Qida təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində islahatlar aparılır

Qida təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində islahatlar aparılır

Azərbaycanda qida təhlükəsizliyi sahəsində keyfiyyətin yüksəldilməsi, ictimai sağlamlığın qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur.

Dövlət Proqramı çərçivəsində indiyədək görülmüş işlər və əldə edilmiş nailiyyətlərlə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə AZƏRTAC-ın suallarını cavablandırıb:

- Dövlət Proqramının icrası çərçivəsində hansı işlər görülüb?

- Proqram çərçivəsində həyata keçirilən əsas islahatlardan biri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbuludur. Bu qanun ölkədə qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və istehlakçıların sağlam və təhlükəsiz qida məhsullarına çıxışının artırılması baxımından mühüm rol oynayır. Dövlət Proqramının icrası dövründə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni sanitar normaların qəbulu, laboratoriya şəbəkəsinin optimallaşdırılması, müasir laboratoriyaların yaradılması və maddi-texniki təchizatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər laboratoriya müayinələrinin dəqiqliyinin artırılması və potensial risklərin vaxtında aşkarlanmasına şərait yaradıb. Bu sahədə qida, bitkiçilik və baytarlıq sahəsində beynəlxalq standartlara uyğunlaşdırma baxımından müsbət dəyişikliklər baş verib. Qarşılıqlı sazişlər bağlanan ölkələrin və qida təhlükəsizliyi qeydiyyatına alınan müəssisələrin sayının artması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə AQTİS sistemində yeni modulların yaradılması və laboratoriyaların beynəlxalq və yerli akkreditasiya şərtlərinə cavab verməsi bunun bariz nümunəsidir. Avropa İttifaqının tanıdığı istehsal obyektlərinin sayının artması və ölkədən ixrac edilmiş məhsullarda, xüsusilə fındıq məhsullarında aflatoksin aşkar edilməsi hallarının azalması Azərbaycan məhsullarının beynəlxalq standartlara cavab verməsi istiqamətində aparılan işlərin effektivliyini göstərir. Bütün bu tədbirlər qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks yanaşmanın tətbiq olunduğunu və davamlı inkişaf üçün möhkəm əsasların yaradıldığını nümayiş etdirir.

- Dövlət proqramının monitorinq və qiymətləndirilmə prosesi necə aparılır?

- Bildiyiniz kimi, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Əsas məsul qurumlar Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Monitorinq və qiymətləndirilmə qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi daxil olmaqla 12 əsas prioritet istiqamət üzrə aparılır. Bu nəticə əsaslı qiymətləndirilmə aparılan ilk dövlət proqramıdır. Qiymətləndirmə hər bir tədbir üzrə görülən işlərin nəticələrinə və gözlənilən təsirlərinə əsaslanır.

Mərkəz tərəfindən illik əsasda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlərin icrasına dair monitorinq aparılır. Bu proses çərçivəsində əsas icraçı qurumlar tərəfindən təqdim edilən müvafiq təsdiqedici sənədlərlə yanaşı müxtəlif mənbələrdən əldə edilən məlumatlar təhlil edilir. İndikatorlar cədvəlində müəyyən edilmiş ilkin nəticə, nəticə və gözlənilən təsir göstəricilərinin icra vəziyyəti qiymətləndirilir. Monitorinq prosesi bitdikdən sonra prioritet sahələr, tədbirlər, indikatorlar üzrə icra faizləri və müvafiq tövsiyələr qeyd edilməklə hazırlanmış hesabat Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir. Hal-hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət proqramında 2024-cü il üçün əsas icraçı qurumlar tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin və hədəf göstəricilərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə monitorinq prosesi həyata keçirilir.

- Dövlət proqramının tamamlanması nəticəsində əldə olunması gözlənilən nəticələr hansılardır?

- 2025-ci il dövlət proqramının son icra ili olaraq, qarşıya bir sıra mühüm hədəflər qoyulub. Bunlara qida təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun normativ qaydaların hazırlanması və tətbiqi, laboratoriya analizlərinin dəqiqlik səviyyəsinin 95 faizə çatdırılması, qida mənşəli zəhərlənmə hallarının və zoonoz xəstəliklərə yoluxma riskinin azaldılması daxildir.

Bundan əlavə, ixrac potensialının artırılması, xüsusilə inkişaf etmiş ölkələrin bazarlarına çıxışın genişləndirilməsi və ixrac məhsullarının keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması prioritet məsələlərdəndir. Sahibkarların nəzarət və tənzimləmə fəaliyyətlərindən məmnunluq dərəcəsinin artırılması, eləcə də qida təhlükəsizliyi ilə bağlı tədqiqatların sayının iki dəfə artırılması da əsas hədəflər sırasındadır. Bütün bu tədbirlər, ümumilikdə, qida təhlükəsizliyi sahəsində keyfiyyətin yüksəldilməsinə, ictimai sağlamlığın qorunmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R