İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri ilə tələbə və pedaqoqlar üçün hakaton

16 iyun 2022, 15:00

İngiltərənin Nyu Kastl Universitetinin nümayəndələri ilə tələbə və pedaqoqlar üçün hakaton

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və (İİTKM) Böyük Britaniyanın Nyu Kastl Universitetinin birgə təşkilatçılığı ilə yerli müəllim və tələbələr üçün hakaton keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən "Createathon" təlimində İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Azərbaycanın resurslar baxımından zənginliyi və burada yeni müəssisələrin açılması üçün geniş imkanların olduğunu vurğulayıb. V.Qasımlı bildirib ki, “Creative Spark” layihəsi yekunlaşsa da biliklərin ötürülməsi və təcrübə mübadiləsi üçün əməkdaşlığı davam etdirmək vacibdir.

Nyu Kastl Universitetinin təlimçiləri Vicky Mountford-Brown və Fiona Whitehurst startapçı tələbələrin iş adamları ilə birlikdə müxtəlif alətlər və texnikalardan istifadə edərək biznes mühitində yeni ideyaların yaradılmasına yol açan hakatonun yeni növü olan “Createathon” keçirib. Təlimdə tələbələrlə birgə “FemTech”, “AcademStar”, “Kəndi Getir”, “Supply Chain Community” və “Crispa Snacks” şirkətlərinin təsisçiləri də iştirak edib. Tələbələr birlikdə işlədikləri bizneslə bağlı fikirlərini ‘’Pecha Kucha’’ formatında təlimçilərə və iştrakçılara təqdim ediblər.  Müəllimlər “Createathon” təliminin müşahidəsi zamanı işlədikləri universitetlərdə onu necə tətbiq edə biləcəkləri istiqamətində müzakirələr aparıblar.

Hakaton çərçivəsində ardıcıl keçirilən tədbirlərin davamı olaraq “Təcrübə, pedaqogika və peşəkar standartların inkişafı” mövzusunda seminarda ölkənin bir çox universitetlərinin müəlliməri iştirak ediblər. Seminarı Nyu Kastl Universitetinin müəssisə təhsili üzrə beynəlxalq eksperti Leigh Sear aparıb. Seminar əsasən tələbələr, müəllimlər və digər maraqlı tərəflərlə əməkdaşlıq əlaqələrinin qurulması yolları, eləcə də Azərbaycan biznesləri və rol modellərində tədqiqatların aparılması qaydalarına həsr edilib.

Tədbirin yekununda layihənin meneceri Elnur Əliyevin iştirakı ilə müəllim, tələbə və şirkət təsisçilərinə uğurlu komanda işlərinə görə sertifikat və mükafatlar təqdim olunub.

Sonda Nyu Kastl Universitetinin təlimçiləri Vicky Mountford-Brown və Fiona Whitehurst təlimlərdə iştirak edən müəllimlərin və tələbələrin aktivliyinə və motivasiyasına heyranlıq ifadə ediblər və İİTKM ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R