“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi

Giriş

Ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsini təmin etmək istiqamətində görülən işlərdən biri də  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2017-ci il tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ölkənin qeyri-neft sektorunun ixracının inkişafında əhəmiyyətli rol oynayır. Mərkəz ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların işini asanlaşdırır.İcazə və sertifikatların verilməsində zamanın azaldılması, daha az maddi məsrəf edilməsinə təsir göstərir, biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən, müqavilələrin elektron formada tərtibi və imzalanmasını, real vaxt rejimində transsərhəd elektron xidmətlərinin həyata keçirilməsini reallaşdırır. Beynəlxalq təcrübəyə əsasən sahibkarlıq fəaliyyətinə təsir edən parametrlərdən biri zaman və pul məsrəfidir. Elə Dünya Bankının “Doing Business” hesabatında “Sərhəddə ticarət” indikatoruna nəzər salsaq, görərik ki, sözügedən indikatorun qiymətləndirilməsi sərf edilən vaxt və xərclənən pulun miqdarına görə dəyişir. Yəni, sahibkar ixrac-idxal əməliyyatlarına nə qədər zaman və maddiyat sərf edərsə bu həmin ölkənin hesabatdakı mövqeyinə təsir göstərəcəkdir. Beynəlxalq indeksin təcrübəsinə dayanaraq prosedurların azaldılması istiqamətində ölkəmizdə “Bir Pəncərə” sistemi tətbiq edilir. “Bir Pəncərə” sisteminin əsas mahiyyət və fəlsəfəsi dövlət-özəl münasibətlərində çevikliyin, intensivliyin və şəffaflığın təmin edilməsidir. Bu baxımdan, intensiv və çeviklik yalnız daha az vaxt sərf etməklə sahibkarın işinə dəstək verməkdir. Sahibkarın düzgün maddi xərcləmələrini tənzimləmək və onun gələcək fəaliyyətini stimullaşdırmaqdır.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində altı dövlət qurumunun xidməti fəaliyyət göstərir:

  • İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunan malın mənşə ölkəsini təsdiq edən mənşə sertifikatı;
  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixrac olunan yeyinti məhsullarına idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğun olan qida təhlükəsizliyi sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar, heyvan və heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələri məhsullarına isə beynəlxalq baytarlıq sertifikatının verilir. Bundan başqa qida sahəsində fəaliyyət göstərən sahibkarların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi də AQTA tərəfindən reallaşdırılır;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün CİTES[1] beynəlxalq icazə sertifikatı;
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini məzmunlu ədəbiyyatın, audio, video materialların ixracı ilə bağlı icazə sənədi;
  • Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin (xalça və xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları) ixracı zamanı mədəni sərvəti mühafizə şəhadətnaməsi;
  • Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən istehsal etdiyi məhsullara dair normativ sənədlərin hazırlanmasında, ixrac və ya idxal etdikləri məhsullara uyğunluq sertifikatı;
  • Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyi tərəfindən isə ixracatçı sahibkarlara deklarasiyaların doldurulması ilə bağlı dəstəyi prosesi həyata keçirilir.

İxracatçı sahibkarlar tələb olunan bütün bu sertifikatları vahid “Bir Pəncərə” Mərkəzindən daha tez, səmərəli və effektiv şəkildə, əlavə yol və vaxt resursu sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır.  “Bir Pəncərə”nin ixracatçı sahibkarlara göstərdiyi xidmətlər bununla bitmir. Bütün bunlarla yanaşı Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.

          “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlara oflayn rejimlə (yəni fiziki olaraq) yanaşı, onlayn formada da xidmət göstərir. Belə ki, Rəqəmsal Ticarət Qovşağının rəsmi saytına (dth.az) daxil olmaqla sahibkar elektron formada öz müraciətini ünvanlaya bilər. Onlayn müraciət zamanı sahibkar vahid ixrac ərizəsinin üstünlüyündən yararlanaraq, artıq zaman sərf etmədən müraciəti müvafiq səlahiyyət sahibi orqanlara ünvanlayacaq. Bundan əlavə, sözügedən saytda elektron formada gömrük bəyannaməsini də doldurmaq mümkündür. Beləliklə, sahibkarlar daha az resurs sərf etməklə bir pəncərə əsasında e-İxracın imkanlarından yararlana bilər.

           “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə daxil olan sifarişlərin ixrac prosedurunda Azexport.az portalı da sahibkarlara dəstək olur. Belə ki, sahibkar ixrac etdiyi məhsula müvafiq sertifikatı aldıqdan sonra məhsulunu Azexport portalı vasitəsilə dünya bazarına çıxara bilər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə birgə ekosistem yaradaraq ixracatın təşviqinə xidmət göstərir.

Sahibkar məmnunluğu

          Ölkənin qeyri-neft məhsullarının ixracına dəstək verən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin ən mühüm vəzifəsi sahibkarlara nəzakətli, məsuliyyətli, gülərüz davranış prinsiplərinə uyğun olaraq onların xidmətdən məmnun qalmasını təmin etməkdir. Mərkəz bu istiqamətdə əlindən gələni edir. “Bir Pəncərə”nin dəstəyi ilə öz məhsulunu ixrac edən Azərbaycan sahibkarı Sahib Zərbəliyev ixrac üçün lazımi sənədləri əldə etdikdən sonra Mərkəzin fəaliyyətindən razı qaldığını bildirib:

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sözün əsl mənasında bizlər üçün böyük bir dəstək olaraq ixrac prosesini xeyli asanlaşdırıb. Mərkəz vasitəsilə sənədləri almaq üçün sərf etdiyimiz vaxta qənaət edərək daha məhsuldar fəaliyyətə nail ola bilərik. Məsələn, mən ixrac üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bir Pəncərə" İxraca Dəstək Mərkəzindəki nümayəndəsinə müraciət edib lazımi sənədləri qısa zamanda rahatlıqla topladım."

          Sahib Zərbəliyev – Azərbaycan sahibkarı

Maarifləndirmə fəaliyyəti

Yerli ixracatçılara göstərilən bütün bu geniş xidmətlərlə yanaşı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinə yeni başlayanlara əsas ixrac prosedurları,  ixrac əməliyyatlarında maliyyə dəstəyi, ixrac missiyalarında brend menecmentinin rolu, ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu, müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik, ixrac əməliyyatlarında maliyyə dəstəyi, vergi islahatlarının sahibkarlığın inkişafına təsiri, ixrac strategiyası, ticarətin maliyyələşdirilməsi, ixrac gömrük əməliyyatında beynəlxalq daşınma, Global GAP və daha bir çox mövzularda mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) mövzusunda keçirilən təlimdə ixracatçı sahibkarlara “Global GAP” və ya İSO 22000 standartının əhəmiyyətindən danışılıb. Qida təhlükəsizliyi ilə bağlı “Global GAP” və ya İSO 22000 standartına sahib olan Azərbaycanın qeyri-neft ixracında xüsusi yer tutan kənd təsərrüfatı və qida məhsullarının ixracı ilə məşğul olan sahibkarların yeni bazarlara çıxış imkanı artacaq. Çünki bu standart və sertifikat qərb ölkələrinə məhsul ixracı zamanı gömrük keçid məntəqələrində sənədləşmə və yoxlanış prosesini bir qədər sürətləndirərək asanlaşdırır.

Statistik göstəricilər

Fəaliyyətə başladığı dövrdən etibarən  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə dünyanın müxtəlif ölkələrinə 270 milyon ABŞ dollarından artıq qeyri-neft məhsulu ixrac olunub. İxrac olunan məhsulların əsas hissəsini tikinti-sənaye məhsulları (polad borular, polad armatur yayması), qiymətli metallar (qurğuşun, gümüş külçələr), kənd təsərrüfatı məhsulları (meyvə şirələri, pomidor, çuğundur, biyan kökü, tütün, pendir) təşkil edir. İxrac olunan məhsulların coğrafiyasında isə İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan digər ölkələrdən fərqlənir (Qrafik 1).  2019-cu ilin 10 ayı ərzində Mərkəzə ən çox müraciət edərək sertifikat əldə edən şirkətlər arasında  AzərGold”, “Baku Steel Company”, “Food Export Şəmkir”, “Atena” MMC, “Azərtütün” MMC, Aznar öz ixracı ilə üstünlük təşkil edib.

Faktorinq xidmətləri

 “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanın müasir korporativ idarəetmə strategiyalarına riayət edən kommersiya bankları ilə əməkdaşlıq edir. Mərkəz beynəlxalq təcrübədə mövcud olan lakin Azərbaycanda az tətbiq edilən faktorinq xidmətlərinin göstərilməsinin kommunikasiyası ilə məşğuldur. Bu xidmət sahibkarların maliyyə öhdəliklərini tez həyata keçirməyinə kömək edəcəkdir. Mərkəzin əsas planlarından biri gələcəkdə Mərkəz daxilində bu xidmətin təqdim edilməsi və xarici ticarət iştirakçıları arasında maliyyə-ticarət alətlərin istifadəsinə dəstək göstərməkdir və bu istiqamətdə işlər aparılır. Əlavə olaraq, Mərkəzdə mövcud olan müasir və innovativ ödəniş terminalı vasitəsilə sahibkarlar ödənişləri vaxtında həyata keçirib, sertifikat ala bilərlər.

Nəticə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qeyri-neft sektoruna, sahibkarlığa və ixraca verdiyi dəstəyin nəticəsidir ki, bu gün Azərbaycan sahibkarları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin şəffaf və operativ xidmətindən yararlanaraq öz məhsullarını xarici bazarlara rahat şəkildə ixrac edə bilirlər. Və bunun da nəticəsidir ki, keyfiyyətli ixrac məhsullarımız dünya bazarında məhşurlaşır. Bu gün fəxrlə deyə bilərik ki, istər postsovet məkanında, istər Yaxın Şərqdə,  Avropada və dünyanın müxtəlif ölkələrində “Made in Azerbaijan” məhsulları mağaza rəflərində, beynəlxalq sərgilərdə alıcılar tərəfindən böyük maraqla qarşılanır. Məhsullarımıza dünyada olan böyük maraq və tələbat ildən-ilə artmaqdadır. Bunu əyani şəkildə açıqlanan ixrac statistikalarında da görmək mümkündür. Bu da onu göstərir ki, həyata keçirilən tədbirlər və islahatlar öz nəticəsini verməkdədir və biz bu templə daha yüksək hədəflərə çatacağıq.

Nərmin Rəhimli

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi