Bank sektorunda fundamental inkişaf strategiyaları realizasiya edilib

Bank sektorunda fundamental inkişaf strategiyaları realizasiya edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

 departament rəhbəri Ayaz Museyibovun şərhi

 

Bank sektorunda makroiqtisadi inkişaf trendləri

Ötən il Azərbaycan özünün maliyyə sabitliyi siyasətini pandemiyanın təsiri ilə dünya iqtisadiyyatında resessiya, əhəmiyyətli qlobal risklərin artması, dünya maliyyə və əmtəə bazarlarında qeyri-sabitlik, əlavə olaraq regionda siyasi gərginliklərin artması şəraitində həyata keçirib. Makroiqtisadi siyasət sabitliyin qorunması şəraitində inflyasiyanın optimal səviyyədə saxlanılması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəlib.

Qarşıda duran əsas məqsəd və vəzifələrə uyğun olaraq, daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, yüksək inkişaf potensialına malik maliyyə-bank sisteminin formalaşdırılması istiqamətində davamlı tədbirlər icra edilib. Bunun nəticəsidir ki, son 10 ildə ölkənin strateji valyuta ehtiyatları 2 dəfəyə yaxın artaraq 49,1 milyard ABŞ dollarına çatıb, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 6,4 milyard ABŞ dolları təşkil edib. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində makroiqtisadi sabitlik bərpa edilib, maliyyə-bank sisteminin dayanıqlılığının artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub, ümumi iqtisadi artımın ressesiv zonadan çıxması fonunda bank sektorunda müşahidə olunan sabitləşmə meyilləri mötədil iqtisadi aktivliklə əvəz olunub.

Pandemiyanın təsiri ilə 2020-ci ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar ilin ikinci yarımilindən etibarən stabil qalıb, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan kənarlaşıbBank sektorunun aktivləri 2021-ci il ilin aprel ayında 32,7 milyard manat səviyyəsində stabil olaraq qalıb ki, bu da 2016-cı illə müqayisədə 1,3 milyard manat və ya 4,3 faizlik artım deməkdir. Digər mühüm bir göstərici kimi isə 2016-cı ildə bank sektorunun xalis zərəri 1,6 milyard manat təşkil etdiyi halda, 2020-ci ilin yekunları üzrə 567,8 milyon manat xalis mənfəət əldə edildiyini qeyd edə bilərik. 2020-ci ilin nəticələrinə əsasən maliyyə dərinliyi əmsalı olan cəmi aktivlərin qeyri-neft ÜDM-ə nisbəti 63% təşkil edib. Ötən müddət ərzində bank sektorunda başlayan canlanma işçi sayında da öz əksini tapıb. Belə ki, 2021-ci ilin aprel ayına olan rəsmi statistikaya əsasən 2016-cı ilin sonu ilə müqayisədə bank sektorunda işçi sayı 11 % artıb (18,893-16,947) ki, bu da sektorda əhəmiyyətli canlanmanın baş verdiyini göstərir.

Bank sisteminin maliyyə göstəricilərinin təhlili də ötən müddət ərzində banklarda dayanıqlılıq göstəricilərinin artdığını göstərir. Aktivlər və kapital üzrə gəlirlilik əmsalları da son 1 il ərzində müsbət rəqəmlərlə ifadə olunub. Azərbaycan Banklar Assosiasiyasının müvafiq məlumatlarının təhlili onu göstərir ki, sektorda 2016-cı ildə zərərlə işləyən banklar sektorun 50 faizini təşkil edirdisə (16 bank), 2021-ci ilin 1-ci rübünün nəticələrinə əsasən bu göstərici cəmi 8 faiz (2 bank) olub.

2020-ci ildə ölkədə ayrı-ayrı maliyyə institutlarının sağlamlaşdırılması və fəaliyyətinin tənzimlənməsi məqsədilə mikroprudensial siyasət çərçivəsində 4 bankın fəaliyyətinə xitam verilib. İcra olunmuş tədbirlər və qəbul olunmuş normativ-hüquqi sənədlər maliyyə sektorunun sabitliyini artırmaqla bərabər, yerli maliyyə instutlarının da güclənməsi və bazar inamının artmasına şərait yaradıb. Bununla belə, cari dövr ərzində əldə olunmuş nailiyyətlərə baxmayaraq, bank sektorunun ölkənin iqtisadi inkişaf strategiyasına uyğunlaşdırılması üçün gələcək inkişaf strategiyalarının da realizasiyası arzuolunan hesab olunur.

Kredit ekosisteminin sağlamlaşdırılması

Kredit portfellərinin əsas keyfiyyət göstəricilərindən hesab olunan qeyri-işlək kreditlərin xüsusi çəkisi (QİK əmsalı) 2021-ci ilin ilk 4 ayının göstəricilərinə əsasən 6,1 faizə enib. Qeyd edək ki, bu göstərici Azərbaycanda bu sahədə 2015-ci ilin neft böhranından sonra qeydə alınmış ən pozitiv göstəricidir. Əslində bu göstəricinin özü sektorun sağlamlaşdırılmasının əsas siqnallarından olmaqla yanaşı, bank sisteminin kredit portfellərinin risk yükü və ümumi kredit faizlərinin azalmasına da müsbət təsir edən amillərdəndir. Bu göstərici, həmçinin, 2017-ci ilin “neqativ bumu” ilə müqayisədə (QİK əmsalı, 15,5 faiz) 2,5 dəfə azalma deməkdir ki, bunun da azalması öz növbəsində bank sisteminin kredit xərclərinin azaldılması və nəticədə aşağı kredit faizlərinin formalaşması və daha sağlam kredit hesabatlığı mədəniyyətinin formalaşmasına müsbət təsir edəcəkdir. Onu da qeyd edək ki, qeyri-işlək kredit portfelinin son illər davamlı olaraq azalması Azərbaycanı bu sahədə Şərqi Avropa və MDB məkanında müvafiq istiqamətdə ən uğurlu nəticələrə nail olan ölkələrdən birinə çevirib. Əlbəttə, bu göstəricilərə biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli və davamlı strateji fəaliyyətlərin nəticəsi olaraq nail oluruq. 

Azərbaycanda bank sisteminin formalaşmış potensialı və ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu sahədə daha da müsbət irəliləyişlərə nail olmaq imkanları çağırışlarla müşayiət olunsa belə, kifayət qədər genişdir. Eyni zamanda sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri kimi uzunmüddətli krediləşmə meyillərinin artmasını qeyd edə bilərik. Uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi 2021 - ci ilin ilk 4 ayının nəticələrinə əsasən  82,5 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici 2015-ci ildə 75,6 faiz, 2005-ci ildə isə cəmi 36 faiz təşkil edib. Pandemiyanın mənfi nəticələrinə baxmayaraq, bu istiqamətdə mənfi tendensiya qeydə alınmayıb. Bu göstəricinin artması özlüyündə sektorda inamın yüksəlməsi və müştəri-bank münasibətlərində keyfiyyətcə və məzmunca daha dayanıqlı münasibətlərin qurulmasının nəticəsidir. Ötən müddət ərzində kredit portfellərində dedollarizasiya prosesləri də müşahidə olunub, manatla verilmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 2020-ci ildə 2019-cu illə müqayisədə 4,9 faiz artmaqla 70,2 faizə çatıb. 2021-ci ilin ilin ilk 4 ayının nəticələri də bu istiqamətdə müsbət trendlərin müşahidə olunduğunu göstərir və müvafiq göstərici ilin əvvəlindən 2,1 faiz artmaqla 72,3 faizə çatıb.

Depozit ekosisteminin inkişaf trendləri

Məlum olduğu kimi, 2015-ci il dünya neft böhranından sonrakı proseslərin iterativ davamı olaraq, hüquqi şəxslərin depozitləri 2017-ci ildə 19 milyard, fiziki şəxslərin əmanətləri isə 6,8 milyard manata qədər azalıb. Bu ilin aprel ayında isə banklarda yerləşdirilmiş depozitlərin həcmi 22,4 milyard manat ətrafında stabilləşmə nümayiş etdirib,  fiziki şəxslərin əmanətlərinin həcmi isə 8,3 milyard manat olub. 2001-ci illə müqayisədə hüquqi şəxslərin depozitləri 58 dəfə, fiziki şəxslərin əmanətləri isə 71 dəfə artıb. Bu iki göstəricinin artması, həm iqtisadi inkişafın elementləri, həm də bank sektoruna inamın müsbətə doğru dəyişməsinin inikasiyası hesab oluna bilər. Onu da qeyd edək ki, həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə 2020-ci ildə qeydə alınmış cüzi azalma lisenziyası ləğv olunmuş banklarla bağlı olub və bu volatillik sistem əhəmiyyətli risk hesab edilmir. 

Son illərdə müşahidə olunmaqda olan əmanətlərin və depozit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. Depozitlərin tərkibində manatın xüsusi çəkisi 46,5%-ə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur. Müvafiq göstərici 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir və məlumat üçün bildirək ki, bu göstərici 2015-ci ilin dekabr ayında 15,3 faizə qədər azalıb. Depozitlərin dedollarizasiyası üzrə 2020-ci ildə 4, 9 faiz, bu ilin ilk 4 ayında isə 2,9 faizlik artım qeydə alınıb.

Müddətli depozitlərin xüsusi çəkisi isə 39,7 faiz təşkil edib. Bu göstəricinin daha yüksək olması əlbəttə ki, bank sektoruna inamın daha yüksək olmasına xidmət edərdi, lakin indiki halda, tələb olunan depozitlərin çəkisinin artması investisiya fəallığının yaratdığı likvidliyə tələblə də izah oluna bilər. Eyni zamanda təsadüfi deyildir ki, uzunmüddətli kreditlərin xüsusi çəkisi artmaqdadır. Bu zaman nəzərə alınmalı yeganə məqam banklar tərəfindən risklərin düzgün hesablanması, mitiqasiya alətlərinin işləkliyi və kredit və depozitlərin müddətləri arasındakı fərqliliyin hər hansı sistematik bank riskinə çevrilməsinə imkan verilməməsidir.

İnfrastrukturun inkişafı üzrə realizasiya olunmuş islahatlar

Azərbaycan bank sisteminin davamlı fəaliyyəti üçün Milli ödəniş sistemi, Hökumət ödəniş portalı, Mərkəzi kredit reyestri, Banklararası kart mərkəzinin fəaliyyəti təmin edilib. Ölkədə ilk dəfə xüsusi blokçeyn platforması tətbiq edilməklə Rəqəmsal İdentifikasiya Sistemi real istismara verilib. Bu layihənin inkişafı bank sistemində məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması ilə bərabər, sektorda inam mühitinin formalaşmasında çox mühüm rol oynayacaqdır.

Ötən müddət ərzində aparılmış islahat tədbirləri çərçivəsində kredit faizlərinin aşağı salınması, sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən 3 vacib mexanizmin tətbiqi və Kredit bürosu, Daşınar əmlakın yüklülüyü reyestri, İpoteka və kredit zəmanəti fondunun fəaliyyətinə nail olunub. Ötən dövr ərzində sığorta sektorunda da institusional islahatlar həyata keçirilib, İcbari Sığorta Bürosu, Aqrar Sığorta Fondu, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC kimi institusional qurumların fəaliyyəti təmin edilib.

Son dövrlər bank sistemində atılmış ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) istismara verilməsi də qeyd edə bilərik. Belə ki, AÖS-ün istismara verilməsi monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində icra edilmiş tədbirlərdən biridir.  AÖS-ün istismara verilməsi nəticəsində QR kod  funksionallığının tətbiqi və internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqlarının istifadəyə təqdim edilməsi təmin olunub. Gözləntilərimiz ondan ibarətdir ki, AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına yeni təkan verəcəkdir.

Bank sistemində yaradılmış digər mühüm bir yenilik isə kreditləşmə prosesləri üçün avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqinə imkan verəcək və beynəlxalq metodologiyalara əsaslanan yeni kredit skorinqinin tətbiq olunmasıdır. Bu sistemin tətbiqi isə, əgər banklar tərəfindən müvafiq qaydada istifadə olunarsa, anderraytinq proseslərinin avtomatlaşdırılması, kreditləşmə proseslərinin bank əməliyyatları termini ilə ifadə etsək “anında” aparılmasına imkan yaradacaqdır. Ən vacib məqam ondan ibarətdir ki bu mexanizmlərin tətbiqi elə bir inkişaf layihələridir ki, bank xidmətlərindən istifadə edən hər bir kəs ödəniş və kredit ekosistemləri üzrə xidmətlərin keyfiyyətinin artmasını öz həyatında birbaşa hiss edəcəkdir.

Pandemiyanın təsirləri ilə mübarizə

2020-ci ildə pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılmış, requlyativ nəzarət prosesləri üzrə güzəştlər verilib, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilib. Müvafiq proqrama əsasən kreditlər restruktrizasiya edilərkən kreditlərin keyfiyyətinin pisləşdirilməsinə yol verilməməsi, nisbətən “yumşaq prudensial çərçivə”yə keçid, kapitalın adekvatlığı indikatorları üzrə banklara 5 əsas istiqamətdə mühüm dəstək, maliyyə əlçatanlığı və ya kredit hesabatlılıq sistemləri üzrə dəstək və rəqəmsallaşma istiqamətində geniş miqyaslı dəstək tədbirləri icra edilib. Buna müvafiq olaraq, bank sistemi də yeni şəraitə uyğun fəaliyyətini qura bilib.

 

 

Yeni inkişaf perspektivləri

Maliyyə-bank sisteminin makroiqtisadi inkişafa müsbət təsirlərinin artırılması məqsədi ilə bu xidmətlər və real sektorun münasibətləri üzrə korporativ idarəetməyə dair strateji çərçivənin formalaşması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan dünyada mövcud olan əsas üç modelin (Anqlo-Amerikan, Almaniya və Yaponiya korporativ modeli) nəzərdən keçirilməsi yetərli hesab edilə bilər. 

Eyni zamanda, ölkə bankları “inkişaf bankı” statusuna keçərlərsə biznesin bütün səviyyələrində (biznes planların tərtibi, xarici tərəfadşların tapılması, bazarlara giriş, marketinq və s.) gəlir əldə etməklə faiz gəlirlərindən asılılığı azalda bilərlər. Bu, həm də real sektorun inkişafına müsbət təsir göstərərdi. Azərbaycanda islam maliyyəsinin inkişafı da xarici investisiyaların (xüsusən də, Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Hazırda dünyanın nəhəng bankları hesab edilən HSBC, Citi Bank, Lloyds TSD (U.K.), Deutsche Bank, UBS, Royal Bank of Scotland banklarında İslam pəncərələri (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılıb. İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin, kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur və bununla da artım və iqtisadi inkişafa dəstək  olur.

Beləliklə, ötən illərin statistik göstəriciləri Azərbaycan bank sektorunun önəmli inkişaf yolu keçdiyini göstərir. Eyni zamanda pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərib.

Yekun olaraq  qeyd edək ki, Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən kredit alınması indikatoruna görə Azərbaycan 190 ölkə arasında ən yüksək nəticə əldə edərək birinci yerə yüksəlib. Bu isə, ölkəmizin bütün sahələrdə olduğu kimi, maliyyə-bank sektorunda da ən yaxşı nəticələr əldə etməyə müfəssər və kifayət qədər inkişaf potensialına malik ölkə olduğunu göstərir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R