Ermənistanda əkiz kəsirlər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhi
Ermənistandakı iqtisadi artımın azalması fonunda, özəl və dövlət gəlirlərinin azalması maliyyə və xarici sektordakı dayanıqsızlıqları gücləndirir. Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər - büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsirin orta və uzunmüddətli perspektivdə davam etməsi gözlənilir.
Büdcə kəsri. Bu ilin ikinci rübündə baş verən kəskin iqtisadi daralma (13,7%), pandemiya və Qarabağ müharibəsi ölkənin maliyyə balansına mənfi təsir edib və ümumi dövlət borcunu yüksək trayektoriyaya qaldırıb.
Büdcə gəlirləri planlaşdırılan göstəricilərdən xeyli uzaqlaşıb. Bu, daha çox 2020-ci ilin yanvar-avqust aylarında gömrük rüsumu və mənfəət vergilərinin keçən illə müqayisədə 6% azalması ilə əlaqədardır. Yenidən müəyyən edilən rəsmi proqnozlara əsasən, hərbi və səhiyyə xərcləri artarkən, ÜDM və vergi gəlirləri 6.8% azalacaqdır.
Adambaşına düşən yoluxma nisbəti olduqca yüksək olan Ermənistanda fiskal balans pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənir. Digər region ölkələrində olduğu kimi, pandemiya ilə bağlı 2020-ci ildə dövlət büdcəsindən dəstək həyata keçirilib ki, bu da ÜDM-nin təxminən 4%-i həcmindədir. COVID-19 pandemiyası başlamazdan əvvəl 2020-ci ildə ümumi dövlət xərclərinin 10% həcmində olması proqnozlaşdırılan səhiyyə xərclərinin indi daha yüksək olması gözlənilir.
Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində hərbi xərclər də artırılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, ölkə hər il ÜDM-nin təxminən 5%-i həcmində vəsaiti hərbi sahəyə xərcləyir (“Global Fire Power”-a əsasən 10%). Zəif fiskal multiplikasiya effektinə malik olan bu xərclər ölkədəki mövcud hərbi vəziyyətdən asılı olaraq arta bilər ki, bu da Ermənistandakı infrastruktur investisiyaları və sosial xərclər üçün maliyyə imkanlarını daha da daralda bilər.
Pensiya islahatlarına baxmayaraq, Ermənistanda pensiya sistemi qeyri-effektiv olaraq qalır və büdcə kəsirinə əlavə təzyiq yaradır. Aşağı məhsuldarlıq, yaşlanan əhali və yüksək miqrasiya əmsalı bu problemi daha da dərinləşdirir. BMT-nin göstəricilərinə əsasən, Ermənistanda 2020 və 2050-ci illərdə iqtisadi aktiv olmayan yaşdakı yaşlıların iqtisadi aktiv yaşda olan şəxslərə nisbəti əmsalının müvafiq olaraq 17,5% və 34,3% olması gözlənilir. Avropa Birliyi ölkənin pensiya sisteminin maliyyə dayanıqlılığının 2020 və 2050-ci illər arasında ÜDM-in 4.6%-i nisbətində pisləşəcəyini proqnozlaşdırır. Gənclərin Ermənistandan mühacirəti bu problemi daha da dərinləşdirir. Ölkədə 1990-2015-ci illər üçün ortalama xalis miqrasiya əmsalı -11,8-dir.
Ermənistanda dövlət borcu yanvar-avqust aylarında 8,8% artaraq 7,97 milyard ABŞ dollarını keçib. Daxili borc 2020-ci ilin sentyabr ayına qədər 24,3% artaraq 1,9 milyard dollara çatıb. Ermənistanda zəifləyən ÜDM-i dəstəkləmək üçün əlavə maliyyə tədbirlərinə olan ehtiyacı nəzərə alaraq, Fitch ölkədə fiskal konsolidasiya imkanları ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin olduğunu düşünür. Davam edən müharibə və pandemiya ilə əlaqədar vəziyyətin pisləşməsi Ermənistanın fiskal proqnozlarına mənfi təsir göstərir.
Hökumət büdcə gəlirlərinin azalmasını və büdcə kəsirinin iyul ayında iki dəfə artmasını nəzərə alaraq büdcə kəsirini yenidən nəzərdən keçirib. Rəsmi hesablamalara görə, Ermənistanın 2020-ci ilin sonuna qədər ÜDM-in 7,4% -ə çatacağı proqnozlaşdırılan büdcə kəsirinin, borc cəlb edilərək qarşılanacağı və 2020-ci ildə borcun ÜDM-ə nisbətinin 67%-ə çatacağı gözlənilir. “Fitch” dövlət borcunun orta müddətli dövrdə yüksək qalacağını proqnozlaşdırır.
Cari əməliyyatlar hesabı kəsiri. Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi xarici həssaslıqlar 2020-ci ildə də aktual olaraq qalıb. Sərhədlərarası inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur və hökm sürən korrupsiya səbəbindən xarici ticarət zəifləyir və ölkənin xarici investisiyalar üçün cəlbediciliyi azalır. Qonşu ölkələrlə sərhədlərin bəziləri siyasi səbəblərə görə bağlı vəziyyətdədir, digərləri isə məhdud imkanlar təklif edir. Azərbaycanla Dağlıq Qarabağ müharibəsi genişlənir. 2020-ci ilin oktyabrında "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsinə endirmişdi. Ölkənin borca xidmət xərclərinin artması gözlənilir.
Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8.2% -dir. 1991-ci ildən bəri davam edən bu kəsir xroniki xarakter daşıyır.
Mənbə: BVF
Rəsmi məlumatlara görə, 2020-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi, idxal və ixrac müvafiq olaraq 10,2%, 12,4% və 6% azalıb. Ermənistanda ixrac həm mallar, həm də istiqamətlər baxımından az diversifikasiya olunub. İxrac səbətində üstünlük təşkil edən aşağı əlavə dəyərli istehsal malları və xammal xarici rəqabət qabiliyyətini məhdudlaşdırır. İxracatın təxminən yarısını metal və qiymətli daşlar təşkil edir. Dağ-mədən məhsullarının ixracı xarici valyutanın əsas mənbələrindən biridir ki, bu da iqtisadiyyatı qlobal əmtəə bazarında pandemiya səbəbindən yaranmış volatilliyə məruz qoyur. Kənd təsərrüfatı məhsulları ümumi ixracatın təxminən 30% -ni təşkil edir; sektor işçi qüvvəsinin mühacirət və hərbiləşmə nəticəsində surətlənən daralmasından təsirlənir. Qida və digər vacib istehlak malları üçün idxaldan asılılıq getdikcə dərinləşir. 2020-ci ilin mart ayında ikitərəfli dram məzənnəsinin 5% dəyərdən düşməsi ixracatın artmasına deyil, idxal olunan malların qiymətlərinə təsir edib
ki, bu da “dominant valyuta paradiqması” ilə izah edilə bilər. Ölkənin qalıq (fosil) yanacaqlardan idxal asılılığı cari əməliyyatlar balansına əlavə təzyiq göstərir.
İdxalın azalması 2020-ci ildə ixraca nisbətən iki dəfə çox olub. Bu azalma pul baratlarının azalmasından təsirlənən tələbin daralmasından qaynaqlanır. ÜDM-in 11% nisbətində olan pul baratları xüsusi istehlakı dəstəklədiyi üçün Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amili hesab olunur. "Fitch"-in məlumatına görə, koronavirus pandemiyasından yaranan xarici təsirlər, 2020-ci ilin ilk yarısında pul baratlarının ötən ilin müvafiq dövrünə nisbətən 22% azalmasına səbəb olub. Rusiya pul baratlarının əsas mənbəyidir və ölkənin əsas ticarət tərəfdaşlarından biridir (Ermənistanın ixracının təxminən 30%-i və idxalının 25%-i Rusiyanın payına düşür). Neft qiymətlərinin dinamikası Rusiyadan gələn xarici valyuta axınlarına əhəmiyyətli təsir göstərir və Ermənistanı neft ixracatçısı olmadan Holland xəstəliyinə məruz qoyur.
İxrac tələbinin, turizmin və pul köçürmələrinin azalması nəzərə alınmaqla cari əməliyyatlar hesabı kəsirin böyüyəcəyi gözlənilir. Oktyabr ayında Beynəlxalq Valyuta Fondu bildirib ki, Ermənistanda cari əməliyyatlar hesabı kəsrinin ÜDM-ə nisbəti 2020-ci ildə -8.8%, 2021-ci ildə -7.3%-ə qədər artacaqdır. Daxili tələbin təsiri ilə 2021-2022-ci illərdə də cari hesab kəsrinin müəyyən qədər genişlənəcəyi proqnozlaşdılır. "Fitch"-ə görə, kəsirin üçdə birindən az hissəsi borc olmayan kapital axını ilə qarşılanır.
Ölkənin kapital və maliyyə hesabı da cari əməliyyatlar hesabının kəsrini örtə bilmir. İqtisadi və siyasi qeyri-sabitlik vəziyyətində yeni xarici investisiyalar cəlb edərək cari kəsrin maliyyələşdirilməsi mümkün görünmür. Ermənistana birbaşa xarici investisiyalar region ölkələri üzrə ən aşağı göstəricilərdən biridir və son illərdə mədən və enerji sektorlarında cəmlənib. Az sayda iri operatorun üstünlük təşkil etdiyi mədən sənayesi xarici təsirlərə həssasdır. Hökumətin bu sahədəki araşdırmaları investorlar etibarını azaldır. Ekoloji problemlər "Amulsar" mədənindəki "Lydian İnternational" kimi mədən şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Azərbaycana ərazi iddiaları səbəbindən ölkə BTC və BTK kimi bölgədəki böyük nəqliyyat layihələrindən təcrid olunmuşdur.
Ermənistanın maliyyə hesabına dair proqnozlar qeyri-rezidentlərin depozitlərinin geri götürülməsini də nəzərə alır. Beləliklə, milli valyutaya təzyiq artmaqdadır. Gözlənilən devalvasiyanın yaradacağı inflyasiya Ermənistanda yoxsulluq səviyyəsini daha da artıra bilər. Bundan əlavə, balanslarda yüksək dollarlaşma bankları məzənnə ilə əlaqəli potensial kredit və likvidlik risklərinə məruz qoyur.
Üzən məzənnə rejimi ilə bağlı öhdəliyinə baxmayaraq, Ermənistan Mərkəzi Bankı mart və aprel aylarında dramın 5%-dən çox dəyərdən düşməsinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib. Məhdud beynəlxalq valyuta ehtiyatlar Mərkəzi Bankın valyuta bazarına müdaxilələrini məhdudlaşdırır. Avqustun sonunda beynəlxalq ehtiyatlar təxminən 2,7 milyard ABŞ dolları olub. "Fitch" 2022-ci ildə xarici valyuta ehtiyatlarının cari əməliyyatlar hesabı üzrə dənişləri 4.0 aya yaxın qarşılaya bilən həddə olacağını gözləyir ki, bu da yetərlilik limitinə çox yaxındır. Ehtiyatların yalnız kiçik bir hissəsi likvid aktivlərdir.
Ermənistanın rəsmi məlumatlarına görə, 2020-ci ilin yanvar-avqust aylarında xarici borc 4.7% artaraq 2020-ci ilin sentyabrına qədər 6.1 milyard ABŞ dollarına çatıb. Borc mənbələri şaxələndirilməyib ki, bu da repatriasiya halında yaranan risklərini artırır. Kredit əsasən bir neçə xarici və beynəlxalq təşkilat tərəfindən verilib, ölkənin BVF-dan cəlb etdiyi və indiyədək demək olar ki, tamamilə xərclədiyi 2020-ci il üzrə büdcə dəstəyi, AB qrantı və BMİ-nin layihələr üzrə maliyyəsindən ibarətdir. "Fitch" Ermənistanın xalis xarici borcunun ÜDM-ə nisbətinin 2019-cu ilin sonundakı 47,3%-dən 2022-ci ilin sonunda 57,6% -ə çatacağını proqnozlaşdırır və bunun oxşar ölkələr qrupu üzrə 29,9% təşkil edən median orta göstəricidən yüksək olduğunu bildirir. 2020-ci il 31 avqust tarixinə Ermənistanın dövlət borcunun 76%-dən çoxu xarici valyutadadır ki, bu da ölkəni məzənnə dəyişkənliyinə qarşı həssas edir.
Beləliklə, Ermənistanda ixrac sənayesində durğunluq, xaricdən pul baratlarının azalması, davam edən hərbi əməliyyatlar, səhiyyə böhranı və dayanıqsız pensiya sisteminin kombinasiyası xarici və fiskal dayanıqsızlığı artırır və əkiz kəsirləri genişləndirir. Bu da öz növbəsində məzənnə dəyişkənliyinə, xarici valyuta ehtiyatlarının azalmasına, yeni kreditlərin cəlb olunma xərclərinin artmasına, xarici borcun və faiz yükünün artmasına səbəb ola bilər.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise