İİTKM-in departament rəhbəri Nicat Hacızadə: “Güzəştli saziş nəticəsində Türkiyə ilə ticarət 11% artıb”
Azərbaycanın əsas tərəfdaşı olan Türkiyə Cümhuriyyəti ilə bağlanan preferensial ticarət sazişi ölkələr arasındakı ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, xarici ticarətin liberallaşdırılması və istehlakçıların daha ucuz və keyfiyyətli məhsula əlçatanlığının artırılması istiqamətində aparılan iqtisadi islahatlar artıq statistik rəqəmlərdə özünü büruzə verir.
Onun sözlərinə görə ötən ilin 1 mart tarixindən qüvvəyə minən müqaviləyə əsasən, hər iki ölkənin 15 məhsulu (birlikdə 30) üzrə gömrük tarifləri azaldılıb və müvafiq məhsullar üzrə kvotalar tətbiq edilib. 2022-ci ilin yanvar-aprel ayları ərzində 30 məhsul üzrə Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 10,7 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% daha çoxdur. Habelə, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan mənşəli 15 məhsulun ixracı ötən illə müqayisədə 8 dəfə artıb. Türkiyə mənşəli 15 məhsulun Azərbaycana ixracı isə 9,4 milyon ABŞ dolları təşkil edib ki, ötən illə müqayisədə dəyişməz qalıb.
Departament rəhbəri bildirir ki, preferensial ticarət sazişi artıq beynəlxalq ticarətin təməldaşına çevrilib. Bu növ sazişlər nəticəsində inkişafda olan ölkələr inkişaf etmiş ölkələrin bazarlarına cığır açır və ticarətini şaxələndirərək genişləndirir. Preferensial ticarət sazişi və regional ittifaqlara qoşulan ölkələrdən hər hansı birinin Ümumdünya Ticarət Sazişinə (ÜTT) üzvlüyü mövcud olmazsa, həmin ölkələr ÜTT+ icmasının üzvü kimi də qiymətləndirilə bilir. Bunun əsas səbəbi qarşılıqlı texniki tənzimləmələrin həyata keçirilməsi, standartların qarşılıqlı tanınması və mübahisələrin birgə həlli kimi parametrlərin özündə əks olunmasıdır. Çünki texniki maneələr qapalı ticarətə malik ölkələrin ən çox rastlaşdığı baryerlər hesab edilir. Müvafiq sazişlər əsasında ikitərəfli və çoxtərəfli əsasda maneələrin aradan qaldırılması və elmi əsaslara dayanan yanaşmanın ortaya qoyulması əsas götürülür.
N.Hacızadə qeyd edir ki, ötən il güzəştə daxil olan bir sıra məhsullar üzrə ticarət aparılmayıb. Belə ki, bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları, şokolad və ondan hazırlanan digər məmulatlar, alma şirəsi və çəkisi 3 kq-dan çox olmayan ilkin bağlamalarda qara çayın ötən ilin yanvar-aprel aylarında Türkiyə Cümhuriyyətinə ixracı mövcud olmayıb: “Sazişin qüvvəyə minməsindən sonra sözügedən məhsullar üzrə əhəmiyyətli artımın olduğunu görə bilirik. Gələcək illərdə preferensial ticarət sazişinə daxil olan məhsulların sayının artırılması və ya azad ticarət sazişlərinə keçid hər iki ölkə qarşısında qoyulan ticarət hədəfinə çatmağa yardım edəcəkdir”.
Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə Cümhuriyyətinə qeyri-neft ixracı 333,7 milyon ABŞ dolları, idxalın dəyəri isə müvafiq dövrdə 687,4 milyon ABŞ dolları təşkil edib. Ticarət sazişi çərçivəsində tarif dərəcəsi sıfıra endirilən Azərbaycan mənşəli 15 məhsul üzrə statistik göstərici qeyri-neft ixracının 3,2%-i, idxal edilən 15 türk mənşəli məhsullar isə tərəfdaş ölkədən edən idxalın 1,4%-i təşkil edir.
Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycanın qeyri-neft ixracı yeni dövrə qədəm qoyur
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub