İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri ADA Universitetində keçirilən dəyirmi masa müzakirəsində çıxış edib

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri ADA Universitetində keçirilən dəyirmi masa müzakirəsində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi “Mövcud müharibələr Azərbaycanın yeni enerji nizamında strateji rolunu necə formalaşdırır?” mövzusunda dəyirmi masa müzakirəsində çıxış edib.

Dəyirmi masada qeyd olunub ki, mövcud müharibələr qlobal enerji sistemində ciddi dəyişikliklər yaradaraq ənənəvi təchizat marşrutlarının etibarlılığını zəiflədib və alternativ enerji dəhlizlərinə tələbi artırıb. Bu proses xüsusilə enerji təhlükəsizliyi məsələsini ön plana çıxarıb, dövlətləri tək mənbədən və ya marşrutdan asılılığı azaltmağa vadar edib. Nəticədə enerji bazarlarında diversifikasiya, yeni nəqliyyat və tranzit imkanlarının inkişafı daha da aktuallaşıb.

İlyas Hüseynov bildirib ki, yeni yaranan enerji nizamı Azərbaycan üçün həm imkanlar, həm də çağırışlar yaradır. Artan tələbat və strateji əhəmiyyət ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirsə də, regional sabitlik, infrastrukturun təhlükəsizliyi və uzunmüddətli enerji keçidi kimi məsələlər xüsusi diqqət tələb edir. Bu yeni reallıqda Azərbaycan coğrafi mövqeyi və inkişaf etmiş enerji infrastrukturu sayəsində Şərq ilə Qərb arasında mühüm strateji körpü rolunu oynayır. Xəzər regionunun resurslarını Avropa bazarları ilə birləşdirən əsas marşrutlardan biri kimi ölkənin əhəmiyyəti artmaqdadır. Eyni zamanda, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də tranzit və logistika mərkəzi kimi öz mövqeyini gücləndirir.

Tədbirin əsas məqsədi münaqişələrin enerji bazarına təsirini, Azərbaycanın dəyişən strateji rolunu, eləcə də yaranan imkan və çağırışları ekspert müzakirəsi çərçivəsində təhlil etmək olub. Dəyirmi masada beyin mərkəzlərinin və əlaqəli dövlət qurumlarının nümayəndələri iştirak ediblər.