İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın ikinci sayını təqdim edib. Bu dəfəki statistik bülleten 2022-ci ilin yanvar-iyun ayları üzrə əsas iqtisadi göstəriciləri əhatə edir. “Türk iqtisadi icmalı”nın ikinci sayı da iki bölmədən ibarətdir: Birinci bölmədə Türk Dövlətləri Təşkilatının üzvlərinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
İcmalın Türk Dövlətləri Təşkilatı üzvlərinə ümumi baxış statistikasında göstərilib ki, Türk dövlətlərinin ÜDM-i 1138.48 milyard ABŞ dolları, ticarət dövriyyəsi 536,08 milyard ABŞ dolları təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin ilk altı ayında Türkiyə iqtisadiyyatı 7,6 faiz, Azərbaycan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,4 faiz, Qırğızıstan iqtisadiyyatı 6,3 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,4 faiz böyüyüb. Dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 100.6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 75 955 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 13 171.6 milyon ABŞ dolları) və Qazaxıstan (ticarət balansı 20 788.8 milyon ABŞ dolları) malikdir. İlin ilk altı ayı ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir. Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin birinci yarısı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.
“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdə https://bit.ly/3C9PQq5, ingilis variantı ilə bu linkdə https://bit.ly/3C9QbJn, rus variantı ilə bu linkdə https://bit.ly/3DJSnbC, türk variantı ilə bu linkdə https://bit.ly/3DNQ0o3, özbək variantı ilə bu linkdə https://bit.ly/3fcdHfG, qazax variantı ilə bu linkdə https://bit.ly/3LxTXPs və qırğız variantı ilə isə bu linkdə https://bit.ly/3C9QbJn tanış olmaq mümkündür.