11 iyun 2026, 14:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Nəqliyyat icmalı-2026” nəşrinin ingilis dilində versiyası ictimaiyyətə təqdim edilib.

Nəşrdə Azərbaycanın nəqliyyat sektoru üzrə əsas göstəricilər, nəqliyyat növləri üzrə yük və sərnişin daşımalarının dinamikası, tranzit yükdaşımaların əsas beynəlxalq nəqliyyat dəhlizləri üzrə inkişaf meyilləri, həmçinin ölkədə həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri əhatəli şəkildə təqdim olunur.

İcmalda nəqliyyat sektorunun makroiqtisadi göstəricilərdə payı, nəqliyyat xidmətlərinin idxal və ixrac statistikası, avtomobil, dəmir yolu, hava, metro, dəniz və boru kəməri nəqliyyatı üzrə 2024–2025-ci illərin müqayisəli göstəriciləri yer alıb. Eyni zamanda, nəqliyyat sahəsindən əldə olunan gəlirlər, yük və sərnişin dövriyyəsi ilə bağlı məlumatlar da nəşrdə öz əksini tapıb.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının ideya müəllifi olduğu icmalda ayrı-ayrı nəqliyyat növlərinin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də yer verilib. Xüsusilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” çərçivəsində görülən işlərin nəticələri, rəqəmsallaşma, mikromobillik, tramvay  xətləri ilə bağlı məlumatlar icmalda əksini tapıb.

“Nəqliyyat icmalı” Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin nəticələrinin təbliği və icrasına dəstək məqsədilə hazırlanıb.

“Nəqliyyat icmalı-2026” İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov və sektor müdiri, iqtisad üzrə fəlsəfə doktoru Arzu Süleymanov tərəfindən hazırlanıb. Məsləhətçi nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev, qrafik dizayner Elvira Zeynalovadır.

İcmalın ingilis dilində olan versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://ereforms.gov.az/files/review/pdf/en/556fe25b3aa1777fd14193ffd53e0a90.pdf


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az