Davos 2025: “İntellektual əsrdə sənayelər”

Davos 2025: “İntellektual əsrdə sənayelər”

“Ağıllı əsr üçün əməkdaşlıq” (Collaboration for the Intelligent Age) devizi ilə keçirilən Davos Forumu beş əsas mövzu ətrafında mühüm regionlardan olan dövlət və hökumət başçılarının, rəsmilərinin, şirkət nümayəndələrinin, mütəxəssislərin və ekspertlərin iştirakı ilə davam edir. Tədbirlər və görüşlər yüksək səviyyədə etimadın yenidən qurulması, inkişafın yenidən təsəvvürü, insanlara sərmayə (investisiya), planeti qorumaq və bu yeni intellektual dövrdə sənayelər haqqında düşünmək kimi mövzular ətrafında təşkil olunub. Bu mövzuların hər biri, intellektual dövrün tələblərinə cavab verən sənayelərin inkişafını və onların gələcəyini formalaşdırmaq məqsədi daşıyır.

Forumun keçirildiyi müddətdə “İntellektual əsrdə sənayelər” (Industries in the Intelligent Age)   mövzusunda 120-dən çox natiqin təmsil olunduğu ümumilikdə 30-dan çox sessiyanın keçirilməsi planlaşdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova bildirib ki, sessiyalarda süni intellekt (Sİ) və onun müxtəlif sahələrdə tətbiqi ilə bağlı aktual mövzular müzakirə edilib. Çıxışlarda süni intellektin inkişafı, onun təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə bu texnologiyanın transformasiya potensialı əsas müzakirə mövzusu olub. Həmçinin  Sİ-nin sənayeləri inqilabi şəkildə dəyişdirməsi və tam potensialını reallaşdırması üçün atılacaq addımlardan danışılıb.  

“İntellektual əsrdə sənayelər” adlı ilk paneldə Dünya İqtisadi Forumunun (DİF) həyata keçirdiyi sorğuların nəticələri müzakirə olunub. Aygün Əhmədova bildirir ki, sorğuların nəticələrinə əsasən rəhbərlərin 83%-i süni intellekti təşkilatları üçün strateji prioritet olaraq qəbul etsə də müxtəlif sektorlar arasında süni intellektin tətbiqi və inkişafı səviyyələrində əhəmiyyətli fərqliliklərə rast gəlinir. Paneldə Sİ-nin enerji sektorunda rolundan, neft və qaz hasilatında məhsuldarlığın artırılması və ətraf-mühitə təsirin azaldılması yollarından danışılıb. Qeyd edilib ki, bu sektorda, Sİ-nin tətbiqi ilə proseslər aylar deyil, günlər ərzində başa çatdırılır. Eyni zamanda, səhiyyə sahəsində süni intellektin tətbiqi, dərman istehsalı və xəstəliklərin daha effektiv diaqnozunun təmin olunması yolları müzakirə olunub. Qida istehsalı və təchizat zəncirində proseslərinin təkmilləşdirilməsində süni intellektin rolu və dayanıqlı inkişaf təşəbbüsləri vurğulanıb.

Ekspertlər Sİ-nin biznes transformasiyasındakı rolu, şirkətlərin rəqəmsal transformasiya prosesində üzləşdiyi çağırışlar və tərəfdaşlıqların əhəmiyyətindən danışıblar. Bulud texnologiyaları və Sİ vasitəsilə məlumatların idarə edilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun gələcək perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bulud texnologiyalarında süni intellektin tətbiqi sürətlənsə belə  məlumat inteqrasiyası ilə bağlı problemlər var.

Paneldə vurğulanıb ki, şirkətlərin 74%-i süni intellektin genişmiqyaslı tətbiqi ilə bağlı çətinliklərlə üzləşir, yalnız 16% qurumlar bu prosesə tam hazırdır. Sənayelər öz biznes strategiyalarını təkcə bu əsas texnoloji dəyişikliklərə görə deyil, həm də seysmik geo-iqtisadi dəyişiklikləri nəzərə alaraq uyğunlaşdırmalıdırlar. Liderlər bu dərin və struktur dəyişikliklərə uyğunlaşmaq və onlardan tam yararlanmaq üçün yeni liderlik alətləri ilə təchiz olunmalıdırlar.

Aygün Əhmədova bildirir ki, "Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması" mövzusunda panel müzakirədə avtomobil sənayesinin liderləri, siyasətçilər və ekspertlər elektrikli avtomobillərin təchizat zəncirlərinin optimallaşdırılması və davamlılığının təmin edilməsi məsələlərini müzakirə ediblər. Çünki, elektrikli avtomobillərin bazarının sürətlə genişlənməsi ilə əlaqədar olaraq təchizat zəncirlərinin dayanıqlılığı və şəffaflığı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə, batareya istehsalı üçün vacib olan xammalın, məsələn, litium və kobaltın etibarlı və etik mənbələrdən təmin edilməsi zərurəti vurğulanıb. Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması, həm də karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Süni intellekt, kvant hesablaması, biotexnologiya, robototexnika və avtomatlaşdırma və digər sahələrdə irəliləyişlər çoxsaylı imkanlar təqdim etsə də, yeni texnologiyalar enerji tələbatını artırır. Sektorun elektrik enerjisinə tələbatı 2026-cı ildə 1000 terawatt saata (TWh) çata bilər, halbuki bu gün bu rəqəm 460 TWh-dır.

İİTKM-in baş məsləhətçisi bildirir ki, "İntellektual əsrdə sənayelər: Kriptovalyuta yol ayrıcında" panelində rəqəmsal aktivlər üçün perspektivlər müzakirə edilib və siyasət dəyişikliklərinin və tənzimləmələrinin maliyyə sisteminə necə təsir göstərə biləcəyi müzakirə olunub. Rəqəmsal aktivlərin gələcəyi sürətlə dəyişdiyi vurğulanıb. Bu panel, DİF-in "Blockchain və Rəqəmsal Aktivlərin Gələcəyi" və "İnkişafın Gələcəyi" təşəbbüsü ilə də əlaqələndirilir. Paneldə kriptovalyutaların və blokçeyn texnologiyasının maliyyə sistemini necə dəyişdirəcəyinə dair fikirlər səsləndirilib. Kriptovalyutaların qlobal maliyyə sisteminə sürətli, ucuz və səmərəli təsiri vurğulanıb. Bunun maddi əməliyyatların daha asan və tez başa çatmasına, ödənişlərin daha əlçatan olmasına və ümumilikdə iqtisadiyyatın daha şəffaf və effektiv işləməsinə yol aça biləcəyi səslənib. Eyni zamanda, qeyd olunub ki, kriptovalyutalar və blokçeyn texnologiyası bank xidmətlərinə çıxışı olmayan insanlar üçün böyük bir fürsət yaradır. İnsanlar öz maliyyə vəsaitlərini daha sərbəst şəkildə idarə edə və müxtəlif iqtisadi imkanlardan yararlana bilərlər. Bu perspektiv, texnologiyanın maliyyə dünyasında mümkün olan yeni imkanlarını göstərir, amma eyni zamanda dövlətlər və digər maliyyə orqanlarının necə reaksiyaya verəcəyini və bu dəyişikliklərin qanunvericilik və tənzimləmələrə necə təsir edəcəyini də gündəmə gətirir.

Aygün Əhmədovanın fikrincə panellərdə tərəfdaşlıqların və əməkdaşlıqların Sİ-nin imkanlarını daha geniş kütlələrə çatdırmaqda əsas rol oynayacağı və süni intellektin yalnız texnoloji bir alət deyil, həm də cəmiyyətlər, sənayelər və hökumətlər üçün strateji bir mexanizm olaraq çıxış etməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı Sİ-nin gətirdiyi imkanlar və çağırışları nəzərə alaraq, qlobal liderlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin, bu kontekstdə bizneslərin, hökumətlərin və vətəndaş cəmiyyətinin ümumi həllər tapmaq və qətiyyətli addımlar atmaq üçün birgə işləməsinin əhəmiyyəti qeyd olunub, eyni zamanda sənaye sahələrini bir araya gətirmək məqsədilə həyata keçirilən layihələrindən danışılıb. Bu istiqamətdə fəaliyyətdə DİF öz Mərkəzləri vasitəsilə daha böyük təsirə nail olmaq üçün dövlət və özəl sektorun səylərini birləşdirdiyini vurğulayıb.

Mərkəzin baş məsləhətçisi Azərbaycanın Dünya İqtisadi Forumu ilə əlaqələrinin qlobal əməkdaşlıqlar baxımından əhəmiyyət kəsb etdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarında Sİ-nin tətbiqi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər. DİF-in Süni İntellekt İdarəetmə Alyansı və onun “Süni intellektlə sənayelərin transformasiyası” (AI Transformation of Industries) təşəbbüsü, Azərbaycan şirkətlərinə beynəlxalq təcrübələrdən faydalanmaq, yeni tərəfdaşlıqlar qurmaq və texnologiyanın iqtisadiyyata və cəmiyyətə müsbət təsirini artırmaq üçün əlverişli platforma təqdim edir. Bu təşəbbüs, ölkənin innovasiya potensialını artırmaqla yanaşı, qlobal miqyasda öz mövqeyini möhkəmləndirmək üçün vacib addımdır.

#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R