“Enterprise Azerbaijan” portalının “Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsi başladı

“Enterprise Azerbaijan” portalının “Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsi başladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” layihəsinə onlayn qeydiyyata başladı. Layihə bu dəfə “Beş qitə - 500 startap” (Five Continents - 500 Startups) şüarı ilə həyata keçiriləcək.

Bu təşəbbüs qlobal innovasiya ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib və 5 qitəni - Afrika, Avropa, Asiya, Amerika və Avstraliyanı əhatə edir. Proqram startapların beynəlxalq şəbəkələrə çıxışını gücləndirmək, müxtəlif ekosistemlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də startapların qlobal bazarlara inteqrasiyasına dəstək vermək məqsədilə həyata keçirilir.

“Startup School 4: Five Continents – 500 Startups” proqramına yerli ekosistemin aparıcı tərəfləri (“Caucasus Ventures”, Aqrar İnnovasiya Mərkəzi və digər) ilə yanaşı,

Amerika ekosistemindən “Synapses Ventures” (ABŞ), “TechDev Academy” (ABŞ);

Asiya ekosistemindən “Silk Road High-Tech Industrial Park Association”-SRHPA (Çin);

Afirka ekosistemindən “DELPHI LTD”;

Avstraliya ekosistemindən “MH INSPIRES PTY LTD”;

MENA ekosistemindən “LICORNE GULF” investisiya fondu (Qətər);

Avropa ekosistemindən “Deep Tech Foundry” (Malta), "The Brutally Honest" (Finlandiya), “BeHumbo” (Estoniya);

Türkiyə ekosistemindən Ostim Texniki Universiteti, Niğde Universiteti Texnoparkı və s. tərəfdaşlıq edir.

Həmçinin tərəfdaşlıq imkanlarını genişləndirmək məqsədilə yerli ekosistemin dövlət və özəl sektordan olan aparıcı oyunçuları, eləcə də qlobal ekosistemdən “Enterprise Singapore”, “Gansu Science and Technology Development Promotion Centre” (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), “New Mansoura University” (Misir), Efiopiya Dövlət Qulluğu Universitetinin Liderlik və Yaxşı İdarəçilik İnstitutu (Institute of Leadership and Good Governance of the Ethiopian Civil Service University), Alman Süni İntellekt Araşdırma Mərkəzi, Özbəkistan İT Park, Astana HUB və s. kimi akselerasiya və tədqiqat mərkəzləri ilə müzakirələr davam edir.

“Startup School 4” layihəsi çərçivəsində startaplara təqdim olunacaq əsas üstünlüklərdən biri dünyanın qabaqcıl innovasiya ekosistemlərindən mentorların cəlb olunmasıdır. Proqram çərçivəsində həmçinin yerli və qlobal vençur fondlarının və investorların prosesə cəlbi, startapların investisiya hazırlığı üzrə dəstəklənməsi və beynəlxalq investor şəbəkəsi ilə əlaqələrinin qurulması nəzərdə tutulur.

Layihənin mühüm elementlərindən biri də “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) ilə qurulan tərəfdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində “Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində həmin tədbirlə paralel olaraq və eyni platformada təşkil olunması nəzərdə tutulur. Bu, startaplara 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal platforma təqdim edəcək.

“Startup School 4” proqramına startapların müraciəti 15 may 2026-cı il tarixinə kimi qəbul ediləcək. Qeydiyyat mərhələsindən sonra seçilmiş startaplar üçün qlobal ekosistemlərdən cəlb olunmuş peşəkarların təqdimatında onlayn təlim və mentorluq proqramları təşkil ediləcək, startapların investorlara təqdimat və investisiya hazırlığı prosesi həyata keçiriləcək.

Proqram çərçivəsində 5 qitədən müraciət edən startaplar arasında əməkdaşlıq imkanlarının yaradılması, müxtəlif innovasiya ekosistemlərinin müqayisəli təhlili və bu təhlildən irəli gələn yeni biznes modelləri və inkişaf perspektivlərinin formalaşdırılması da əsas hədəflər sırasındadır.

“Startup School 4: Five Continents – 500 Startups” layihəsinə ideya mərhələsində olan, MVP hazırlığında olan və ya MVP-yə malik startaplar müraciət edə bilərlər.

Startapçılar proqramda iştirak üçün https://startupschool.az/en/register  linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.