İslam maliyyəsinə dair dərs vəsaitinin təqdimatı oldu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə hazırladığı “İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbirdə İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov İİTKM ilə əməkdaşlığın əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın nəticəsi kimi ortaya çıxan dərs vəsaitinin islam maliyyəsi ilə bağlı məlumatlılığın təmin edilməsindəki rolundan danışıb. Qeyd edib ki, paralel olaraq müvafiq Tədris Proqramı da hazırlanıb və çap edilib ki, bu da dərs vəsaitinin praktiki əhəmiyyətini daha da artırır.
İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı islam maliyyəsinə aid kitabın yazılmasının günümüzün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, qlobal biznes trendlərinə cavab verən islam maliyyə sistemi pulun islam prinsipləri əsasında idarə edilməsidir. “İslam maliyyəsi iqtisadiyyatın klassik müşküllərindən biri - ədalət, səmərəlilik və azadlıq arasında çözümün yolunu göstərən həllərdəndir. Maraqlıdır ki, islam maliyyə sektoru Cənub-Cənub, Şimal-Cənub və Üçbucaq əməkdaşlıq formatları daxilində qlobal trendlərə adaptasiya olunur və resursların, bilik və təcrübənin ədalətli bölgüsünü təşviq edir”,- deyə V.Qasımlı qeyd edib. İİTKM rəhbəri onu da vurğulayıb ki, islam maliyyəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə həmahənglik təşkil etməklə, ESG (ətraf mühit, sosial və idarəetmə) çərçivəsində sosial məsuliyyəti təlqin edir, yaşıl və davamlı məhsullara, xüsusilə də yaşıl sukuka marağı artırır: “İqlim dəyişikliyinin gətirdiyi maddi riskləri nəzərə alaraq islam maliyyə sektoru iqlim liderliyi, strateji iqlim idarəçiliyi, iqlimlə bağlı əməliyyat inteqrasiyası, performansın ölçülməsi və hesabatlılıq, iqlim davamlılığı üzrə əməkdaşlıq və mübadilə kimi prinsiplərə söykənir”.
Dərs vəsaitinin ön sözünü İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin baş direktoru Zəhra Zümrüd, giriş hissəsini İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı yazıb. Kitabın elmi redaktorları Aİİ-nin rektoru, dosent Aqil Şirinov və kafedra müdiri, dosent Əhməd Niyazov, rəyçiləri isə UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov və Bakı Dövlət Universitetinin professoru Sərvər Abbasovdur. Vəsait Aİİ-nin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub.
Kitabda islam iqtisadiyyatı, islam maliyyə sistemi, bu sistemin elementləri və səciyyəvi xüsusiyyətləri kimi məsələlərə aydınlıq gətirilib. Müəlliflər islam iqtisadiyyatının nəzəri olaraq mahiyyətini və prinsiplərini izah edib, islam iqtisadiyyatına və islam maliyyəsinə aid olan “zəkat”, “infaq”, “qərzi-həsən”, “kəffarə” və digər anlayışların sosial-iqtisadi aspektlərini aydınlaşdırıblar.
Təqdimatda çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkili Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev və digərləri kitabın əhəmiyyətindən danışıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib