İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib. O bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib.

İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmalar Mərkəzi də 2024-cü ildə bir çox yeniliklərə imza atıb.

Vüsal Qasımlı qeyd edib ki, İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin - “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır.  2024-cü ilin oktyabr ayında isə Prezident İlham Əliyev daha bir mühüm sənədin - “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın monitorinq və qiymətləndirilməsini Mərkəzə tapşırıb.

İl ərzində 11 dövlət proqramının idarə edilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb. Mərkəz tərəfindən dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün "Layihə idarəetməsi” modulu hazırlanıb.

İcraçı direktorun sözlərinə görə, İİTKM beynəlxalq əməkdaşlığı genişləndirərək Böyük İyirmiliyin və Böyük Yeddiliyin beyin mərkəzləri platformalarında – T20 və T7-də Azərbaycanı uğurla təmsil edir. 2024-cü ilin oktyabr ayında Mərkəzdə keçirilən Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlimində 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edib. Noyabr ayında isə Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə “Qlobal Beyin Mərkəzləri Forumu” keçirilib. Ötən il həmçinin İİTKM-in də təsisçisi olduğu Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb.

Vüsal Qasımlı 2024-cü il ərzində Mərkəzdə 5 konseptual sənədin hazırlanaraq hökumətə təqdim olunduğunu bildirib. Həmçinin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ekonometrik qiymətləndirilməsi aparılıb. “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda ingilis dilində xüsusi buraxılış nəşr edilib. Yaşıl artım və yaşıl enerjiyə keçidlə bağlı aparılan tədqiqatların nəticələri “Scopus” bazasında indeksləşdirilən Q1 və Q2 reytinqli jurnallarda dərc olunub.

2024-cü ildə Mərkəz həmçinin “İqtisadi inkişaf” monoqrafiyası, “Orta dəhliz”, “Halal iqtisadiyyat”, “İslam ölkələrinin iqtisadi potensialı” kitablarını nəşr edib. 10 fəsildən ibarət 700 səhifəlik “İslam ölkələrinin iqtisadi potensialı” kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən artıq beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb.

Mərkəzin innovativ layihələrindən də danışan Vüsal Qasımlı əlavə edib ki, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb. 2024-cü ildə “Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.

“Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə regionun ən böyük startap məktəbi - “StartUp School 2” layihəsini həyata keçirib. “StartUp School 2 - AI for Green Solidarity” layihəsinə müraciət edən 121 startap arasından beynəlxalq ekspertlərin seçdiyi 41 ən yaxşı komandaya ABŞ, Almaniya, İngiltərə, CAR, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlimlər keçirilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü il ərzində hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 

2024-cü ildə digər bir innovativ layihə “Qiymət İzləmə Tətbiqi”nin yaradılması ilə bağlı da kifayər qədər böyük işlər görülüb, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edilib.

İİTKM-in tabeliyində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk Dünyasına Baxış-2040” və “TDT-nin 2022-2026-cı illər üzrə Strategiyası”nda nəzərdə tutulan hədəflərə töhfə vermək məqsədilə fəaliyyətini genişləndirib. Mərkəzin təqdim etdiyi “Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsinin” konsepsiya sənədi TDT-nin İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun toplantısında qəbul olunub. TDT ilə birlikdə il ərzində “Türk iqtisadi icmalı”nın dörd buraxılışının səkkiz dildə hazırlanması və kommunikasiyası təmin edilib.

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R