
Böyük Qayıdışa dair I Dövlət Proqramının 2024-cü il üzrə icrasının monitorinqi başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesini yekunlaşdırıb.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlət Proqramı çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.
Dövlət Proqramının icrasının monitorinq nəticələri barədə məlumat verən İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2024-cü il ərzində 1 400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.
Hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 20-də Qarabağ Universitetinin açılışı baş tutub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.
İİTKM-in sektor müdiri əlavə edib ki, geri qayıdan əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 904 ədəd (Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları və Xankəndi şəhəri üzrə) təşkil edib. Bununla yanaşı, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər həyata keçirilib, ümumilikdə 40 minə yaxın insanın işğaldan azad edilmiş ərazilərdə yaşayışı və fəaliyyəti təmin edilib.
Elşən Yusifli bildirib ki, Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.
Yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası istiqamətində ötən il VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi və Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı olub. "Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi"nin inşası başa çatdırılaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılış mərasimi baş tutub.
Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (https://boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir