İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat perspektivi" mövzusunda alt-işçi qrupunun toplantısı keçirilmişdir. Azərbaycanda yeni iqtisadi modelin ətrafında fikir mübadiləsi aparılmışdır. Xüsusilə fiskal dayanıqlılıq və orta müddətli xərclər çərçivəsi barədə müzakirələrdə qeyd edilmişdir ki, ölkə qısa və uzun müddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir. Pul kütləsi və faiz dərəcələrinin gücləndirilmiş koordinasiyası, çevik məzənnə siyasəti və effektiv makroiqtisadi koordinasiya çərçivəsi barədə müzakirələr aparılmışdır. Eyni zamanda iqtisadiyyatın ixtisaslaşdırılması istiqamətində müvafiq təkliflər də verilmişdir.
Müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və digər qurumların nümayənədələri iştirak etmişdilər. Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilmişdir. Qeyd edilməlidir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə müzakirə platformaları təşkil olunub.