2021-ci ilin ilk 10 ayı ərzində qeydə alınan 5,3%-lik iqtisadi artımda xarici tələbin genişlənməsinin xüsusi payı vardır. İxracın idxalı qarşılama faizinin yüksək olması və müsbət saldonun ötən illə müqayisədə artması xarici tələbin iqtisadi artımda əhəmiyyətini möhkəmləndirmişdir. Habelə, 2021-ci ilin 9 ayı ərzində yaranan 2,4 milyard ABŞ dollarlıq müsbət tədiyyə balansı saldosu cari hesablar balansındakı 3,9 milyardlıq cari hesablar profisitinin hesabına formalaşmışdır. Bu da Azərbaycanın makroiqtisadi dayanıqlığı və maliyyə sabitliyi nöqteyi-nəzərdən önəmli faktordur.
Milli Hesablar sisteminin ilk 6 aylıq verilənlərinə müvafiq olaraq ev təsərrüfatlarının və dövlət idarələrinin istehlaklarının iqtisadi artımda payının 72% olduğunu nəzərə alsaq, iqtisadi böyümənin daxili tələb hesabına artdığını müşahidə edirik. Amma buna baxmayaraq, idxal ilə rəqabət aparan sektorlarda daxili tələbdə idxalın payının yerli istehsaldan çox olması cari hesablar balansında profisitin aşağıya doğru çəkilməsinə xidmət edir. Belə olduğu halda, qeyri-neft sektorunun daxili tələb hesabına artımı son nəticə olaraq yerli istehsalın çəkisinin və ixracatın yüksəlməsi, qeyri-neft sektorunda dayanıqlı və proqnozlaşdırıla bilən artıma gətirəcəkdir.
2021-ci ilin oktyabr ayı verilənlərinə əsasən, ABŞ tərəfindən M2 pul aqreqatının 21,2 trilyon ABŞ dolları səviyyəsinə çatdırılması dünyada böyük likvidliyin yaranmasına səbəb olmuşdur. Başqa sözlə pul təklifini məhdudlaşdıracaq tənzimləmələrin yumşaldılması tələb və təklifin yenidən canlanmasına xidmət edir. Belə olan təqdirdə, dünya bazarlarında xarici ticarət artımların sürətli yüksəlişini müşahidə etməmək mümkün deyil. Sözsüz ki, geniş istehlak olunan məhsulların qiymətlərindəki, artımda da geniş pul kütləsinin tələbi tətikləməsi səbəbindən yaranır. Buna baxmayaraq, məhsul qiymətlərində artım yalnız pul kütləsi bolluğuna bağlı deyil. Burada təchizat zəncirindəki məhdudiyyətlərin yaranması, beynəlxalq miqrant böhranı, qeyri-tarif baryerlərində yeni yanaşmalar və enerji qiymətlərindəki artım ilə əlaqədardır.
Beynəlxalq iqtisadiyyatın yenidən canlanması, epidemiya səbəbindən ertələnən tələbin yüksəlməsi, habelə beynəlxalq birjalarda qiyməti formalaşan əmtəələrin və ayrı–ayrılıqda məhsulların qiymətlərininin yüksəlişi Azərbaycanın qeyri-neft ixracını 2021-ci ilin 10 ayı ərzində 42, 11 ayı ərzində isə 44% artırmışdır. Neft-qaz qiymətlərinin artımı kimya və plastmas, kauçuk və rezin məmulatları bazarında qiymətlərin yüksəlməsi ilə nəticələnmişdir. 2021-ci ilin xarici ticarət statistikasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan məhsullar üzrə qiymət artımı 46% təşkil etmişdir. İxracın qiymət indeksində artım mineral məhsullar, xüsusilə neft və qaz (52%), heyvan və bitki mənşəli məhsullardan alınan piylər və yağlar (34%), plastmas, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar (34,9%), üzvi kimyəvi birləşmələr (39,3%), azqiymətli metallar və ondan hazırlanan (33,4%) məmulatlarda görünən qiymət artımı ilə əlaqədardır. Neft-qaz istisna olmaqla, sözgüedən istiqamətlər qeyri-neft ixracında drayver rolunu oynayır.
İdxal məhsullarında da ötən ilin eyni dövrü ilə müqayisədə 21,4%-lik artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin 10 aylıq inflyasiya göstəricilərinə görə daxili bazarda ötən ilin eyni dövrü ilə müqayisədə 6,7%-lik, ərzaq məhsullarında 7,4%-lik, qeyri-ərzaq məhsullarında isə 4,8%-lik artım müşahidə edilib. Yalnız noyabr ayı etibarı ilə ərzaq, içkilər və tütün məmulatlarında ötən ilin noyabr ayı ilə müqayisədə 14,9%-lik artım qeyd alınıb. Aparılan hesablamalara əsasən, hazır qida məhsulları, içki və tütün ilə əlaqədar sektorlarda idxal məhsullarının payı daxili tələbdə 20-21% civarında dəyişir. Daxili bazarda istehsal olunan və emal edilən qida məhsullarının böyük əksəriyyəti yerli istehsal hesabına formalaşır. Aparılan statistik təhlillərə əsasən, emal edilən ərzaq məhsulları, içki, tütün və onlardan hazırlanan məmulatların 72%-i hazır məhsullardır.
Emal edilən yerli qida məhsulların tərkibində idxal kompanentlərinin çoxluğu həmin məhsulların qiymətində də artım ilə nəticələnir. Emal prosesi zamanı istifadə edilən avadanlıqlar və onların ehtiyac hissələri sərmayə məhsulu kimi, qablaşdırmada istifadə edilən plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materialları isə aralıq məhsulları olaraq Azərbaycana idxal edilir. Sözügedən aralıq məhsullar üzrə xammaddəyə malik plastmas və ondan hazırlanan məmulatlar, qeyri-üzvi kimya sənayesi məhsulları və onun məmulatlarının dünya bazar qiymətlərində artım yerli və idxal məhsullarının dəyərinə təsir edir. Hesablamalara əsasən, ərzaq məhsullarının qablaşdırılma materiallarının xammalı olan plastmas və ondan hazırlanan məmulatların 90% -dən yuxarı hissəsi xarici tələbin qarşılanması üçün istehsal olunur. Eyniadlı sektor üzrə isə Azərbaycanın idxalında daxili tələbin payı yüksəkdir. Adıçəkilən sektor müxtəlif sənayə məhsullarının qablaşdırılması və təhlükəsiz çatdırılmasında xammal rolunu oynayır ki, bu Azərbaycanın müqayisəli üstünlüyünə səbəb olur. Yuxarıda qeyd edilən faiz dərəcəsinə müvafiq olaraq vurğulanmalıdır ki, plastmas, kauçuk, rezin və onlardan hazırlanan məmulatların əsas istehlakçısı ev təsərrüfatları deyil, firmalardır. Azərbaycanda sözügedən sektorun ixrac payına baxdıqda məhsulların sektor üzrə yüksək konsentrasiyaya malik olduğunu müşahidə edə bilərik. Plastmas və ondan hazırlanan məmulatlar üzrə Azərbaycanın xarici ticarəti 146 mal üzərindən aparılır ki, onun da yalnız 55-ni Azərbaycan ixrac edir. Habelə, ixrac edilən məhsulların yalnız 10-u 300 min ABŞ dolları üzərində ixraca malikdir. Nəticə etibarı ilə, idxalda vertikal diversifikasiya daha yuxarı olduğu qənaətinə gələ bilərik.
İxracyönümlü istiqamətə malik hər iki sektor qeyri-neft ixracının artımında birbaşa rola malikdir. Buna baxmayaraq, məhsul və coğrafi baxımdan diversifikasiya günün aktual çağırışları olaraq qalır. 2021-ci ilin ilk 10 ayının statistikasına əsasən, Azərbaycanın mal və məhsullarının sayı digər dünya ölkələri xarici ticarətində 4271 ədəd olub. Sözügedən mal və məhsulların ticarətində Azərbaycanın payı 40,9% təşkil etmişdir. Mal və məhsulların sayının ötən illə müqayisədə artmasına baxmayaraq, vertikal diverisifikasiya aktuallığı qoruyur. Müasir dövrdə yüksək əlavə dəyər yaratma, müxtəliflik və nadirlik prinsipi ixracda dayanıqlılıq və rəqabətlilik baxımından əhəmiyyətlidir. Diversifikiya yalnız məhsul sayının artımını ilə deyil, həmçinin müxtəlif keyfiyyətlərə malik ixracın əhəmiyyətini diqqətə çatdırır. Yerli məhsulların istehsal mürəkkəbliyinin təmin edilməsi həm ixrac həm də rifahın artmasına müsbət təsir edəcəkdir. Diversifikasiya və keyfiyyət komplementarlıq təşkil etdiyi halda, ixrac sofistikasiyasının yüksəlməsinin şahidi olacağıq. Sofistikasiyalaşmış məhsullara əsasən sərmayə tutumlu və hazır məhsullar şamil edilir. Sərmayə malları Azərbaycanın idxalında 15% paya malikdir. Milli istehsalın məhsuldarlıq göstəricilərinin artırılması Azərbaycana transfer edilən texnologiyayalardan asılıdır. Lakin, Azərbaycan orta və yüksək texnologiyaların istehsal və ixrac mərhələsinə qədəm qoyması nəinki qeyri-neft sektorunda, əlavə dəyərin yüksəlməsinə, həmçinin adambaşına düşən milli gəlirində artımına səbəb olacaq. Harvard Universitetinin professorları tərəfindən ixrac sofistikasiya indeksinin də açılışı rifahı hədəfləyən bir yanaşmadır.
Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək
Green Talk: Rumıniyalı professorun "Yaşıl marketinqin dayanıqlı inkişafda rolu"…