Prezident Fərmanı idxal həcminin optimallaşdırılmasına xidmət edir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev "İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, bu Fərman icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi ilə imzalanıb.
Fərmana əsasən icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılır. Lakin Fərman dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir. Fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.
İqtisadiyyat və Maliyyə Nazirlikləri idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
İdxalın həcminin optimallaşdırılması üçün əsas olan qeyri-neft sektorunun inkişafı üçün tədbirlər görülür. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən yalnız bu il qeyri-neft sektorunun inkişafının müvəqqəti ləngiməsindən sonra gələn ildən inkişaf tempi bərpa olunacaq və 2,4 faizə çatacaq: 2018-ci ildə qeyri-neft sektoru 1,8 faiz, 2019-cu ildə 2 faiz və 2020-ci ildə 3,4 faiz artacaq. Eyni zamanda bu il idxalın həcmi BVF-ə görə 13,7 faiz azalacaq. Növbəti illərdə də idxalın həcminin optimal həddə qalması üçün Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı müstəsna əhəmiyyət daşıyır. Çünki icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar ölkəyə idxalatda xüsusi çəkiyə malikdirlər. Fərmanın həyata keçirilməsi ilə idxalın həcminin azalması və strukturunun daha da təkmilləşdirilməsi mümkün olacaq. Beləliklə, idxal daha məhsuldar olacaq və dövlət büdcəsində qənaət edilən vəsait müvafiq qaydada digər istiqamətlərə yönəldilərək sosial-iqtisadi inkişaf xidmət edəcək. Fərman idxalın əvəzlənməsi üçün Azərbaycan sahibkarlarına yeni imkanlar açır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib