“İxrac icmalı”nın aprel sayı təqdim olunub

“İxrac icmalı”nın aprel sayı təqdim olunub

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı  birinci olub. Bu siyahıda qızıl ikinci,  xurma isə üçüncü yerdə qərarlaşıb.

 2021-ci ilin birinci rübü ərzində Türkiyəyə  163,1   milyon, Rusiyaya 129,8   milyon, İsveçrəyə 44,7   milyon, Gürcüstana  38    milyon və ABŞ  18,3   milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü ( 9,7 milyon ABŞ dolları) olub.

 2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı  (9,7 milyon ABŞ dolları) üçüncü olub.

  2021-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon,  kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon,  heyvan mənşəli piylər və yağlar  ixracı  8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon ABŞ dolları təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.

2021-ci ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC,  "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Metal Trader LTD" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Critical və “Aqrovest” MMC.

  Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan və 150 min ABŞ dollarından artıq ixrac həyata keçirən şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azəripək” MMC.

 

Son illər Prezident İlham Əliyevin sahibkarlığın müxtəlif sektorlarına göstərdiyi diqqət və qayğı xidmət sahəsində də ixracın şaxələnməsinə səbəb olub. Azərbaycanın iqtisadi böyümə yolunda ixracın yalnız mal və məhsullar sahəsində deyil, həmçinin xidmət sahəsində də şaxələnməsi əsas hədəflərdən biridir.

“İxrac icmalı”nda göstərilib ki, 2020-ci ildə Azərbaycanın makroiqtisadi sabitliyinin dayanıqlığına dəstək olan xidmət ixracı Mərkəzi Bankın tədiyyə balansına istinadən olaraq müəyyənləşib. 2020-ci ilin yekunlarına görə nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bura yük daşımaları xidməti üzrə 1,1 milyard ABŞ dolları, sərnişin daşımaları üzrə 36,3 milyon ABŞ dolları, digər nəqliyyat xidmətləri ixracı üzrə isə 118,3 milyon ABŞ dolları daxildir. Habelə, turizm xidmətləri üzrə 47,4 milyon ABŞ dolları, tikinti xidmətləri üzrə 28,9 milyon ABŞ dolları, maliyyə xidmətləri üzrə 9 milyon ABŞ dolları, digər işgüzar xidmətlər üzrə isə 542 milyon ABŞ dolları təşkil edib.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2021-ci ilin yanvar-mart aylarıda “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

 Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. 2021-ci ilin birinci rübü ərzində Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 83,9 milyon manatlıq əməliyyat aparıb.  2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.

 “İxrac İcmalı”nda 2021-ci ilin mart ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. 2021-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 131,2  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin mart ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42  milyon ABŞ dolları təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 mart tarixinə kimi (51 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 327  milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin aprel ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 milyon ABŞ dolları təşkil edib.

"İxrac İcmalı" ilə iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.

Qeyd: “İxrac İcmalı”nı İİTKM-in departament rəhbəri Nicat Hacızadə təqdim edir.

Font size

A A A

Site color

R R R