Vüsal Qasımlı “Orta dəhliz” kitabını Brüsseldə təqdim edəcək

Vüsal Qasımlı “Orta dəhliz” kitabını Brüsseldə təqdim edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Belçikanın paytaxtı Brüsseldə “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabını təqdim edəcək.

Təqdimat 24 noyabr 2025-ci il tarixində Avropa Asiya Araşdırmaları İnstitutunda (EIAS) “Orta dəhliz” mövzusunda konfransda baş tutacaq. Beynəlxalq konfransda Orta Dəhlizin Şərq və Qərb arasında strateji körpü kimi rolu, inteqrasiya olunmuş nəqliyyat və enerji əlaqələrinin inkişafındakı əhəmiyyəti, innovasiya və yaşıl logistika sahəsində imkanları müzakirə olunacaq. İştirakçılar dəhlizin geosiyasi əhəmiyyəti, beynəlxalq əməkdaşlığın təşviqində rolu, təhsil, elmi tədqiqat və özəl sektorun iştirakı üçün yeni imkanları barədə də məlumat əldə edəcəklər.

İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı  nəticəsində ərsəyə gələn nəşr Orta Dəhlizin həm nəqliyyat-tranzit marşrutu, həm də qlobal iqtisadi və siyasi əməkdaşlıq platforması kimi rolunu əhatə edir. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab  Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.

Beynəlxalq əhəmiyyətə malik “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı bundan əvvəl Polşa İqtisadi Forumunda və Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində təqdim olunub.

Ətraflı: https://eias.org/event/the-middle-corridor-navigating-current-realities-and-navigating-future-prospects/