Daşıma xərclərinin subsidiyalaşdırılması qeyri-neft ixracatçıları üçün yeni imkanlar yaradacaq

Daşıma xərclərinin subsidiyalaşdırılması qeyri-neft ixracatçıları üçün yeni imkanlar yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla yerli ixracatçıların logistik xərclərinin azaldılmasına və Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların ölkənin digər ərazilərinə daşınmasına yönəlik tamamilə yeni dövlət dəstəyi mexanizmi müəyyənləşdirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Fərman ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, habelə qlobal tədarük zəncirindəki qırılmaların və mürəkkəb geosiyasi proseslərin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, islahatın əsas mahiyyəti logistik zəncirin mürəkkəbliyi və nəqliyyat xərclərinin yüksəkliyi səbəbindən yaranan maneələri aradan qaldırmaq, yerli məhsulların beynəlxalq və alternativ bazarlarda rəqabət qabiliyyətini kəskin artırmaq və ixrac coğrafiyasını şaxələndirməkdir.

A.Qədəşov qeyd edib ki, Fərmanın ən mühüm yeniliklərindən biri ixrac daşıma dəstəyi mexanizminin tətbiqidir. Yeni mexanizmə əsasən, yerli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək olan hissəsi (nəqliyyat növündən və malın gömrük dəyərindən asılı olaraq) dövlət büdcəsi hesabına qarşılanacaq. Bu addım uzaq məsafəli bazarlara məhsul göndərən sahibkarların maya dəyərindəki nəqliyyat yükünü ciddi şəkildə azaldacaq. Eyni zamanda, daşımanın Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildiyi təqdirdə dəstəyin həcminin daha yüksək (70 faiz) müəyyən edilməsi ölkənin yerli logistika və daşıma şirkətlərinin inkişafını xüsusi olaraq stimullaşdıracaq.

"Azexport" rəhbəri bildirib ki, Fərmanda Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının tam reallaşdırılmasına yönəlik xüsusi alət də öz əksini tapıb. Belə ki, Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərin 70 faizinin dövlət tərəfindən ödənilməsi qərara alınıb. Bu tədbir Naxçıvan məhsullarının ölkənin əsas bazarına çıxışını asanlaşdıracaq və regionda sənaye-istehsal fəallığının artmasına çox böyük təkan verəcək.

Fərmanın digər mühüm tərəfi dövlət dəstəyi mexanizmlərinin icrasında şəffaflığın, rəqəmsal uçotun və nəzarətin gücləndirilməsi ilə bağlıdır. A.Qədəşov vurğulayıb ki, daşıma dəstəyinin yalnız nağdsız qaydada ödənilmiş xərclər əsasında hesablanması kölgə iqtisadiyyatının qarşısını almaqla yanaşı, maliyyə şəffaflığını tam təmin edəcək. Vəsaitlərin müvafiq rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən dəqiq yoxlamalar və müraciətlər əsasında ödənilməsi, eləcə də mənşə qaydalarının hüquqi cəhətdən sərt tənzimlənməsi dövlət vəsaitinin tam ünvanlı və təyinatı üzrə istifadəsinə zəmanət verəcək.

Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 10 il müddətində (2036-cı ilin sonunadək) tətbiq ediləcək bu Fərman sadəcə nəqliyyat xərclərinin kompensasiyası ilə məhdudlaşmır. Sənəd qeyri-neft-qaz istehsalının artırılması, yerli logistika sektorunun qorunması və milli məhsulların xarici bazarlara fasiləsiz çıxışını təmin edən geniş iqtisadi dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək.