“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dövlət dəstəyi

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dövlət dəstəyi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi" ilə bağlı Fərman imzalanmışdır.

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bildirilir ki, Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi qaydası (Əlavə 1) və  Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması (Əlavə 2) təsdiq edilmişdir.

 Bundan başqa, yerli şirkətlərin xarici ölkələrdə ixracla bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin də müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası da əlavə 1-də öz əksini tapmışdır.

Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin həyata keçirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayrılmışdır.

Qeyri-neft məhsullarının istehsalçıları, məhsullarını ixrac edərkən bu dəstək tədbirlərindən yararlana biləcəklər. Lakin mineral yanacaq, neft məhsulları, bitum tərkibli maddələr, mineral mumlar istehsal edən, eləcə də dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarəti dövlətə məxsus olan hüquqi şəxslər bu imtiyazlardan istifadə edə bilməyəcəklər.

Dəstək tədbirlərində iştirak edəcək ixracatçıları müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi müsabiqə təşkil edəcək. Müsabiqə əsasında seçilmiş ixracatçılara dəstək məbləğinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcəkdir.

Fərmanda nəzərdə tutulmuş hər bir dəstək proqramının həyata keçirilməsi qaydası da öz əksini tapmışdır. Belə ki, ixrac missiyasının təşkili üçün Nazirlik tərəfindən missiyanın tarixi və səfər ediləcək xarici ölkələr müəyyən edilir və bu məlumatlar onun rəsmi internet saytında yerləşdirilir.

 Bu zaman ölkənin iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər nəzərə alınır və hər missiya müddəti dörd gün, ixracatçıların sayı isə iyirmi nəfərdən artıq olmamaq şərtilə təşkil edilir. Təqvim ili ərzində təşkil edilən səfərlərin sayı ondan çox olmamalıdır.

Missiya zamanı ixracatçıların mehmanxana, nəqliyyat, tərcümə xidməti, görüş yerlərinin icarəsi Nazirlik tərəfindən təmin ediləcəkdir.

Qaydada nəzərdə tutulan başqa bir tədbir isə xarici bazarların araşdırılması ilə bağlıdır. Bu məqsədlə, Nazirlik müsabiqə əsasında seçdiyi yerli və xarici hüquqi və fiziki şəxslərlə müqavilə bağlayır və onlar ixracatçıların sifarişinə əsasən araşdırmalar həyata keçirirlər. Hər bir bazar araşdırması üçün nəzərdə tutulan dövlət vəsaiti iyirmi min manatdan çox olmamalıdır.

Bazar araşdırmasının nəticələri barədə sifarişçiyə məlumat verilir və həmin nəticələr Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

Qaydada “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer almışdır. Bu məqsədlə, sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcəkdir.  Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri  daxildir.

 

Qaydaya əsasən, ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği 5,0 min manatdan artıq olmamalıdır.

 

Daha bir dəstək tədbiri isə tədqiqat-inkişaf proqramları ilə bağlıdır. Bunun da həyata keçirilməsi qaydası bazar araşdırmalarında olduğu kimidir. Fərq yalnız dəstək məbləğinin həcmi və il ərzində həyata keçiriləcək proqramların sayı ilə bağlıdır.

Belə ki, il ərzində həyata keçirilən tədqiqat-inkişaf proqramlarının sayı ondan çox, hər bir layihə üzrə ödəniləcək məbləğ isə 100,0 min manatdan artıq ola bilməz.

Qaydada dəstək məbləğinin alınması müxanizmi də müəyyən edilib. İxracatçı beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı, yaxud sertifikat və patent aldığı tarixdən 30 iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədi ilə Nazirliyə ərizə təqdim edir. Ərizənin təqdim edilməsi və Nazirliyin ona cavab verməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Nazirlik ərizəyə  və əlavə olunmuş sənədlərə baxdıqdan sonra, dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar verərsə, vəsait iyirmi iş günü ərzində ixracatçının bank hesabına köçürüləcəkdir. Dəstək məbləği manatla ödəniləcəyinə görə, xarici valyuta ilə çəkilmiş xərclər həmin tarixdə müəyyən edilmiş valyuta məzənnəsinə əsasən hesablanacaqdır.

Qaydada, həmçinin 2017-ci ildə nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların sayı, iştirak edəcək ixracatçıların maksimum sayı barədə məlumatlarin bu qayda qüvvəyə mindiyi tarixdən 30 gün müddətində Nazirlik tərəfindən müəyyən edilərək, onun rəsmi internet səhifəsində yerləşdirilməsi də nəzərdə tutulur.

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin bu qaydaların həyata keçirilməsində rolu da müəyyən edilmişdir.

Fərman qeyri-neft məhsullarının istehsalının stimullaşdırılması və ixracının təşviqi sahəsində həyata keçirilən ən vacib addımlardan biri və demək olar ki, əhatə dairəsinə görə ən əhəmiyyətlisidir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R