Məhsullarımızın diversifikasiya potensialı arta bilər
Azərbaycanın qeyri-neft məhsulları ixracında əsas bazarlardan biri də Rusiya və Ukrayna bazarıdır. Bu baxımdan Rusiya və Ukrayna arasında müharibə Azərbaycan üçün bir çox qeyri-neft məhsullarının ixracı bazarının itirilməsi deməkdir. Bilmək istəyirəm ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün yeni bazarların tapılması baxımından hansı addımlar atılır?
Eyni zamanda Azərbaycana bir çox qeyri-neft məhsulları Ukrayna və Rusiyadan idxal edilirdi. Lakin Ukraynada gedən müharibə, eyni zamanda Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, Rusiya banklarının SWIFT-dən ayrılması və digər səbəblərdən bu ölkələrdən məhsul idxalımızda çətinliklər yaranıb. Bunu nəzərə alaraq qeyri-neft sektorunda Azərbaycanın idxaldan asılılığını azaltmaq və yerli istehsalı təşviq etmək məqsədilə hansı işlərin görülməsi nəzərdə tutulub?
Rusiya və Ukrayna Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Azərbaycanın qeyri-neft sektoru ticarətində hər iki ölkənin əhəmiyyətli payı vardır. Geosiyasi hadisələr fonunda Azərbaycanın sözügedən ölkələr ilə ticarətində əməliyyatların azalması yüksək ehtimaldır. Habelə, hər iki ölkənin digər ölkələr ilə münasibətdə üstünlüyü azad ticarət faktoru ilə birbaşa əlaqəlidir. Rusiya Federasiyası ilə ticarətdə əsas üstünlük meyvə-tərəvəz məhsullarının, Ukrayna ilə ticarətdə isə neft və neft məhsullarının payına düşür. Belə ki, meyvə-tərəvəz və bir sıra aqrar məhsullar Rusiya Federasiyasına ixracın 60%-a yaxın hissəsini əhatə edir. Ukraynaya ixracda isə əsas hərəkətverici qüvvə neft və neft məhsullarıdır. Adıçəkilən məhsul Ukraynaya ixracın 82,5% təşkil edir. Hər iki ölkəyə ixrac məhsulları davam etsə də, alıcılıq baxımından azalması gözləniləndir.
Yeni bazarların tapılması və ya ixrac coğrafiyasının diversifikasiyası geoiqtisadi situasiyanın sabit və qeyri-sabit olmasından asılı olmayaraq, hər zaman aktualdır. Diversifikasiyanın əsas məqsədi baş verə biləcək fövqəladə və ya münaqişə zəmnində risklərin minimuma endirilməsidir. Rusiya Federasiyasına ixracda meyvə-tərəvəz məhsullarının yüksək payının olduğunu nəzərə alsaq, həmin məhsulların digər ölkələrə ixracında ətraf ölkələrin logistika baxımından yaxın olması daha sərfəlidir. Lakin regional nöqteyi-nəzərdən Mərkəzi Asiya regionu kənd təsərrüfatı üzrə özünü təmin etmə səviyyəsinin yüksək olması ilə bərabər, sözügedən məhsullar üzrə əsas ixracatçıdır. Ərəb körfəzi ölkələrinin meyvə-tərəvəz bazarında biznes mühiti daha fərqlidir. Belə ki, Ərəb körfəzinin meyvə-tərəvəz idxalında ABŞ, Birləşmiş Krallıq, Çin, Braziliya, Tayland və qardaş Türkiyə Cümhuriyyətinin əhəmiyyətli payı vardır.. Habelə, BƏƏ ilə Türkiyə arasında 2022-ci ilin əvvəlindən etibarən azad ticarət sazişinin bağlanılması müzakirə edilir.
Habelə, Azərbaycanın Rusiya və Ukraynaya ixrac etdiyi məhsulların çeşidliyi daha azdır. Belə ki, Rusiya Federasiyasına ixrac edilən 546,6 milyon ABŞ dolları civarında meyvə-tərəvəzin cəmi 84%-i 9 məhsulun payına düşür.
Azərbaycanın qeyri-neft ixracının diversifikasiyası yerli istehsalın çeşidliliyi, müxtəlifliyi, nadirlik prinsipi və sofisitifikasiyasından birbaşa asılıdır. Habelə, preferensial və azad ticarət prinsiplərinin əhatə dairəsinin genişləndirilməsi qiymət rəqabətliyinə təsir edərək, diversifikasiya potensialını artıra bilər. Qeyd edilən ölkələr üzrə ixrac riski yalnız Rusiya Federasiyası ilə birbaşa əlaqəli olsa da, həmin məhsulların çeşidliliyi və müxtəlifliliyi, habelə sənaye və texnoloji tutuma malik olmaması şaxələndirmə potensialını zəiflədir. Habelə, Mərkəzi Asiya regionunda yerləşən MDB ölkələri ilə azad ticarət münasibətlərinin olmasına rəğmən həmin ölkələrə meyvə-tərəvəz ixracı son 5 il ərzində hərəkətliliyi ilə seçilməyib. Başqa sözlə, keyfiyyət tələblərinin yüksək olmadığı, azad ticarət və yaxın sərhəd logistika ilə yaranan qiymət üstünlüyü belə əvvəlki illərin ixracında tətikləyici rola malik olmayıb. Ticarət statistikalarına nəzər yetirdikdə, sözügedən region üzrə ticarət əməliyyatlarının ümumi xarici ticarətdə yüksək payını müşahidə etmirik.
İdxalın əvəzedilməsi siyasətini dünyanın bir sıra ölkələrdə uğurlu və uğursuz hallarını müşahidə edilib. İdxalın əvəzedilməsi idxalı məhdudlaşdırmaq anlamına gəlməməlidir. İstehlakçı hüquqları və zövqləri qanunvericiliklə tənzimlənir və azad bazar şəraitində, həmçinin iki tərəfli ticarət həcmlərinin artırılması istiqamətində əhəmiyyətli sənədlər məhdudlaşdırma yanaşmasına tamamilə ziddir. İdxal məhsulları qarşısında keyfiyyətli və qiymət üstünlüyünə malik məhsulların olması, habelə yerli istehsalda dəyər zəncirini daha ucuz resurslar vasitəsilə həyata keçirilməsi və markalaşma vacib çağırışdır. Misal üçün aparılan hesablamalara əsasən, sənaye istehsalı olan ərzaq, içki və tütün məhsulları üzrə yerli istehsalın payı daxili tələbdə 70-80% civarında dəyişir. Amma həmin faizi formalaşdıran məhsulların aralıq istehlakının yüksək əksəriyyəti idxal edilən xammal, avadanlıqlar və onlara göstərilən bir sıra xidmətlərdir. Bundan əlavə, yerli istehsalın yüksək əksəriyyətinin xarici tələbə yönləndiyini, amma eyni məhsulun bir sıra ölkələrdən idxalını da görə bilərik. Belə halları nəzərə alaraq, preferensial və azad ticarət müqavilələrin bağlanılması əsas çağırışa çevirilir. Başqa sözlə ifadə etsək, yerli istehsalın daxili və xarici bazarda rəqabətqabiliyyətliyi aşağı tarifli aralıq məhsulların idxalı birbaşa əlaqəlidir.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"