
Davosda müasir medianın gələcəyi müzakirə olunub
İsveçrənin Davos şəhərində keçirilən 55-ci Dünya İqtisadi Forumu öz işini yekunlaşdırmaq üzrədir. Forum əsas etibarilə iqtisadi mövzulara fokuslansa da, ictimai-sosial müzakirələrin keçirildiyi debatlar da beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir. Media sahəsinin gələcəyinə həsr olunan “Scrolling Media's Future” (“Sürüşdürülən” medianın gələcəyi”) panelində dünyanın aparıcı mətbuat orqanlarının nümayəndələri, o cümlədən “The National”, “LinkedIn”, “Semafor”, “Tortoise Media” şirkətlərinin rəhbərləri yeni dövrün reallıqları, süni intellektin bu sahəyə təsiri barədə çıxış ediblər.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəqəmsal media üzrə mütəxəssisi Firəngiz Nuriyeva bildirib ki, panelin adındakı “scrolling” (sürüşdürmək) əvvəllər mətn içərisində naviqasiya üçün sadə bir vasitə olsa da, indi rəqəmsal medianın başlıca istifadə üsuluna çevrilib. “Sürüşdürdükcə” yenilənən mətn, foto, video formatında məlumatlar insanlara gözucu baxışla belə yeni informasiya ötürməyi bacarır. Əvəllər hər hansı məlumatı əldə etmək üçün uzun axtarışlara, emal mərhələlərinə ehtiyac var idisə, indi bir toxunuşla lazım olan məzmunun müxtəlif vizuallaşdırılmış variantlarını əldə etmək mümkündür. Tədqiqatlar göstərir ki, informasiya axınında sürətin bu qədər artması, insanların qısa və səthi məlumatlarla kifayətlənməsi vərdişi müəyyən müddət sonra bir sıra çatızmazlıqlara gətirib çıxarır. Belə ki, dərin məzmunlu mövzuların təhlilinə, irihəcmli tədqiqat işlərinə, uzunmetrajlı videomateriallara marağın azalması dezinformasiyaların yayılmasına əlverişli şərait yaradır.
İİTKM-in eksperti Firəngiz Nuriyeva Davosda təşkil olunan müzakirələri, informasiyanın əldə olunmasında süni intellektin (Sİ) təsirlərini müxtəlif aspektlərdən təhlil edib. Sİ məlumatların toplanması baxımından əlverişli vasitədir. Çünki virtual məkanda informasiya mənbələri sonsuzdur, araşdırılan məzmun üzrə saysız-hesabsız məlumatlar var. Süni intellekt isə bu məlumatları emal edərək ümumiləşdirilmiş formada verir. Digər tərəfdən, Sİ qısa müddətdə lazımi nəticəni təqdim edərək vaxta qənaət etməyə imkan yaradır. Ancaq burada əsas mübahisə mövzusu verilən məlumatın doğruluğudur. Bunu dəqiqləşdirmək üçün daha müfəssəl təhlilə ehtiyac yaranır. Süni intellektin getdikcə təhlükəyə çevrilən sahəsi isə “deepfake”dir. “Deepfake” insanların üz cizgiləri, hərəkətləri və səsinin təqlidi ilə reallıqdan demək olar ki, seçilməyən foto, video və ya audioların istifadəsidir.
Davosda çıxış edən media kapitanları hesab edirlər ki, ənənəvi mətbuat sürət baxımından rəqəmsal mediaya uduzsa da, dəqiq və birinci mənbədən verdiyi məlumatlara görə insanların əsas etibar etdiyi mənbədir: “Çünki onlar jurnalistlərə robotlardan daha çox güvənirlər”. Kütləvilik baxımından sosial media üstünlüyü ələ alsa da, peşəkarlıq baxımından rəqabətdə ənənəvi mediaya tamamilə qalib gəlməsi hələ ki, real görünmür.
Ekspert yazıları
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür