Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu

Zənurə Talıbova

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

07 mart 2024, 17:52

 Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu

Zənurə Talıbova – İİTKM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

İsmət Mehrəliyeva – İİTKM-in Rəqəmsal Ticarət Qovşağının rəhbəri

 

Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu

 

Korporativ idarəetmə həm yerli, həm də xarici investorlar üçün cəlbedici mühitin təmin edilməsinə yönələn və investisiyanın cəmiyyətə faydalarını artıran mühüm islahat proqramıdır. Qlobal kapital bazarından tam yararlanmaq və uzunmüddətli kapitalın cəlb edilməsi üçün korporativ idarəetmə vacib amildir və bu sahədə beynəlxalq səviyyədə qəbul edilən prinsiplərə əməl edilməlidir. Korporativ idarəetmə, yerli investorların etimadını artırmağa və daha sabit maliyyə mənbələrinin əlçatanlığına təkan verir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) prinsiplərinə görə korporativ idarəetmə təcrübəsi ilə investisiyanın getdikcə artan beynəlxalq xarakteri arasındakı əlaqə xüsusi aktuallıq kəsb edir.

Rəqəmsal infrastrukturun investisiya cəlbində rolu

Beynəlxalq təcrübədə xarici sərmayələri təşviq edən və beynəlxalq şirkətlərə iş imkanlarının tapılmasında kömək olan rəqəmsal platforma, mərkəzi monitorinq və nəzarət sistemi mövcudur. Estoniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, İrlandiya və Sinqapur kimi ölkələrin təcrübəsindəki rəqəmsal platformada “One-Stop” investisiya məsləhət xidmətləri, biznes imkanları və bütünlükdə ölkədəki investisiya mühitinə dair xarici investoru maraqlandıran əsas məlumatlar toplusu mərkəzləşir. Bu rəqəmsal platforma ölkəni investisiya üçün cəlbedici bir mühit olaraq təqdim edərək ölkədə investisiya üçün mövcud sahələr, hüquq, vergi, maliyyə və stabil artan ölkə iqtisadiyyatı haqqında məlumatları özündə cəmləyir və elektron xidmətlər təklif edir. Mərkəzləşdirilmiş məlumat və müraciət platforması investor üçün vaxta qənaət edir, şəffaflıq və inamı artırır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi Strategiyası”nda yer alan biznes üçün investisiya mühitinin yaxşılaşdırılması və monitorinqinin infrastruktur, texnoloji və hüquqi çərçivələrinin yaradılması fəaliyyət istiqamətində (1.1.20.) də qeyd olunduğu kimi investisiyaların təşviqi üçün yeni rəqəmsal platformanın hazırlanması, electron xidmətlərin inteqrsiyası və tətbiqi zəruridir.

Elektron mərkəzi monitorinq və nəzarət sistemi vasitəsilə bütün layihələr mərkəzi nəzarətə tabe olur. Bu zaman layihənin icrası zamanı yaranan potensial xərclərin, risklərin və layihənin icrası zamanı yaranan sistematik çatışmazlıqların aşkarlanması və layihə portfelinin təhlilinin aparılması üçün institusionallaşdırılmış tədbirlər hazırlanır. Xüsusilə qeyd etmək olar ki, infrastruktur layihələrinin həyata keçirilməsində vaxt və xərclər ciddi risk hesab olunur və mərkəzi monitorinq risk altında olan layihələri erkən müəyyən edərək vaxtında müdaxiləyə imkan verir. Layihələrin fiziki və maliyyə gedişatının monitorinqi üçün məsuliyyət müvafiq nazirlik və qurumların üzərinə düşür. Onlar icra mərhələsində olan layihələr üzrə həyata keçirilən maliyyə əməliyyatlarının yoxlanılmasını həyata keçirir, aparılan hər bir yoxlama üçün xüsusi hesabat verir və illik hesabat hazırlanır. Həmçinin, bələdiyyə və universitetlər kimi kiçik müəssisələrdə nəzarəti və idarəetməni təkmilləşdirmək üçün əlavə elektron mərkəzi dəstək və layihə menecerləri üçün təlimlər nəzərdə tutula bilər.

Malayziyada layihələrin monitorinq sistemi (SPPII) təcrübəsində aidiyyəti qurumlar tərəfindən həftəlik, aylıq və illik monitorinq hesabatları hazırlanır və hökumət layihələrin gedişatı, vəziyyəti haqqında ümumiləşdirilmiş məlumat bazasına sahib olur. Bu sistemin əsas məqsədi həm federal, həm də dövlət səviyyəsində bütün investisiya layihələrinin fiziki tərəqqisinə və maliyyələşdirmənin icrasına nəzarət etmək, aylıq risk göstəricilərini müəyyənləşdirmək və problemlər aşkar edildikdə tez hərəkət etməkdir. Estoniya təcrübəsində olduğu kimi burada da layihələrin gedişatı S-əyrisi (S-curve) prinsipi ilə ölçülür və “Problemin Müəyyənləşdirilməsi Hesabatı” hazırlanır.

Beynəlxalq Maliyyə Fondunun hesabatında da bildirilir ki, ölkə üzrə elektron mərkəzi monitorinq və nəzarət sisteminin olmaması nəzərdə tutulan hədəflər üzrə effektivliyi aşağı salır. Yəni sahəvi qurumlar üçün yaradılan sistemdə monitorinq, nəzarət və qiymətləndirmə prosesi vahid şəkildə aparılmır. Bu səbəbdən nəzərdə tutulan dəstək ardıcıl olmur və layihə sona çatdırılmır. Estoniyanın təcrübəsində elektron mərkəzi monitorinq və nəzarət sisteminin standart metodologiyasının yaradılması, dövlət-özəl tərəfdaşlığı, yerli və müstəqil eskpertlərin cəlbi bu vəziyyətdən çıxış yolu kimi göstərilir. 

İnvestisiya layihəsinin icrası zamanı yarana biləcək xərcləri, vaxt itkisini və riskləri minimuma endirmək məqsədilə bütün əsas layihələri mərkəzləşdirilmiş şəkildə izləmək üçün elektron mərkəzi layihə nəzarəti sistemi yaradılsın. Elektron mərkəzi monitorinq və nəzarət sistemi hökumətin data əlçatanlığını çoxaldacaq və ölkənin bu sahədə məlumat bazasını yaradacaq. Beləliklə, effektiv təhlillərin aparılması, risklərin erkən aşkarlanması, nəticəyönümlü islahatların tətbiqi və məqsədyönlü hesabatların hazırlanması daha sistemli həyata keçiriləcək.

 

 

  • Republic of Estonia Technical assistance report – Public investment management assessment, International Monetary Fund Country Report No. 19/152, June 2019
  • Corporate governance: A review of good practices, Chapter 6, OECD 2006 
  • https://investinestonia.com/,https://www.edb.gov.sg/, https://www.idaireland.com/
  • Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi Strategiyası

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R