Vüsal Qasımlı BMT-nin tədbirində Vətən müharibəsinin uğurlarından danışdı

Vüsal Qasımlı BMT-nin tədbirində Vətən müharibəsinin uğurlarından danışdı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Orta Asiya iqtisadiyyatı üçün xüsusi proqramının (SPECA) təşkil etdiyi “2020 SPECA İqtisadi Forumu”nda açılış sessiyasında çıxış edib. "Covid-19 dönəmində sosial-iqtisadi bərpa üçün regional əməkdaşlıq" mövzusunda keçirilən konfransda İİTKM-in icraçı direktoru əvvəlcə Azərbaycanın Vətən müharibəsi haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində müzəffər qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. V. Qasımlı əlavə edib ki, Azərbaycan torpaqları tamamilə azad edildikdən sonra ölkə iqtisadiyyatında yeni bir dönəm – post-konflikt quruculuğu dönəmi başlayır.

Vüsal Qasımlı bildirib ki, Covid-19 pandemiyası dövründə Azərbaycanın iqtisadi siyasəti həssas sahələri əhatə etməklə şokların təsirini minimuma endirmək və post-pandemiya dövrünə hazırlıq məqsədi daşıyıb. Bu məqsədlə Azərbaycan hökuməti pandemiyadan zərər çəkmiş kiçik və orta sahibkarlara, həmçinin sosial cəhətdən həssas qruplara maliyyə yardımları ayırıb.

İcraçı direktor bildirib ki, Azərbaycan həm də beynəlxalq səviyyədə COVİD-19 ilə mübarizədə öz töhfəsini verib: “Qoşulmama Hərəkatının lideri kimi Azərbaycanın təşəbbüsü ilə müzakirələr təşkil olunub, 30-dan artıq ölkəyə və Dünya Səhiyyə Təşkilatına yardımlar edilib.”

            10-dan artıq ölkənin nümayəndəsinin iştirak etdiyi konfrans zamanı Vüsal Qasımlı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən bir sıra innovativ layihələr barədə də məlumatlar təqdim etdi. O bildirib ki, sərhədlərarası ticarətin asanlaşdırılması və sənədsiz ticarət dövriyyəsi üçün Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (DTH) unikal layihədir. Belə ki, elektron və mobil rezidentlik sahibkarlara dünyanın istənilən bir yerindən Azərbaycanda onlayn olaraq iş qurmağa və idarə etməyə imkan verir. Rəqəmsal Ticarət Qovşağı həmçinin dövlət - özəl əməkdaşlıq platforması olaraq davamlı qarşılıqlı inteqrasiya və texnoloji transformasiya üçün böyük rola malikdir.

V. Qasımlı Azərbaycanın daha bir innovativ layihəsi olan Azexport.az portalı barədə də danışıb. O bildirib ki, bu portal vasitəsi ilə Azərbaycan yerli məhsullarını dünya bazarlarına çıxarmaq imkanı əldə edir.

Vüsal Qasımlının ingilis dilində çıxışına təqdim olunan link vasitəsi ilə baxa bilərsiniz:

https://youtu.be/RjQZa4drQac

Font size

A A A

Site color

R R R