Dünya İqtisadi Forumu: Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilə bilər

Dünya İqtisadi Forumu: Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilə bilər

Dünya İqtisadi Forumu (WEF) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi – 4SİM ilə əməkdaşlıq çərçivəsində “Unlocking Azerbaijan’s TradeTech Potential” (Azərbaycanın “TradeTech” potensialının reallaşdırılması) adlı yeni hesabat dərc edib.

Hesabatda Azərbaycanın formalaşdırdığı rəqəmsal dövlət xidmətləri, logistika infrastrukturu və Orta Dəhlizdəki strateji mövqeyi ölkənin rəqəmsal ticarət sahəsində regional liderlik potensialını gücləndirən əsas üstünlüklər kimi qiymətləndirilir. Dünya İqtisadi Forumunun əsas qənaətinə görə, Azərbaycan artıq zəruri rəqəmsal və logistika təməllərini yaradıb; növbəti mərhələdə bu imkanları real ticarət əməliyyatlarına bağlayan hüquqi, texniki və institusional mühit gücləndirilməlidir.

Araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək aparılıb. Qiymətləndirmə dövlət qurumları, tənzimləyicilər, maliyyə institutları, biznes və innovasiya ekosistemini təmsil edən 18 təşkilat üzrə 28 maraqlı tərəflə məsləhətləşmələrə, siyasət sənədlərinin təhlilinə, beynəlxalq müqayisələrə və Bakıda keçirilmiş təsdiqləmə seminarına əsaslanır.

Hesabat Azərbaycanın “TradeTech” ekosisteminin inkişafı üçün üç əsas strateji istiqamət müəyyənləşdirir. Birinci istiqamət elektron konosamentlərin, rəqəmsal zəmanətlərin və digər elektron ticarət sənədlərinin hüquqi tanınmasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci istiqamət gömrük, liman, bank, logistika, dövlət və özəl sektor platformaları arasında təhlükəsiz və razılığa əsaslanan məlumat mübadiləsinin təmin edilməsidir. Üçüncü istiqamət isə dövlət, biznes, investorlar, startaplar, universitetlər və KOB dəstəyi institutları arasında koordinasiyanın, innovativ həllərin hazırlanmasının və biznes tərəfindən tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

Dünya İqtisadi Forumu bu istiqamətlər üzrə iki mərhələyə bölünmüş 10 konkret tövsiyə irəli sürür. İlk 12 ay ərzində milli “TradeTech” icmasının yaradılması, tənzimləyici sınaq mühitinin – “sandbox”ın işə salınması, praktiki ticarət problemlərinə yönələn innovasiya müsabiqələrinin keçirilməsi, Azərbaycanın “TradeTech” ambisiyasının beynəlxalq platformalarda tanıdılması və dövlət, tənzimləyicilər və biznes arasında sürətli siyasət əks-əlaqəsi mexanizminin yaradılması təklif olunur.

12–36 aylıq struktur islahatları isə elektron ötürülə bilən sənədlər üzrə beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin qəbulunu, mövcud ticarət platformalarının milli qarşılıqlı işlək platformaya çevrilməsini, rəqəmsal hesab-faktura və hesabat alətləri vasitəsilə iqtisadi fəaliyyətin rəsmiləşdirilməsini, texnologiya və “TradeTech” investisiyaları üçün vençur kapitalı çərçivəsinin müasirləşdirilməsini və KOB-lar üçün milli rəqəmsal ticarət kampaniyasının başlanmasını əhatə edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli hesabatı şərh edərək bildirib ki, Dünya İqtisadi Forumunun qiymətləndirməsi Azərbaycanın Orta Dəhlizdəki mövqeyinə yeni – rəqəmsal iqtisadiyyat prizmasından yanaşmağa imkan verir. Azərbaycanın regional üstünlüyü artıq yalnız əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Ticarət sənədlərinin, gömrük prosedurlarının, ödənişlərin, maliyyələşdirmə alətlərinin və logistika məlumatlarının vahid rəqəmsal mühitdə əlaqələndirilməsi ölkəmizi ənənəvi tranzit məkanından rəqəmsal ticarət və məlumat qovşağına çevirə bilər. Hesabatın əsas mesajı ondan ibarətdir ki, növbəti inkişaf mərhələsində üstünlük yeni platformaların sayından daha çox mövcud sistemlərin bir-biri və özəl sektorla nə dərəcədə səmərəli işləməsindən asılı olacaq.

Rəşad Nəcəfli qeyd edib ki, elektron ticarət sənədlərinin beynəlxalq hüquqi tanınması və dövlət-özəl platformaları arasında qarşılıqlı işləkliyin təmin edilməsi sərhəd-keçid müddətini, inzibati xərcləri və kağız sənəd dövriyyəsini azalda bilər. Eyni zamanda, bu proses ixracatçıların və KOB-ların ticarət maliyyəsinə çıxışını genişləndirə, təchizat zəncirlərinin görünürlüğünü artıraraq risklərin daha çevik idarə olunmasına şərait yarada bilər.

“WEF-in təqdim etdiyi yol xəritəsi Azərbaycanın 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyat Strategiyasının və qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin praktiki icrasına töhfə verə bilər. Hesabatdakı 10 tövsiyənin icrası ayrıca nəticə çərçivəsi əsasında izlənilə bilər. Rəqəmsal sənədlərdən istifadə səviyyəsi, platformalararası məlumat mübadiləsi, sərhəddən keçid müddəti, əməliyyat xərcləri, rəqəmsal ticarət alətlərindən istifadə edən KOB-ların sayı və kağızsız əməliyyatların payı bu istiqamətdə əsas monitorinq göstəriciləri ola bilər” - deyə Rəşad Nəcəfli vurğulayıb.

Hesabat göstərir ki, Azərbaycanın qarşısında duran strateji vəzifə mövcud rəqəmsal və fiziki infrastrukturu biznesin gündəlik fəaliyyətində istifadə edilən etibarlı, qarşılıqlı işlək və beynəlxalq səviyyədə tanınan ticarət ekosisteminə çevirməkdir. Bu transformasiya Orta Dəhlizin yalnız yükdaşıma marşrutu deyil, eyni zamanda məlumatın, maliyyənin və rəqəmsal ticarət sənədlərinin sürətli hərəkət etdiyi müasir iqtisadi dəhliz kimi inkişafını sürətləndirə bilər.

Hesabatla tanış olmaq üçün:

https://www.weforum.org/publications/unlocking-azerbaijan-s-tradetech-potential