional geoiqtisadi strukturun yenidən qurulmasına töhfə verə bilər.
Ekspert yazıları
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq