Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı hansı perspektivlər vəd edir?
Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilir. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Hindistan Baş naziri Narendra Modi və digər üzv ölkələrin liderləri də iştirak edirlər.
Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, müxtəlif sahələrdə - siyasət, ticarət, təhsil, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla - əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunması, həmçinin beynəlxalq arenada yeni əməkdaşlıq düzəninin qurulması olan ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60%-ni, dünya əhalisinin 40%-ni, dünya üzrə ümumi məhsulun isə 25%-ni özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və 2024-cü ildə bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün rəsmi müraciət edib. Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ölkənin ŞƏT-lə münasibətlərinə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir.
2022-ci ilin sentyabrında Səmərqənddə keçirilmiş sammitdə Prezident İlham Əliyev çıxış edərək qeyd etmişdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra regionda nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycanın bu sahədə təşəbbüsləri Şərq-Qərb və Şimal-Cənub layihələrinin gerçəkləşməsində mühüm rol oynayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyəti 15 milyon ton təşkil edir və bu göstərici 25 milyon tona qədər artırıla bilər. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolları çəkilib. Azərbaycan həm də regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir və hazırda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə müasir standartlara cavab verən 3 yeni hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm addımlar atılır və Azərbaycan bu məsələdə öhdəliklərini vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu dəhliz həm Azərbaycanın, həm də region ölkələrinin nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Aqil Əsədov qeyd edib ki, Azərbaycan, əməkdaşlıq ruhunu ön plana çəkərək ŞƏT ölkələri ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq üzv ölkələr üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirmək, eləcə də Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən faydalanmaq baxımından yeni imkanlar yaradır. Azərbaycan artıq bir çox üzv ölkələrlə, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla yüksək səviyyəli ikitərəfli münasibətlərə malikdir. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.
Azərbaycanın ŞƏT-lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanlarının yaranması, xarici investisiyaların cəlb edilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşlarının artırılması, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrə beynəlxalq səviyyədə dəstəyin artması, Avrasiya və Qərb arasında balanslı siyasətin daha da güclənməsinə xidmət edir.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu