Vüsal Qasımlı: “Hökumət antiinflyasiya tədbirlər planı hazırlayır”
Dünya iqtisadiyyatının qarşılaşdığı əsas çağırış – inflyasiya ilə mübarizədə Azərbaycan dövlətinin əsas məqsədi əhalinin sosial rifahının qorunması və inflyasiyanın optimallaşdırılması ilə davamlı inkişafın təmin edilməsidir. Hökumətin antiinflyasiya siyasətini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edir.
- Hazırda dünyada inflyasiya ilə bağlı proqnozlar necədir?
İMF-in proqnozlarında inflyasiya bu il inkişaf etmiş ölkələrdə 3,9 faiz və inkişaf etməkdə olan ölkələrdə isə 5,9 faiz olacaq, qiymətlərin artmasında səngimə yalnız gələn il baş verə bilər. Hətta Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina aşağı qiymətlər epoxasının bitdiyini və yüksək qiymətlər dövrünün başladığını deyib. Dünya Bankı “Qlobal iqtisadi icmal”ında inflyasiyanın ən yüksək həddə çatdığını və bahalığın davam edəcəyini bildirib. Fyuçers bazarının təhlili də göstərir ki, son illər ən yüksək həddə qədər bahalaşmış enerji və ərzaq qiymətlərində artım davam edə bilər. Yalnız təchizat zəncirlərinin yaxşılaşması, monetar siyasətin sərtləşməsi və tələbin intensiv istehlak edilən mallardan xidmətə yönəlməsi inflyasiyanı səngidə bilər. ABŞ-da güzəştli monetar siyasətdən tədriclə imtina qlobal maliyyə bazarlarında sərtləşmə və inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq vəd edir. Xüsusən də yüksək faizlər dünya maliyyə bazarlarında borclanmanı çətinəşdirəcək və dövlət maliyyələşməsində çətinliklər yaradacaq. Xüsusən də böyük xarici borcu olan, həmçinin sərt maliyyə şəraiti, milli valyutanın ucuzlaşması və idxal edilən inflyasiya kimi çağırışlarla eyni zamanda üzləşən ölkələrdə monetar və fiskal siyasət arasında kompromis tapmaq çətinləşəcək. Bu baxımdan “təhlükəsizlik yastığı” və “fiskal fəza” Azərbaycana hökumətinə və Mərkəzi Bankına daha böyük manevr imkanı yaradır.
- Beynəlxalq təcrübədə qiymətlərin artması ilə mübarizə necə aparılır?
Dünyada monetar sərtləşmə siyasəti ölkələrin hansı iqtisadi inkişaf tsiklində olması, qiymət artımının dərəcəsi və əhatə dairəsi, eyni zamanda Mərkəzi Banka olan etimad dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, ən yüksək inflyasiya müşahidə olunan Latın Amerikası ölkələrində Mərkəzi Banklar uçot dərəcəsini daha çox artırdı. Hətta Braziliyada Mərkəzi Bank faiz dərəcəsini 2021-ci ildə 7,25 faiz bəndi yüksəldib. İnflyasiya hədəfi 4 faiz olan Rusiyada illik inflyasiya 8,4 faizə çatdığından, Mərkəzi Bank uçot dərəcəsini ötən ilin martında 4,25 faizdən hazırda 8,5 faizə qədər mərhələlərlə yüksəldib. Bizim bölgəmizdə olan Qazaxıstan, Ukrayna və Gürcüstan Mərkəzi Bankları da inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini yüksəldirlər. Mərkəzi Banklar faiz dərəcəsini yüksəltməklə ümid edirlər ki, uçot dərəcəsinin təsiri laqla hiss olunacaq və inflyasiya hədəf dəhlizinə geri qayıdacaq.
Avropa İttifaqında illik inflyasiyanın 5,1 faizə çatması fonunda Avropa Mərkəzi Bankı aktiv alışlarını azaltmaq və faiz dərəcələrini sabit saxlamaqda qərarlıdır. Avropalılar üçün əsas olanı simmetrik 2 faiz inflyasiya hədəfinə ortamüddətli dönəmdə nail olmaqdır.
ABŞ-ın güzəştli monetar siyasətdən imtina perspektivinə uyğun olaraq inkişaf etməkdə olan ölkələr dövlət borcunun ödənilməsinin vaxtının uzadılması, fiskal öhdəliklərin tənzimlənməsi və valyuta uyğunsuzluğu sayəsində düzgün siyasət tədbirləri müəyyənləşdirməlidirlər.
Latın Amerikası və Avropadan fərqli olaraq Asiya-Sakit Okean (APAC) bölgəsində inflyasiya daha mülayimdir. Məsələn, Yaponiyada illik inflyasiya 1 faizin, Çində və İndoneziyada 2 faizin, Tayvanda 3 faizin və Cənubi Koreyada və Sinqapurda 4 faizin altındadır. Bu bölgədə yalnız Hindistan və Filippində inflyasiya nisbətən yüksəkdir. Asiya-Sakit Okean hövzəsində inflyasiyanın niyə aşağı olmasından Azərbaycan da özü üçün nəticələr çıxara bilər. Birincisi, pandemiyanın tüğyan edən vaxtlarında APAC ölkələri milli səviyyədə kəskin qapanmalara getmədilər deyə, tələbin xidmət sektorundan mallara keçməsi və malların kəskin bahalaşması baş vermədi. Eyni zamanda yenidən açılmalar da Qərbdəki kimi kəskin deyil, tədriclə baş verdi ki, tələb şoku yaranmasın. Üçüncüsü, inflyasiya xidmətdən çox ərzaq sahəsində olur ki, Asiya-Sakit Okean bölgəsində ərzaq sektoru pandemiyadan daha az təsirləndi. Dördüncüsü, təchizat zəncirlərində yaranan qırılmalar Asiya ölkələrinə az təsir göstərdi. Çünki Asiya ölkələri təchizat zəncirlərinin daha yuxarı axınlarında – apstrimdə qərarlaşıblar, qıtlıq isə adətən aşağı axınlarda – dounstrimdə yaranır. Beşinci amili iqtisadiyyatın ironiyası saymaq olar. Belə ki, Şərq və Qərb arasında ticarət müharibələri nəricəsində Asiyada təchizat zəncirlərində yerli iştirakçıların payı artmışdı ki, bu da şaxələndirmə demək idi və təchizat zəncirlərində problem yarananda yerli təchizatçılar alternativ təklif edə bilirdilər. Vaxtilə Çin-ABŞ arasında ticarət müharibələri inflyasiyanı körüklədiyi halda, həm də Asiyada təchizat zəncirlərində şaxələndirməni təmin etdiyindən pandemiya zamanında inflyasiyanın cilovlanmasına xidmət etdi.
Şərq və Qərb arasında inflyasiyanı tətikləyən ümumi cəhət isə ondan ibarətdir ki, hər iki regionda enerji, xüsusən də təbii qazın baha olması həlledici amillərdən sayılır. Azərbaycanın enerji ölkəsi olması və bu baxımdan təbii qazın satış qiymətinin aşağı müəyyənləşməsi inflyasiyanı cilovlayan amildir.
İnflyasiya gözləntilərini düzgün idarə etmək üçün Mərkəzi Banklar inflyasiya hədəflənməsi siyasətinə sadiqliyini nümayiş etdirməlidirlər. Bunun üçün də aydın və şəffaf kommunikasiya vacib rol oynayır.
- Azərbaycanda qiymətlər dünya ölkələri ilə müqayisədə nə qədər baha və ya ucuzdur?
Azərbaycanda qiymət səviyyəsinin başqa ölkələrdəki eyni göstəricilərlə müqayisəsi barədə bir neçə etibarlı beynəlxalq mənbə var. Məsələn, Numbeo.com saytında “Yaşayış xərclərinin indeksi” (Cost of Living Index) hesablanır və bu hesabata əsasən Azərbaycan “yaşayış xərcləri”nin bahalığına görə dünyada 139 ölkənin arasında 126-cı yerdə qərarlaşır, başqa sözlə, Azərbaycan dünyada 14-cü ən ucuz yaşayış xərcləri olan ölkədir. Yüksək inflyasiya şəraitində, beynəlxalq dollarla ifadədə Azərbaycan əmək haqqı, pensiya və sosial ödənişlərin səviyyəsinə görə MDB ölkələri arasında malik olduğu öncül mövqelərdən birini qorumağa çalışır. Bunun üçün kompleks antiinflyasiya tədbirlərinin rolu əhəmiyyətlidir.
- İnflyasiyanın sosial təsirlərinin aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Ən əsası əhalinin həssas təbəqələrini inflyasiyanın təsirindən qorumaqdır. Çünki əhalinin istehlak xərclərinə görə ən kasıb desilinin büdcəsində ərzaq xərcləri 60 faizə yaxındır. Belədə 15,7 faiz illik ərzaq inflyasiyası, ərzaq xərcləri ev təsərrüfatının büdcəsində 30 faiz paya malik olan ən varlı desilə nisbətən, ən kasıb desilə daha çox təsir göstərir. Ötən il kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 milyard ABŞ dolları olmaqla ümumi idxalın 18 faizini təşkil edib və buna görə də, biz dünyadakı ərzaq inflyasiyasını hiss edirik.
Buna görə də hökumətin antiinflyasiya siyasətində sosial blok aparıcı yer tutur. Bu il 2,1 milyon nəfərin sosial ödənişlərinin artırılması üçün dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılıb. Deyə bilərəm ki, bu siyasət davam etdiriləcək və əhalinin, xüsusilə də yoxsul insanların inflyasiyanın təsirlərindən qorunması üçün fəaliyyətlər həyata keçiriləcək.
Xüsusilə də, kənd təsərrüfatı və ərzaq sənayesinə verilən subsidiya, güzəştli vergi, kredit, sığorta və lizinq alətlərindən istifadə əhalinin ərzağa əlçatarlığını təmin etmək üçün əhəmiyyətlidir.
Amma etiraf edim ki, sosial ədalətlə yanaşı, biz həm də iqtisadiyyatın səmərəliliyi barədə fikirləşməliyik. İqtisadiyyatın səmərəliliyi isə azad rəqabət, insan kapitalının inkişafı və institutsional islahatlarla birbaşa bağlıdır. Məhz səmərəli iqtisadiyyat təklifi artan tələblə uzlaşdıra bilər ki, bu da inflyasiyanın fundamental əsası olan tələb-təklif tarazlığı üçün vacibdir.
- Antiinflyasiya tədbirləri hansı istiqamətləri əhatə etməlidir?
BVF inflyasiyanı modelləşdirəndə üç parametri nəzərdən keçirməyi tövsiyyə edir. Birincisi, marjinal xərcləri inflyasiya ilə əlaqələndirən əmsaldı. Eyni zamanda xarici tələbin ölkə iqtisadiyyatında tələbin inkişafına təsirini müəyyənləşdirən əmsal var. Deyim ki, həm marjinal xərclər artır, həm də ticarət tərəfdaşlarımızda iqtisadi artımın sürətlənməsi bizim ixracımızın artmasına təsir göstərir. İkincisi, şokların təsiridir. Məsələn, buraxılış kəsirinə təsir göstərən tələb şoku və ya xərc şoku. Bizim də buraxılış kəsirinə xərc şoku təsir göstərir. Üçüncü parametrlər dəsti iqtisadiyyatımızın uzunmüddətli perspektivdə vəziyyətini müəyyənləşdirir. Burada daha çox institutsional islahatlar, insan kapitalının inkişafı, infrastrukturun təkmilləşdirilməsi və işğaldan azad olunan ərazilərin bərpası daha çox təsir göstərəcək.
Aşağı inflyasiya iqtisadi mühiti daha az riskli etdiyinə, həmçinin investisiyaları və resursların səmərəli bölgüsünü təşviq etdiyinə görə daha çox arzuolunandır. Beləliklə, aşağı inflyasiya daha yüksək və davamlı iqtisadi artımı dəstəkləyir. Buna görə də aşağı və idarəolunan inflyasiya Mərkəzi Bankın əsas hədəfidir. Bundan başqa, pul siyasəti həm də işsizliyin təbii adlanan səviyyədə saxlanması və ya buraxılışda tsiklik dalğalanmaların yumşaldılması ilə məşğul ola bilər. Azərbaycan Mərkəzi Bankının əsas hədəf dəyişənlərindən biri manatın mübadilə məzənnəsidir ki, valyuta bazarına müdaxilələrlə manatın məzənnəsi tənzimlənir. Bəzən Mərkəzi Bankın sadalanan məqsədləri arasında toqquşma da yarana bildiyindən, monetar siyasət əsas hədəf kimi inflyasiyanı götürməlidir. Amma bu heç də inflyasiyanın hədəflənməsinin yeganə siyasət çərçivəsi olaraq qəbul edilməsi anlamına gəlmir. Məsələn, bizim Mərkəzi Bank monetar siyasətlə yanaşı həm də maliyyə-bank sistemi üzrə makroprudensial requlyatordu. Bu mənada Mərkəzi Bank həm də maliyyə sabitiliyinə cavabdehlik daşıyır ki, bu da monetar siyasətin məqsədlərinə aid deyil.
Azərbaycanın Mərkəzi Bankı yumşaq monetar siyasətini əvvəlcə neytrala və indisə tədriclə sərt siyasətə dəyişir. Keçən ilin sonlarına qədər inflyasiyanın hədəf dəhlizində olması və buraxılışın da potensiala yaxınlaşması müəyyən mənada iqtisadi tarazlığın olmasını göstərirdi. Xarici şokların təsiri altında inflyasiyanın hədəf dəhlizinin yuxarı həddini aşması monetar siyasətin sərtləşməsini labüd edir.
- Azərbaycanda monetar siyasət çərçivəsi inflyasiyanın cilovlanmasında hansı rolu oynayır?
Hazırda dünyada bir neçə monetar siyasət çərçivəsi istifadə olunur. Məsələn, Kanada, Avstraliya, Rusiya, Qazaxısatan və başqaları inflyasiyanın hədəflənməsi çərçivəsini seçiblər. Çin, Özbəkistan, Belorus, bəzi Afrika ölkələri və başqaları pulun hədəflənməsi siyasətini əsas götürüblər. Bir sıra Afrika və Yaxın Şərq ölkələri isə mübadilə məzənnəsini lövbər götürməklə monetar çərçivəni müəyyənləşdiriblər. Azərbaycanda isə uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə mərhələli keçid nəzərdə tutulur. Bunun üçün hazırlıqlar, o cümlədən, qiymətli kağızlar və aktiv pul bazarının formalaşdırılması, nağdsız dövriyyənin genişlənməsi, valyuta bazarında təklif kanallarının şaxələndirilməsi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi əsas hazırlıq istiqamətləri kimi qəbul edilir.
Monetar siyasətin məcmu tələbə və inflyasiyaya bir sıra təsir kanalları var. Birincisi, aktivlərin, o cümlədən, səhm və əmlakın qiymətidir ki, bu kanaldan Azərbaycanda məhdud istifadə olunur. İkinci təsir kanalı kreditlərdir, o cümlədən, bank kreditləri və şirkətlərin balansı. Həmçinin faiz dərəcəsi və mübadilə məzənnəsi də monetar siyasətin təsir kanalları sayılır. Aktivlərin qiyməti monetar kanal kimi daha dərin maliyyə bazarlarının mövcudluğu şəraitində istifadə olunur və buna görə də inkişaf etməkdə olan ölkələr, o cümlədən, Azərbaycan üçün bir o qədər təsirli monetar alət sayılmır. Buna görə də Azərbaycan kimi kiçik, açıq və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə faiz dərəcəsi və məzənnə daha təsirli monetar alət sayılır. Mərkəzi Bank monetar siyasət həyata keçirərkən pulun qısamüddətli faiz dərəcəsi və manatla pul bazasına təsir göstərir, bu yolla da gözləntilərə təsir edir. Gözləntilər isə yığım, sərmayə və istehlaka təsir göstərməklə buraxılışın və məcmu tələbin həcmini, deməli inflyasiyanın dərəcəsini müəyyənləşdirir. Əgər iqtisadiyyat potensialından yuxarıda qərarlaşıbsa, istehsal xərcləri aratacaq və inflyasiyanı sürətləndirəcək.
Mübadilə məzənnəsinin birbaşa və dolayı olmaqla iki kanalı var. Məsələn, birbaşa təsir odur ki, Azərbaycan şəraitində manatın mübadilə məzənnəsinin yüksəlməsi idxalın ucuzlaşmasına təsir göstərir. Başqa sözlə, məzənnəsi mökəmlənən manat dünyadakı inflyasiyanın təsirlərlərini azaldır. Bu gün qardaş Türkiyədə inflyasiyanın sürətlənməsinin bir səbəbi də lirənin məzənnəsinin ucuzlaşmasıdır. Amma etiraf edək ki, manatın məzənnəsinin möhkəmlənməsi digər tərəfdən yerli məhsulların da qiymətini artırır, buraxılışı məhdudlaşdırır. Bu da mübadilə məzənnəsinin dolayı təsiridir.
- Əsas narahatlıq doğuran məsələlərdən bir də odur ki, Mərkəzi Bank faiz dərəcələrini yüksəldirsə onda kreditlər də bahalaşacaq...
Əslində ilk baxışda Mərkəzi Bankın faizləri qaldırması bir laq sonra yeni verilən kreditlərin faiz dərəcəsinə artırıcı təsir göstərə bilər. Amma burada daha bir məqam var. Əgər kommersiya bankları Mərkəzi Banka etimad edirlərsə və inanırlarsa ki, onun antiinflyasiya siyasəti özünü doğruldacaq və inflyasiya yenidən hədəf dəhlizinə qayıdacaq, onda kreditlər də deyilən qədər bahalaşmamalıdır. Çünki indi verilən kreditin qaytarılması gələcək illərdə nəzərdə tutulub. Gələcəkdə isə inflyasiya Mərkəzi Bankın vəd etdiyi kimi aşağı enəcəksə, onda indi verilən kreditin də nominal faizini gələcək inflyasiya gözləntilərinə uyğunlaşdırmaq lazımdır. Bəli, monetar siyasətdə Mərkəzi Banka olan inam əsasdır və bu kontekstdə də inflyasiya gözləntiləri düzgün idarə olunarsa, bütün maraqlı tərəflər, o cümlədən banklar faydalanar. Çünki banklara da yüksək faizlərlə müştəriləri yükləmək sərf etmir. Borclu borclunun sağlığını istəyir.
- Bəs qiymətlərin inzibati yolla tənzimlənməsi nə qədər məqsədəuyğundu?
Qiymətlərin süni şəkildə inzibati yolla dondurulması, hansısa tavanların müəyyənləşdirilməsi risklidir. Çünki belə olduqda təklif tərəfində motivasiya azala bilər, istehsalçılar məhsul və xidmətləri təklif etməkdə daha az maraqlı ola bilərlər ki, bu da buraxılışı azaldar. Əslində “Antiinhisar fəaliyyəti haqqında” qanunda da deyilir ki, icra hakimiyyəti orqanları rəqabətin məhdudlaşdırılması məqsədilə qiymətlərin üzərində əsassız olaraq nəzarət həyata keçirə bilməzlər.
Digər tərəfdən isə qanunvericiliyimizdə bazar subyektlərinin üfqi və şaquli sazişləri, qiymətlərlə manipulyasiya, inhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti kimi anlayılar var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrinə qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və dempinqə qarşı tədbirlər görmək daxildir. Adıgedən Xidmət həm də qiymətlərin artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparır. Əgər qanunvericiliyin pozulması halları aşkarlanarsa, tədbirlər görüləcəkdir.
Xatırladım ki, Mili Məclisin yaz sessiyası üçün iş planına “Antinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Dövlət satınalmaları haqqında” qanunların yenidən təhlili və onların təkmilləşdirilməsi daxil edilib. Hesab edirəm ki, bu kontekstdə antiinflyasiya siyasətinin qanunvericilik əsaslarının yaradılması mühüm əhəmiyyət kəsb edərdi.
- İndi əsas narahat edən sual inflyasiya və iqtisadi artım arasında kompromisin tapılmasıdır. Biz buna necə nail ola bilərik?
Etiraf edək ki, Mərkəzi Bankın faiz dərəcəsini yüksəltməsi və manatın nominal mübadilə məzənnəsinin bahalaşması inflyasiyanı cilovlasa da, iqtisadi artıma çağırışlar yaradır. Lakin bu halda Azərbaycan hökumətinin və Mərkəzi Bankın siyasi seçimi inflyasiyanı cilovlamaqdır. Çünki iqtisadi artımın əsas drayveri sərmayə qoyuluşu ilə bağlı proqnozlar müsbətdir. UNCTAD-ın “İnvestisiya Trendləri Monitor”unda göstərilir ki, 2021-ci ildə dünyada birbaşa xarici sərmayə 77 faiz artıb və pandemiyadan əvvəlki həcmi ötüb. UNCTAD bu il də xarici birbaşa sərmayələrin, o cümlədən, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə artmasını proqnozlaşdırır. Azərbaycan hökuməti də 2022-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 3,4 faiz artaraq 18,5 milyard manat olacağını proqnozlaşdırır. Mərkəzi Bankın monetar siyasəti sərtləşdirməsinin sərmayələrin məhdudlaşmasına təsiri əhəmiyyətli olmayacaq. Çünki onsuz da əsas kapitala yönələn sərmayələrdə bankların maliyyələşdirməsinin xüsusi çəkisi məhduddur. Məsələn, Dünya Bankının məlumatına görə 2020-ci ildə özəl sektora verilən yerli kreditlərin ÜDM-ə nisbəti dünyada 147,6 faiz olduğu halda, Azərbaycanda bu göstərici 26,1 faiz təşkil edib. Azərbaycanda sərmayə qoyuluşunda bank kreditləri deyil, başqa mənbələr əsas rol oynayır ki, onlar üçün əsas olanı manatın sabitliyi və inflyasiyanın cilovlanmasıdır. Bir də ki, Azərbaycanda sərmayə mühitinin daimi olaraq yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi həyata keçirilir ki, bu da investisiya cəlbediciliyini artırır. Müqayisə üçün deyim ki, İMF-in son hesabatında bəzi inkişaf etməkdə olan ölkələrin biznesə dəstək imkanlarının məhdudlaşdığı qeyd olunsa da, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür.
Hazırda hökumətdə “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı işlənilir. Əsas məqsəd əhalinin sosial rifahının qorunması və inflyasiyanın optimallaşdırılması ilə davamlı inkişafın təmin edilməsidir. Hökumətin antiinflyasiya siyasətində yuxarıda sadalanan iqtisadi və inzibati alətlərlə yanaşı, həm də institutsional məsələlər, o cümlədən şəffaflıq, hesabatlılıq, kölgə iqtisadiyyatla mübarizə, rəqəmsallaşma və nağdsız dövriyyənin genişləndirilməsi də əsas yer tutur.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"