Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir

Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir

Son illər dərin islahatlar konteksində Azərbaycan Dünyanın ən islahatçı ölkələrindən biri kimi beynəlxalq siyasi və iqtisadi təşkilatların hesabat və qiymətləndirmələrində müsbət mənada fərqlənir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan iqtisadi siyasət və  dərin islahatlar çərçivəsində investisiya və biznes mühiti daha da yaxşılaşdırılmış, dövlət maliyyə idarə edilməsində hesabatlılıq və şəffaflıq artırılmışdır. İslahatların ilkin mərhələsi kimi qısa, orta və uzun müddətli strategiyalar və baxışlar formalaşdırılmış, bu əsnada Milli İqtisadiyyatın inkişafı istiqamətində Strateji Yol Xəritələri qəbul edilərək həyata keçirilir. Sözügedən strateji islahatlar daxili və xarici investorlarda maraq və motivasiya yaratmış, investisiya cəlbediciliyi daha artmışdır.

Yuxarıda qeyd olunanlar sektoral reformalar, xarici investorlarla yanaşı beynəlxalq təşkilatların diqqətindən yayınmamışdır.  Belə ki, son illər biznes və dövlət subyektləri üçün istinad və obyektivlik mənbəyi hesab olunan beynəlxalq indekslərdə ölkəmizin mövqeyi sürətli irəliləmiş, qiymətləndirmə və proqnozlaşdırma pozitivliyi ilə fərqlənmişdir.

Beynəlxalq Valyuta Fondunun son bəyanatına əsasən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar müsbət qiymətləndirilmiş, orta və uzun müddətli dövr üçün müsbət iqtisadi artım proqnozlaşdırılmışdır. Belə ki, beynəlxalq maliyyə orqanın hesabatına istinadən,  2018-ci ildə ÜDM məhsul real ifadədə 1,4 faiz, 2019-cu ilin ilk yarısı üçün 2,4 faiz artmışdır. Azərbaycanda həyata keçirilən islahatları müsbət dəyərləndirən məsul orqan, sözügedən artımın ölkəmizin qeyri-neft sektorunda, xüsusən də, xidmət sferasındakı canlanma və təbii resurslardan səmərəli istifadə ilə əlaqələndirmişdir. Qeyd olunan təsirlər, Prezident İlham Əliyevin siyasi iradəsi ilə təbii resurslardan effektiv istifadə edilməsi, o cümlədən bu sahədə şəffaflığın və hesabatlılığın artırılması ilə əlaqədardır. Regionun neft-qaz xəritəsinə yeni nəfəs gətirən Cənub Qaz Dəhlizi layihəsi, habelə digər təbii resursları özündə əks etdirən layihələr ölkəmizin iqtisadi inkişafı üçün birbaşa və vasitəçi rolu oynayaraq, həm ölkəmizin iqtisadi-siyasi müstəqilliyinin möhkənləndirilməsi, həmçinin xarici siyasətdə təkan verici alət kimi istifadə olunmasına şərait yaratmışdır. Fiskal mövqelərin gücləndirilməsi və Mərkəzi Bankın yumşaq monetar siyasətini müsbət qiymətləndirən Beynəlxalq Valyuta Fondu, sözügedən siyasətin biznes mühitinin daha genişlənməsi, həmçinin bank xidmətlərində kredit və depozit bazasının canlanmasında təkan verməsini qeyd edib. Son illər bank sektorunda aparılan dərin islahatları təhlil etdikdə, biznes mühitinin kredit əlçatanlığının daha da yaxşılaşdırılması, vətəndaşların bank əmanətlərində yerli valyutaya olan inam və etimadını müşahidə etmək mümkündür.

Yumşaq monetar siyasət, bazarda rəqabətcil mühit inflyasiyanın daha aşağı olmasını mümkün edir.  Hesabata əsasən ərzaq məhsullarının aşağı olması və sabit valyuta rejimi ilə əlaqədardır.

BVF ölkə iqtisadiyyatında daxili canlanma (tələbin artması), təbii resursların diversifikasiyası və büdcə xərcləmələrində artıma müvafiq olaraq   2019-cu il üzrə Azərbaycanda 2,7 faiz iqtisadi artım proqnozlaşdırır. Təbii ki, qeyd olunan artım proqnozu təsdüfi deyil. Prezident İlham Əliyevin islahat kursu iqtisadi artıma və əhalinin sosial rifah halının daha da yüksəldilməsinə hesablanıb. Məsul maliyyə orqanı 2019-cu ilin proqnozu ilə kifayətlənməyərək, aparılan islahatların orta müddətli dövr üçündə inkişaf və artıma təsir edəcəyini proqnoz edir. Belə ki, orta müddətli dövrdə iqtisadi artım 2,5 faiz, qeyri-neft sektoru isə 3 faiz-bənd artması gözlənilir. Bundan əlavə,  biznes mühitində rəqabətin doğru tənzimlənməsi, anti-inhisar siyasətinin obyektiv aparılması inflyasiyanın daima hədəflənən səviyyədə qalmasına şəraiti nəzərə alsaq ki, vətəndaşların istehlak xərcləmələrində ərzaq məshullarının payı digər xidmətlərlə müqayisədə daha çoxdur, bu istehlak qiymətləri indeksini (inflyasiya) təkrəqəmli səviyyədə saxlayacaq.  Əlavə olaraq qeyd edək ki, hökümətin daxili hesabatına müvafiq olaraq, 2019-cu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 0,5 faiz-bənd azalmışdır. Yerli valyutaya etimadın daha da yüksəlməsini proqnozlaşdırılmasında digər bir mümkün səbəb kimi cari əməliyyatlar balansındakı profisit, tədiyyə və ticarət balansında müsbət dinamika ilə əlaqələndirilir. Rəsmi statistikaları da təhlil etdikdə, Beynəlxalq Valyuta Fondunun gözləntilərini aydın müşahidə etmək olar. Xüsusilə, ölkəmizin xarici ticarət dövriyyəsinin hər il müsbət dinamika ilə artımı xarici ticarət siyasətində liberallaşdırma, icazə və sərhəd-ticarət prosedurlarının rəqəmsallaşması ilə əlaqədardır ki, birbaşa və dolayı olaraq makroiqtisadi gücümüzü daha da artırır. Son statistik göstəricilərə əsasən, 2019-ci ilin ilk səkkiz ayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır.

Beynəlxalq Valyuta Fondunun idarə heyətinin Azərbaycan haqqında ortaq qərarları müsbətdir. Fiskal siyasətdə yeni qaydaların tətbiqi, dövlət xərcləmələrində effektivliyin artırılması, kiçik və orta sahibkarlıq sahəsində islahatların dərinləşməsi, daha səmərəli subsidiya mexanizmlərinin hədəflənməsi müvafiq heyətin fikirlərinə müsbət təsir etməyə bilməzdi. Prezident İlham Əliyevin islahat siyasətində beynəlxalq iqtisadi təşkilatlarla birgə əməkdaşlıq və beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsi və müvafiq orqanların tövsiyyə və çağırışlarından istifadə etmək önəmli yer tutur. Ölkənin sosial-iqtisadi məsələlərinə dair iclas və müşavirələrdə dövlət başçısı inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmalı olduğumuzu və ən son yenilikləri tətbiq etməyi tapşırıq kimi qarşıya qoymuşdur. Bunu rəhbər tutaraq Beynəlxalq Valyuta Fondunun müsbət çağırışlarını da, ölkəmizdən böyük inam və gözləntilər olması kimi dəyərləndirməliyik. Məsul orqanın hesabatında əksər inkluziv inkişaf yolu tutmuş ölkələr üçün ortaq  tövsiyələri hər zaman daha yaxşı fiskal idarəetmə, dövlət büdcəsinin xərcləmələrində qarşılıqlı müzakirələrin genişlənməsi, şəffaflıq, hesabatlılıq öncül yer tutur. Habelə, idarə heyəti inflyasiya hədəflənməsində müasir monetar mexanizmlərin tətbiqini tövsiyə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlar özəl sektorun inkişafına və iqtisadi artıma öz müsbət meyillərini göstərib. Yuxarıda qeyd edilən islahatlar nəticəsində əldə edilən gəlirlərin vətəndaşlar, xüsusilə sosial cəhətdən həssas təbəqə arasında ədalətli bölgüsü əhalinin sosial rifah halına həmçinin, iqtisadi canlanmaya öz müsbət meyillərini göstərmişdir. Bu ilki sosial paket 4,2 milyon nəfəri əhatə edir ki, 3,9 milyard manat maliyyə tutumuna malikdir. Sosial siyasəti daima ön planda saxlayan Azərbaycan dövlətinin 2020-ci il üçün sosial siyasətdə daha çox vəsait ayırması proqnozlaşdırılır. Belə ki, 2020-ci il üçün dövlət büdcəsinin xərcləri 25617,7 mln manat məbləğində proqnozlaşdırılır. Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, buda 2019-ci illə müqayisədə 9,9 faiz bəndi və ya 2664,2 mln manat çoxdur. 2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6,7 mlrd manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3,2 mlrd manat təşkil edəcəkdir. Beynəlxalq Valyuta Fondunun müvafiq hesabatında Azərbaycanın iqtisadi inkişafında inkluzivliyin də olmasını qeyd etməsi aparılan islahatların bariz nümunəsidir.

Son da qeyd etmək lazımdır ki, həm Beynəlxalq Valyuta Fondu, həm də Dünya Bankının nəşr və hesabatlarında həyata keçirilən iqtisadi islahat öz adekvat nəticələrini göstərmişdir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən aparılan müxtəlif şaxəli islahatların nəticəsidir.