Türk Birliyinin İqtisadi Əsasları

Türk Birliyinin İqtisadi Əsasları

İqtisadi İslahatların Təhlili və Kommunikasiya

Mərkəzinin eksperti Ayhan Satıcının şərhi

 

 

Türk Dövlətləri Təşkilatı

Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirilir. Bu möhtəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov, Macarıstanın Baş naziri Viktor Orban və təşkilatın Baş katibi Bağdad Amreyev iştirak edirlər.

Qeyd edək ki, “Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir” – deyən Azərbaycan Prezident İlham Əliyev hələ bir müddət öncədən Türkdilli müstəqil dövlətlərin birliyinin inkişaf edərək regional gücə çevriləcəyini müjdəsini verib.

İstanbul şəhərində “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilən Zirvə Görüşündə türk dövlətləri başçıları gündəmin çox vacib məsələlərini müzakirə edərək, bu təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul edəcəklər.  Belə ki, VIII Zirvə görüşündə təşkilatın adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi, Türk İnvestisiya Fondunun yaradılması, "Türk dünyası-2040" adlı proqramın qəbulu kimi mühüm məsələlər həllini tapacaqdır.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı öz sıralarında birləşdirən Türk Dövlətləri Təşkilatına Macarıstanda müşahidəçi statusunda qatılmışdır. Bütün bunları nəzərə alaraq o qənaətə gəlmək olar ki, Türk Dövlətləri Təşkilatının iqtisadi əsasları onun sosial və mədəni təməlləri ilə əlaqədədir.

İlk olaraq onu bildirək ki, Türk dilli xalqların dil ümumiliyi, tarixi-coğrafi məkan, əxlaq birliyi, el sənətlərinin ümumiliyi, geo-iqtisadi əlaqələrin varlığı kimi zəruri edən amillər vardır. Bu zəruri amilləri milli genetik birlik, mental dәyәrlәr bazasında qloballaşma vә regionlaşma çağırışları daha da aktuallaşdırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatını qeyd etmək məqsədəuyğundur. Türk dilli xalqların tərəfdaşlığı və əməkdaşlığı çərçivəsində sözügedən təşkilat regionda və dünyada sülhün, təhlükəsizliyin və stabilliyin təmin edilməsini hədəfləyir.

 

Türk Dövlətləri Təşkilatının geo-iqtisadi vəziyyəti

6 müstəqil Türk dövlətləri birlikdə 4.7 milyon kv. km ərazini əhatə edir. Müqaiysə üçün qeyd edək ki, Avropa Birliyi ölkələrinin ərazisi ümumilikdə 4 milyon kv. km-dır. Həmçinin, 6 müstəqil Türk dövlətləri birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Türk dilli xalqların iqtisadi göstəricilərinə, o cümlədən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək Türkdilli müstəqil dövlətlər birlikdə 3.4 trilyon dollardan daha çox statistik göstəriciyə sahibdir. Belə ki, dünya üzrə ÜDM alıcılıq qabiliyyəti pariteti 132,6 trilyon dollar ətrafındadır. Türk dünyası ölkələrinin payı bu nisbətdə 2,6% edir.

Türk dünyası ölkələrinin tarixi “İpək Yolu” üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində önəmli rola malik olmağa şərait yaradır. Statistik göstəricilərə əsasən Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi Türk Dövlətləri Təşkilatının regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir və bu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisə etdikdə 2,8%-dan çoxdur.

Həmçinin, 6 müstəqil Türkdilli ölkələrin idxal üzrə mal ticarət dövriyyəsinin dünya üzrə nisbəti 2016-ci ildən ümumi 1,58%-dan 1,65%-ə qədər yüksələ bilmişdir. Bu rəqəm ixrac üzrə isə 2016-ci ildə 1.35% yaxud 234 milyard ABŞ dolları idisə, 2020-ci ildə 1,43% yaxud 252 milyard ABŞ dolları olub.

 

Türk Dövlətləri Təşkilatının təbii ehtiyatları

Türk Dövlətləri Təşkilatı ölkələri geo-iqtisadi əlaqələri və əlverişli coğrafi mövqeyi ilə yanaşı təbii ehtiyatların zənginliyi ilə də digər təşkilatlar və birliklərdən fərqlənir. Əsas neft yataqları, təbii qaz, kömür, dəmir filizi və bu kimi digər təbii ehtiyatlar ilə zəngin olan Türk Dövlətləri Təşkilatı ölkələri hər zaman enerji, nəqliyyat, logistika və s. bu kimi regional və qlobal layihələrin bir hissəsi olmuşdur. Türk dünyasının müstəqil ölkələrinin ümumilikdə neft ehtiyatı 35,8 milyard barel təşkil edir. Əlavə olaraq, Türk dünyasının müstəqil ölkələri arasında təbii qaz ehtiyatları ilə zəngin ölkələr Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı göstərmək mümkündür. Belə ki, 19,2 trilyon kub metr qaz ehtiyatına malik bu ölkələr ümumi dünya təbii qaz ehtiyatı ilə müqayisə etdikdə 10,2%-dan çoxdur. Son olaraq, Türk Dövlətləri Təşkilatının təbii ehtiyarlarının cədvəli aşağıdakı kimidir:

 

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrinin sahib olduğu təbii ehtiyatlar

Azərbaycan

neft, təbii qaz, dəmir filizi, əlvan metallar, boksit

Qazaxıstan

əsas neft yataqları, təbii qaz, kömür, dəmir filizi, manqan, xrom filizi, nikel, kobalt, mis, molibden, qurğuşun, sink, boksit, qızıl, uran

Özbəkistan

təbii qaz, neft, kömür, qızıl, uran, gümüş, mis, qurğuşun və sink, volfram, molibden

Türkmənistan

neft, təbii qaz, kükürd, duz

Qırğızıstan

bol su gücü; əhəmiyyətli qızıl və nadir torpaq metalları yataqları; yerli istismar olunan kömür, neft və təbii qaz; digər nefelin, civə, , qurğuşun və sink yataqları

Türkiyə

kömür, dəmir filizi, mis, xrom, , civə, qızıl, barit, borat, selestit (stronsium), zümrüd, əhəng daşı, mərmər,

Macarıstan

boksit, kömür, təbii qaz, münbit torpaqlar, əkin sahələri

Mənbə: nationamaster.com

 

Türk Dövlətləri Təşkilatının İqtisadi Əməkdaşlığı

Türk Dövlətləri Təşkilatının sıx əlaqələr qurması və regional inteqrasiyası qlobal iqtisadi böhran fonunda baş tutmuşdur. İlk olaraq,  dünya ticarəti mərkəzi qərbdən şərqə dəyişən bir zamanda bu təşkilatının yaranması Türkdilli ölkələrin yerləşdiyi coğrafiyanının ticarət korridoru olaraq önəminin artmasına səbəb oldu. Həmçinin, böhranın nəticəsi olaraq dövlətlər mərhələli olaraq proteksionist ticarət siyasətini qəbul etməyə başlamışdı və Türkdilli ölkələr qlobal səviyyədə başlayan qütbləşmənin təsirindən Türk Dövlətləri Təşkilatının yaranması və iqtisadi əməkdaşlığın artması ilə minimal təsir ilə davam ediblər.

Əlavə olaraq, Azərbaycan və Qazaxıstan kimi neft və qaz ilə zəngil ölkələrin Türk Dövlətləri Təşkilatının enerji təhlükəsizliyini təmin etməsi və enerji mənbələrinin diversifikasiyalaşmasında rolu iqtisadi əməkdaşlığı dərinləşdirməkdədir. Belə ki, daxili və xarici siyasətində azad olmağa çalışan türk ölkələri öz aralarında ticarət əlaqələrini artırmaq üçün iqtisadi olaraq xarici güclərdən asılılığı yox etməyi hədəf götürmüşdü. Bu səbəbdən ötrüdür ki, Türk Dünyası Təşkilatının ilk görüşü “iqtisadi əməkdaşlıq” mövzusuna həsr edilib.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R