Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub

Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub

Nazirlər Kabinetində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın monitorinq portalının təqdimatı keçirilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iclasda çıxış edərək Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” barədə söz açıb. Bildirib ki, Strategiyada müəyyən edilmiş beş prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur.

Sonra Aparat rəhbəri Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə qəbul olunmuş işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd edib ki, bu Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin Sərəncamda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilməsi qeyd olunub.

Diqqətə çatdırılıb ki, bu Strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin iki sərəncamı olub. Sərəncamlarla Strategiyanın həyata keçirilməsi ilə bağlı institusional monitorinq, qiymətləndirmə və bir sıra digər məsələlər tənzimlənir. Proqram çərçivəsində işlərin gedişinə nəzarətin səmərəli təmin olunması məqsədilə İİTKM-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması tapşırılıb. Monitorinq, qiymətləndirmə və nəzarət xüsusi yaradılmış portal üzərindən həyata keçiriləcək, görülən bütün işlərlə bağlı məlumatlar portalda yerləşdiriləcək. Verilən məlumatlar əsasında qiymətləndirmələr aparılacaq, görülən işlərin gedişatı müzakirə ediləcək. Eyni zamanda, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərin nəticələrinə dair dövlət başçısına hesabat təqdim olunacaq.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı "azerbaijan2030.gov.az" portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə çatmaq məqsədilə Strategiyada 2022-2026-cı illər üçün 10 məqsəd müəyyənləşdirilib. Bu məqsədlərə çatmaq üçün 20 əsas hədəf indikatoru təyin edilib. Strategiyanın təsviri məlumatlarının əks olunduğu üçüncü bölmədə nailiyyətlərin qiymətləndirilməsinə imkan verən digər indikatorlar hazırlanıb. Strategiyanın “Tədbirlər Planı” bölməsində 65 fəaliyyət istiqamətinin 269 tədbiri üzrə 261 ilkin nəticə, 328 aralıq nəticə və 162 yekun nəticə indikatorları olmaqla, toplam 751 indikator qeyd edilib. Əsas hədəf indikatorları üzrə monitorinq Strategiyanın icra edildiyi müddət ərzində davamlı olaraq həyata keçiriləcək və 2026-cı il üçün qarşıya qoyulmuş hədəf göstəricilərinə nail olunmasında əsas yolgöstərici kimi çıxış edəcək.

“2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının monitorinq Portalı”ından istifadə qaydalarının, həmçinin hesabatlılığın təmin edilməsi məqsədilə Strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı müəyyən edilmiş 33 qurumun 100-ə yaxın nümayəndəsinə təlimlər keçirilib. Həmçinin Portaldan istifadəyə dair istifadəçi təlimatı və videotəlimat hazırlanıb. Nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə 8 işçi qrup formalaşdırılır.

Monitorinqin aparılmasının əsas məqsədlərindən biri də tədbirlərin icrası zamanı müvafiq tövsiyələrin təmin edilməsi ilə görüləcək işlərin səmərəli həyata keçirilməsinə dəstək verməkdir. Monitorinqdən əldə olunan nəticələr əsasında tədbirlərin icrası zamanı yaranan problemlər və bu problemlərin həlli ilə bağlı önləyici addımlar müəyyən edilir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası zamanı nəticələrin izlənməsi, inkişaf məqsədlərinə çatılmasında əvvəlcədən boşluqların müəyyən olunması və preventiv addımların atılması məqsədilə monitorinq nəticələri əsasında müvafiq tərəqqi hesabatı tərtib olunacaq.

Monitorinqin aparılması məqsədilə əsas və digər icraçı qurumların iştirakı ilə 2022-2026-cı illəri əhatə edən əsas hədəf indikatorları üzrə illik hədəf göstəriciləri müəyyənləşdiriləcək. Bununla yanaşı, Tədbirlər Planında müəyyən edilmiş nəticə indikatorları, hədəf göstəricilər müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunacaq. Monitorinq hesabatında qeyd olunan nəticə indikatorları üzrə görülmüş işlər barədə məlumatlar təsviri formada təqdim edilir. İndikator cədvəli uğurun ölçülməsində göstəricilər ortaya qoymaqla Strategiya üzrə hədəflərə çatılması nəticələrinin müəyyənləşdirilməsinə kömək edir.

Strategiyanın təsirinin qiymətləndirilməsi metodologiyası “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, 2025-ci ildə 2022-2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022-2026-cı illərdə görülmüş işlərin təsirini qiymətləndirmək üçün aparılacaq. Qiymətləndirmənin aparılmasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effektivlik, uyğunluq, səmərəlilik, davamlılıq və təsir kriteriyaları əsas götürülməklə qiymətləndirmə sualları tərtib olunacaq.

Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub
Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub
Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R