“Bir pəncərə” informasiya sistemi ölkəmizin nəqliyyat-tranzit cəlbediciliyini daha da artıracaqdır
Prezidentin imzaladığı “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əsas məqsədi ölkəmizdə xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında rəqəmsal mühitin yaradılması, eləcə də yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin formalaşdırılmasıdır. Fərmanla Azərbaycanda “Bir pəncərə” informasiya sistemi yaradılacaqdır.
Sistemin əhəmiyyəti, sistemdən gözləntilər ilə bağlı məsələləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun fikrincə Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə uzlaşan, bu mövqeyi daha da möhkəmləndirən zamanında qəbul edilmiş siyasi qərarlar ölkəmizi Avrasiya məkanında aparıcı nəqliyyat-tranzit qovşağına çevirmişdir. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsiş-məsində yerləşən Azərbaycan Respublikası uzunmüddətli və zəngin nəqliyyat-tranzit potensialına malikdir. Bu gün Azərbaycan, dünyanın yük axınlarında daha çox paya sahib olmaq üçün geniş imkanlara malikdir. Xüsusilə, Orta dəhliz Çin-Avropa arasında baş verən, illik 700 milyard dollardan da çox olan, yük dövriyyəsində cəlbedici marşrutlardan biridir.
Bununla belə, regionda Çin- Orta Asiya – Qərbi Asiya (əksər mənbələrdə İran-Mərkəzi Asiya dəhlizi kimi qeyd edilir), Hindistan – Yaxın Şərq – Avropa, Çin-Pakistan dəhlizi, Trans-Əfqanıstan dəmir yolu layihəsi və s. çoxsaylı nəqliyyat layihələrinin reallaşdırıldığı bir dönəmdə, Orta dəhlizin cəlbediciliyinin qorunması və artırılması, Azərbaycanın nəqliyyat-tranzit imkanlarının çevik və əlverişli şəkildə reallaşdırılması əsas çağırışlar kimi dəqqəti cəlb edir.
Bu mənada, Azərbaycan Respublikası Prezidentinin “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 15 dekabr 2025-ci il tarixli Fərmanı müasir dövrün çağırışlarından irəli gələn bir zərurətdir. Aqil Əsədov bildirir ki, müasir dünyada rəqabət mübarizəsinin əsas istiqamətlərindən biri əlverişli nəqliyyat-kommunikasiya çıxışlarına sahib olmaqdır və bu mübarizədə üstünlük qazanmağın başlıca şərtlərindən biri mövcud imkanların daha çevik və səmərəli şəkildə reallaşdırılması, eləcə də yeni texnika və texnologiyaların intensiv tətbiqidir. Bu baxımdan dövlət başçısının imzaladığı Fərman strateji çağırışlara cavab verən, vaxtında qəbul edilmiş və ölkənin nəqliyyat-logistika potensialının gücləndirilməsinə xidmət edən mühüm qərar kimi qiymətləndirilir.
Rəqəmsallaşma, süni intellektin müxtəlif iqtisadi proseslərə yaxından nüfuz etməsi idxal-ixrac, nəqliyyat-logistika proseslərinin də çevikləşdirilməsini, bu sahəyə dair proses-lərin “Bir pəncərə”dən idarə olunmasını zəruri edir. Bu iqtisadi proseslər üçün tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin, nəqliyyat vasitələrinə və daşınan mallara dair sənədlərin və məlumatların, yükdaşıma və digər müqavilələrin elektron qaydada, “Bir pəncərə” sistemi vasitəsilə, təqdim edilməsi, sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumatların sistem üzərindən elektron şəkildə izlənməsi, eləcə də istifadəçilərin elektron müraciətlərinin qəbulu və cavablandırılması, bütün hərəkət marşrutu boyunca daşınan yüklərin izlənilmə imkanının yaradılması, elektron ödənişə şərait yaradılması və beləliklə də idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması ilə yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi Azərbaycanın qoşulduğu nəqliyyat dəhlizlərini daha cəlbedici edəcəkdir. Fərmanın icrası nəqliyyat-tranzit proseslərinin çevik və şəffaf təşkilinə dəstək verməklə, idxal-ixrac proseslərinin intensivləşməsinə, tranzit daşınmaların həcminin artmasına və beləliklə də uzun illər öncədən formalaşdırılmağa başlayan infrastruktur təminatdan daha səmərəli istifadəyə imkan verəcəkdir.
İİTKM-in şöbə müdiri əlavə edir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadə verilməsi yeni və daha zəngin nəqliyyat-tranzit imkanları yaradacaqdır ki, adı çəkilən Fərmanın icrası həm də bu imkanların əlverişli şəkildə reallaşdırılmasına dəstək verəcəkdir. Beləliklə, dövlət başçısının “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 15 dekabr 2025-ci il tarixli Fərmanı, zamanında qəbul edilmiş qərar olaraq, yerli sahibkarların xarici bazarlara çıxışını daha da asanlaşdıracaq, sərhəd-buraxılış proseslərini sadələşdirərək nəqliyyat-tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirəcəkdir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib