12 July 2016, 15:35

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun imzalanaraq qüvvəyə minmişdir. Bu qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin ölkədən çıxarkən qaytarılmasını təsbit edir. Qanun həmçinin Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət forması, vergi ödəyicisinin qeydiyyatı, müvafiq proqram təminatı və texniki avadanlıqla təchiz edilməsi, sistemin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılması, ƏDV-nin qaytarılacağı malların təyinatı və s. məsələlərin tənzimlənməsini əks etdirir. Eyni zamanda “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirmişdir ki, bununla da Azərbaycanda turizmin inkişafı məqsədilə beynəlxalq təcrübədə özünü sübut etmiş daha bir mexanizm “Tax Free” sistemi tətbiq ediləcək. Ölkəyə beynəlxalq və regional turist axını, turizm və pərakəndə ticarət sektoruna dəstək göstərilməsi, yerli istehsalın stimullaşdırılması və bu sahələrdə əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edən bu sistemin beynəlxalq təcrübədə tətbiqi təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, Avropa Birliyinə üzv dövlətlər, “Böyük İyirmilik” ölkələrinin 70 faizi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvlərinin 90 faizi, region ölkələrindən isə Türkiyə və Gürcüstan “Tax Free” sistemini tətbiq edirlər. Bu sistemə görə xarici turistlərin ölkə ərazisində alınmış mallara görə ödədikləri istehlak vergiləri (Azərbaycanda əlavə dəyər vergisi) həmin mallar ölkə ərazisindən ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir ki, ƏDV üzrə büdcə daxilolmalarında müşahidə olunacaq azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət dövriyyəsi üzrə vergitutma bazasının genişlənməsi hesabına qısa müddət ərzində kompensasiya olunacaq.

Azərbaycanda manatın devalvasiyası turistlər üçün ölkəmizdə qiymətləri əvvəlkinə nisbətən daha cəlbedici etmişdir. “Tax Free” sisteminin tətbiqi ilə qiymətlərin xarici turistlər üçün daha da azalması turizm sektoruna əlavə dəstək verəcəkdir. “Tax Free” turizmlə bağlı olan nəqliyyat, logistika, otel, əyləncə, ərzaq, içkilər, kənd təsərrüfatı və turistlər üçün cəlbedici olacaq - xalça, suvenir və geyim əşyaları kimi istehlak malları sektorlarının stimullaşdırılması deməkdir. Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata verəcəyi töfhələr arasında alış-veriş həcmi getdikcə öz əhəmiyyətini artıracaqdır. Bu mənada ölkəmizdə “Tax Free”nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət edəcəkdir.

Yeni qüvvəyə minmiş Qanun və Fərman "Tax Free" sisteminin elektronlaşdırılması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və sadələşdirilmiş prosedurların tətbiqi məqsədilə, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti birlikdə müvafiq işlər görəcəklər. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini həyata keçirəcəklər.

Qeyd etmək lazımdır ki, turizm sektorunda davamlı islahatlar "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində də öz əksini tapmışdır.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az