Prezident patent hüququ obyektlərinin mühafizəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsinə dair Fərman imzalayıb

Prezident patent hüququ obyektlərinin mühafizəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsinə dair Fərman imzalayıb

Prezident İlham Əliyev Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərman iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq, habelə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə imzalanıb. Göstərişə əsasən Nazirlər Kabineti “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Həmçinin istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflər də 2 ay müddətində dövlət başçısına təqdim olunmalıdır. Prezidentin tapşırığı ilə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsi hazırlanacaq. Bundan sonra Publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra onun milli standartlaşdırma qurumu kimi, publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra isə onun milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanması təmin ediləcək. Prezident göstəriş verib ki, qanun layihəsi hazırlanarkən məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) onların risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması meyarları nəzərə alınsın. Fərmana əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaradacaq. Publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən həmin publik hüquqi şəxslərin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən hüquqi şəxslər ləğv ediləcək və onların əmlakı yeni yaradılan publik hüquqi şəxslərin balansına veriləcək.