
“Türk Dövlətləri İqtisadiyyatı” kitabı İstanbulda TDT-nin görüşündə təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabı Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə təqdim olunub.
Kitabı İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı təqdim edib. O bildirib ki, bu kitabın yazılmasında məqsəd Türk dövlətlərində cərəyan edən müsbət iqtisadi trendlərin vahid iqtisadi mənbədə cəmləşdirilməsidir. Həmçinin kitabda Türk dövlətlərinin TDT çərçivəsində regionda güclənən geoiqtisadi və geosiyasi mövqeləri həm çoxtərəfli, həm də ikitərəfli perspektivdə nəzərdən keçirilib.
Qeyd edək ki, “Türk Dövlətləri İqtisadiyyatı” kitabı iki hissədən ibarətdir. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarətdir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb. Belə ki, kitabda Türk dünyası ölkələrinin iqtisadiyyatı makro və mikro səviyyədə təhlil edilib. Türk dünyasında birgə əməkdaşlıq mexanizminə müqayisəli yanaşma sərgilənib, hər bir müstəqil dövlətin Türk dünyasındakı rolu araşdırılıb, eləcə də Türk dünyasında imkanlar və inkişaf perspektivləri təqdim olunub. Kitabda Türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amillərə “Qravitasiya modeli” əsasında yanaşılıb, Zəngəzur Dəhlizinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraflar nəzəriyyəsi”nə istinad etməklə Türk dünyasında birbaşa xarici investisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, Türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdırılıb.
“Türk Dövlətləri İqtisadiyyatı” kitabının yazılmasında yeddi Türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib. Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır. Kitaba ön sözü Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev yazıb.
İngilis dilində hazırlanan kitabın yazılmasında Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyası, Özbəkistanın İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu və Budapeşt Metropolitan Universiteti, Bursa Uludağ Universiteti, UNEC-in Türk Dünyası İqtisad Fakültəsi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu kimi beyin mərkəzləri yaxından iştirak edib.
Qeyd edək ki, kitabın təqdimatı Türk dövlətlərinin hər birində keçiriləcək. Bundan başqa, kitabın nüsxələri həmin dövlətlərin əsas elmi kitabxanalarına göndəriləcək.
Kitabla təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bitly.ws/ULvI.


Ekspert yazıları
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycanda 2026-cı ilə kimi sosial xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir
Şəbnəm Məmmədli
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi
“Azalternativenerji” MMC-nin ləğvi dövlət resurslarına olan tələbat və risklərin azaldılmasına xidmət edəcək
Təranə Salıfova
Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında edilən dəyişiklik yüksək iqtisadi artıma təkan verəcək
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Nəqliyyat sektorundan gözləntilər artır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur