İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinini şöbə müdirinin müavini Günay Quliyeva sosial islahatlarla bağlı şərh bildirib.
"Bu sahədə atılan ən mühüm addımlardan biri ötən il yanvarın 1-dən minimum əmək haqqının 20 % artırılaraq 250 manatdan 300 manata çatdırılması olub. Bu addım muzdla çalışanların böyük hissəsini, yəni 800 mindən çox adamı əhatə edib. Artımı təmin etmək üçün 2022-ci ilin dövlət büdcəsindən 460 milyon manat əlavə vəsait ayrılıb. Bu gün Baş nazir Əli Əsədov Milli Məclisdəki çıxışında qeyd edib ki, ötən il büdcə xərclərinin 11 milyard 577 milyon manatı və yaxud 36 %-i sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib”, - deyə o qeyd edib.
"2022-ci ildə sosial islahat paketinin bir qolu olaraq, muzdla çalışanların böyük hissəsini təşkil edən bir sıra dövlət işçilərinin - təhsil sahəsində çalışan işçilərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin, hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxslərin, dövlət qulluqçularının əmək haqları artırılıb. Ümumilikdə pensiya, əməkhaqqı və müavinətlərin artırılması 3,4 milyon şəxsi, yəni əhalinin təxminən 35 %-ni əhatə edib. Artımları maliyyələşdirmək üçün büdcədən 2,1 milyard manat əlavə vəsait ayrılıb", - deyə ekspert vurğulayıb.
G.Quliyeva dövlətin sosial müdafiə siyasətinin ən mühüm istiqamətlərdən biri olan I Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının həyat şəraitlərini yaxşılaşdırmaq və onları qısa müddətdə cəmiyyətə inteqrasiya etmək məqsədilə bir çox sosial proqramlar həyata keçirildiyini deyib: "Həyata keçirilən proqramlara Vətən müharibəsi və I Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinin, Vətən Müharibəsi Qəhrəmanlarının, müharibə əlillərinin və başqa bir sıra imtiyazlı şəxslərin mənzil və avtomobillə təmin olunması, müharibə iştirakçılarına Prezident sərəncamına əsasən "Müharibə veteranı" adının və onlara təyin olunmuş təqaüdlərin verilməsi, onların işlə təmin olunması kimi bir çox məsələlər aiddir. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 122 min unikal şəxsə 264 sosial dəstək göstərib. I Qarabağ müharibəsi əlilləri də ötən il dövlətin sosial qayğısından kənarda qalmayıb. Onlara əlilliyə görə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb və onların 98 %-nə bu vəsait köçürülüb".
"Hökumətin qarşısında duran ən əsas vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə iqtisadi və sosial həyatın bərpa olunmasıdır. Bu məqsədlə mərhələli şəkildə həyata keçirilən "Böyük Qayıdış"ın bir parçası olaraq işğaldan azad edilmiş ərazilərə ixtisaslı, bilik və bacarıqlı kadrların cəlb edilməsi üçün ötən il “Əmək Məcəlləsi”nə, “Miqrasiya Məcəlləsi”nə, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər qısa müddətdə savadlı mütəxəssislərin həmin regiona miqrasiyasına və orada yaranan sahibkarlıq subyektlərinin güclü kadrlarla təminatına töhfə verəcək", - deyə İİTKM rəsmisi bildirib.
Onun sözlərinə görə, ötən il dövlətin uğurla təqdim etdiyi sosial islahatlardan biri də əlilliklə bağlı pensiya təyinatı məsələlərini əhatə edib: "Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlara əsasən, əlilliyin ənənəvi üç dərəcə əlillik və sağlamlıq imkanlarının məhdudluğu kriteriyaları əvəzinə, sağlamlıq dərəcəsinin itirilməsinin faizlə ifadəsi əsasında müəyyənləşdirilməsinə başlanılıb, əlillik təyinatı ilə bağlı meyarların siyahısı 4 dəfədən çox genişləndirilib. Daha sadə dillə desək, ötən ildən daha çox xəstəlik, zədə və çatışmazlıqlar sağlamlığın itirilməsi faizi meyarlarına daxil olunub. Bu dəyişiklik təkcə əlillik təyini məsələlərini deyil, həmçinin əlillərin reabilitasiya imkanlarını artırmaq, sağlamlıq imkanlarının bərpası prosesini sürətləndirmək, cəmiyyətə inteqrasiyasını və qalan potensialına uyğun işlə təmin edilmək kimi bir sıra məsələləri də həll etməyə müsbət təsir edəcək".
Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…
“Startaplara dəstək” layihəsi uğurla başa çatıb