Xarici ticarətin liberallaşdırılması üçün vacib islahat tədbirləri görülüb

Nicat Hacızadə

İİTKM-in şöbə müdiri

27 mart 2023, 09:27

 Xarici ticarətin liberallaşdırılması üçün vacib islahat tədbirləri görülüb

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı Azərbaycanın xarici ticarətinin inkişafı istiqamətindəhəyata keçirdiyi zəruri tədbirlər barədə məqamlara da toxunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə hesabatdakı bəzi məqamları şərh edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, o bildirib ki, ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi, ixracyönümlü istehsalın dəstəklənməsi, xammal təchizatının yaxşılaşdırılması, coğrafi və məhsul diversifikasiyasının təmin edilməsi və s. əhəmiyyətli icraatlar həyata keçirilib. Yerli istehsalın dəstəklənməsi və ixracın stimullaşdırılması məqsədilə yerli sahibkarlıq subyektlərinə dəstək tədbirləri davam etdirilib. Habelə, xarici ticarətin sürətli həyata keçirilməsi üçün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərin kəsişməsi, tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər icra olunub.

Nicat Hacızadə 2022-ci ildə həyata keçirilən ticarət siyasəti ilə əlaqədar işləri şərh edərək bildirib ki, ötən il yerli istehsalın əhatə dairəsini genişləndirərək Azərbaycanın qeyri-neft ixracında əhəmiyyətli irəliləyiş əldə edilib: “2022-ci ildə 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. Yerli istehsalın dəstəklənməsi istiqamətində verilən investisiya təşviqi sənədi 664,6 mln manatlıq dəyərə malik olub. Təqdim edilən investisiya təşviqi sənədlərinin 60,6%-i sənaye sahələrini əhatə edir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsala dəstək məqsədilə investisiya layihələrinin maliyyələşdirilməsi, güzəştli kreditlərin verilməsi investisiya təşviqi sənədi ilə eyni məqsədə xidmət etməkdədir. Yerli istehsalın dövlət tərəfindən dəstəklənməsi orta və uzunmüddətli dövrdə yerli bazarda rəqabətin gücləndirilməsi, habelə ticarət məqsədli ixracın həyata keçirilməsini dəstəkləyəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “istehsal səfərbərliyinin” həyata keçirilməsi Azərbaycanın neft-qaz sektorundan əldə edilən gəlirlərdən asıllığının azaldılması, qeyri- neft-qaz sənayesinin iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməsini hədəfləyir.”

N. Hacızadə Azərbaycana idxal edilən məhsullarla bağlı məsələləri şərh edərək bildirib ki, idxal inflyasiyası bir sıra hallarda istehsal xərclərinin də artmasına səbəb olur: “2022-ci ilin idxal strukturunun 52,1%-i xammal və aralıq, 31,2%-i son istehlak, 16,7%-i isə kapital məhsullarıdır. Böyük Qayıdışın reallaşdırılması məqsədilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən miqyas nöqteyi-nəzərdən nəhəng layihələr aralıq məhsulların da idxalını artırıb. Habelə, emal sənayesinin genişlənməsi istehsal edilən məhsullar üçün yeni xammal ehtiyacı yaradır. Lakin, Prezident İlham Əliyev tərəfindən qəbul edilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri iqtisadiyyatın rəqabətqabiliyyətliyinin təmin edilməsi, ixracyönümlü iqtisadi modelə keçidinin reallaşdırılması, sofistikasiya edilən məhsulların istehsalının təşkil edilməsi, qlobal dəyər zəncirində paya malik olmaqdan ibarətdir. 2022-ci il ərzində xarici ticarətin liberallaşdırılması və daxili istehsalın dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilib. Yerli istehsalın səmərəliliyinin artırılması məqsədilə müxtəlif sənaye məhsullarının xammal təchizatının yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən istehsal üçün zəruri olan xammal və aralıq məhsullarının rüsumlarının müddətsiz olaraq “0” dərəcəyə endirilməsi ilə əlaqədar layihələr hazırlanıb. Azərbaycanın qlobal dəyər zəncirində iştirakçılığının artırılması üçün istehsalçıların daha rəqabətcil və məqbul xammallara əlçatanlığının artırılması əsas çağırışlardan biridir. Habelə, daxildə emal xüsusi gömrük prosedurundan istifadə istehsal edilən məhsulun daha rəqabətcil olmasına təsir edəcəkdir. Bu məqsədlə, ixracyönümlü yerli istehsalın artırılması üçün daxildə emal gömrük prosedurundan istifadənin əhatə dairəsinin genişlənməsinə ehtiyac vardır. Habelə, iqtisadiyyatda innovasiyaların tətbiqi istehsal edilən məhsulun ucuz, rəqabətli, mürəkkəb məhsula çevrilməsinə yardım edəcəkdir. Ötən dövr ərzində sahibkarların innovativ alətlərdən istifadəsi üçün beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif icraatlar həyata keçirilir.

 

N.Hacızadə ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə münasibət bildirirərək qeyd edib ki, Azərbaycanın iqtisadi artımın əsas drayveri ixrac olub: “Qlobal geosiyasi və geoiqtisadi vəziyyətlə əlaqədar qeyri-müəyyən şəraitin olmasına rəğmən qeyri-neft ixracının artması müsbət trendin davam edəcəyinə ümid yaradır. 2021 və 2022-ci ilin qlobal inflyasiya mübarizə şəraitində keçdiyini nəzərə alaraq, məhsulların çəkisinin dəyəri ilə müqayisədə nisbətən az artmasını müşahidə etmək mümkündür. Lakin, 2022-ci ilin son rübü inflyasiyanın təsirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə zəifləməsi nəzərəçarpır. Belə ki, pandemiya dövründə pozulan təchizat zəncirinin sürətli bərpasına Rusiya-Ukrayna müharibəsi mənfi təsir etdi. Qeyd edilən müharibə şəraitində “Böyük 7-lik” ölkələri tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya qlobal dəyər zəncirində yenidən qırılmaların yaradılmasına şərait yaratdı. Habelə, enerji təhlükəsizliyi ilə əlaqədar yaranan məhdudiyyətlər enerji qiymətlərinin artan qiymətinin yenidən yüksəlməsinə səbəb olub. Hesabat ilində Azərbaycanın ümumi ixracının 71,5% yüksəlməsi neft-qaz ixracının 80,1% və ya 15,6 mlrd ABŞ dolları artımı ilə birbaşa əlaqədardır.

N.Hacızadə 2022-ci il ərzində qeyri-neft ixracının artımının da iqtisadi artıma töhfə verdiyini vurğulayaraq, bildirib ki, ixracın diversifikasiyası ötən illərlə müqayisədə artıb. “2022-ci ilin yekunlarına əsasən, qeyri-neft ixracı 12,4% artaraq 3,05 mlrd ABŞ dolları dəyərinə nail olub. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsinin kimya sənayesi olması sevindiricidir. Habelə, ixrac edilən ilk 20 məhsulun əksəriyyətinin aralıq məhsul olmasına baxmayaraq, emal sənayesinə aid olması müsbət hadisə kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin sənayenin inkişafı istiqamətində həyata keçirdiyi iqtisadi siyasət və islahatlar nəticəsində qeyri-neft sənayesinin qeyri-neft ixracında payı ötən illərlə müqayisədə artmaqda davam edir. Qeyri-neft ixracının məhsul strukturunda meyvə-tərəvəz məhsullarının əsas ticarət coğrafiyası Rusiya Federasiyasıdır. Meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edir. Nəticə etibarı ilə, aqrar məhsulların əsas bazarının Rusiya Federasiyası olduğunu da vurğulamaq mümkündür. Həmin qrupun 7%-nin tərkib hissəsinə ət və qida üçün yararlı ət əlavələri, dənli bitkilər, tütün və s. daxildir.

N. Hacızadə bidlirib ki, Prezident İlham Əliyevin hökumətin iqtisadi bloku qarşısında qoyduğu əsas vəzifələrdən biri yerli və milli məhsulları əlavə dəyər əsasında formalaşdıraraq şaxələnən coğrafiyalara ixracı ilə bağlıdır: Prezident İlham Əliyev tərəfindən qəbul edilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri iqtisadiyyatın rəqabətqabiliyyətliyinin təmin edilməsi, ixracyönümlü iqtisadi modelə keçidinin reallaşdırılması, sofistikasiya edilən məhsulların istehsalının təşkil edilməsi, qlobal dəyər zəncirində paya malik olmaqdan ibarətdir. 2022-ci ilin yekunlarına nəzər yetirdikdə aqrar-sənaye məhsullarının istehsal və ixracının artımının qarşıya qoyulan öhdəliklərə uyğun icra edildiyini görmək mümkündür. Belə ki, ötən ilin 12 aylıq dövrü ərzində aqrar-sənaye məhsullarının ixracı 35,4% artaraq 194,8 milyon ABŞ dollarına çatıb. 2022-ci il ərzində qida, içki və tütün məmulatlarının istehsalı 3,6 mlrd ABŞ dolları, anbarlarda qalan hazır məhsul qalığı isə 128,3 milyon ABŞ dolları təşkil edib. Aparılan hesablamalara əsasən, ərzaq, içki və tütün məmulatlarının idxalının yerli istehlakda payı 20,1% təşkil edir. Müvafiq dövr ərzində ərzaq, içki və tütün məmulatları üzrə son istehlak mallarının dəyəri 717 milyon ABŞ dolları təşkil edib. Həmin məhsul qrupunun yalnız 323,1 milyon ABŞ dolları aralıq məhsullarının payına daxil olur ki, bu da ərzaq məhsullarının hazırlanmasında kompanent kimi istifadə edilir. Nəticə etibarı ilə, yerli istehsal edilən qida məhsullarının əsas hissəsi daxili bazara yönəlir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R